“Fars boğazı”

fars-bogazi-
Oxunma sayı: 652

Son vaxtlar isə “fars boğazı” ilə danışanlarımızın sayı yaman artıb. İndi onları təkcə yas mağarlarında deyil, televiziya, radio efirlərində, internet saytlarında da eşitmək olur. Siyasətimizə də nüfuz etməkdədir “fars boğazı”. Azərbaycan vətəndaşı iki halda “fars boğazı” ilə danışmağı özünə rəva bilər. Ya cahilliyindən, ya da xainliyindən. Çünki...

***
Qarabağın işğalından sonra yaşayış məntəqələrinin hansı vəziyyətə salındığını söyləməyə lüzum yoxdur. Amma bir məqamı yada salmaq mütləq lazımdır. Sökülənlərin bir hissəsinin İrana daşındığını. Bu barədə hamı bilir. Sadəcə, yada saldım. Bax bu, “fars boğazı”nda səslənən “melodiya”nın bir avazıdır.

***
Sözsüz ki, birinci avaza “ayaq” vermək mütləq lazım idi. Məsələ ondadır ki, 1993-cü ildən, yəni Qarabağın cənubu işğal olunduqdan sonra Azərbaycanın İran İslam Respublikası ilə sərhədləri də işğal altına düşdü. Belə vəziyyət həm işğalçı, həm də İran tərəfini qane edirdi. Birincisi, Qarabağdan daşınan yüklər məhz sərhədin işğal altında olan hissəsindən həyata keçirildi. İkincisi, sərhəddə əmələ gələn bu “dəlik” sonradan narkotrafik üçün yeni marşrut açmış oldu. Bu da “fars boğazı” idi.
İşğal altında olan sərhəddə əmələ gəlmiş “dəlik” barədə 1997-ci ildə İranın Azərbaycandakı səfirinə ünvanladığım sualma “fars avazı” ilə “belə suallar iki xalq arasında soyuqluq yaradılmasına yönəlib” cavabını aldım.

***
Söhbət sərhəddən və narkotikdən düşmüşkən. Son vaxtlar sərhədimizdə və sərhədçilərimizin arasında baş verənlər cəmiyyətin diqqət mərkəzindədir. Sərhədçilərimizin rəsmi surətdə dilə gətirə bilmədiyi bir fakti diqqətinizə çatdıracam. Birmənalı deyə bilərəm ki, İran sərhədçiləri narkotik qaçaqmalçılara himayədarlıq edir. DSX-da bunu sübut edən xeyli faktlar var. Dediyimi sübut edən bir fakt. Azərbaycanda son illər narkotik aludəçilərinin sayı cənub bölgəsində daha çox artıb. Bunun nəticəsidir ki, cənub bölgəsində QİÇS-ə yoluxanların sayının artım tempi də ümumən Azərbaycanla müqayisədə daha yüksəkdir. Dini ehkamlara daha diqqətli olan bu bölgədə yaranmış situasiyanın bir izahı var – “fars boğazı”.

***
Qayıdaq Qarabağa.
İndi nəzarətsiz ərazi olan Qarabağ anti-İran məqsəd üçün dünyanın güc mərkəzlərinin diqqətindədir. Necə deyərlər, “gen qaz, dərin qaz, özün düşərsən”. İndi müxtəlif xüsusi xidmət orqanları işğal altında olan nəzarətsiz ərazilərə nəzarət uğrunda soyuq savaşa başlayıb. Sözsüz ki, bu məsələdə Ermənistan müəyyən dividentlər əldə etmək niyyətindədir.
İran liderlərinin “fars boğazı” ilə izhar etdikləri erməni sevgisinə baxmayaraq, Ermənistan tərəfi işğal altında olan əraziləri müəyyən dividentlər naminə anti-İran qüvvələrin nəzarətinə verməyə hazırdır.
Müxtəlif mənbələrdən alınan məlumata görə, son illər İranın Qərblə münasibətlərinin gərginləşməsi Qarabağa açılan “sərhəd dəliklərini” “daraldıb”.
Hələlik Azərbaycan baş verənləri, o cümlədən Qarabağ uğrunda xüsusi xidmət orqanlarının mübarizəsini müşahidə edir və məsələlərin pərdə arxasında müzakirəsinə üstünlük verir. Əslində, hazırkı situasiyada bu taktikanı məqbul hesab etmək olar. Çünki həlli çətin və indiki şəraitdə mümkün olmayan məsələlərin ictimai müzakirə predmetinə çevrilməsi müsbət heç nə vəd etmir. Qarabağa nəzarəti bərpa etmədən orada baş verənlərə müdaxilə imkanları təbii ki, sıfıra bərabərdir.

***
Sadaladıqlarım “fars boğazı”nın bəzi xırdalıqları idi. Bizim “fars boğazı”nda danışanların nitqində isə qəribə bir “Şeyx Nəsrullah” avazı da hiss olunur. “Fars boğazı”nda danışan “Şeyx Nəsrullahlar”ın dediklərinə qulaq asanların isə bir adı var – “ölülər”.