Fars millətçiliyinin üç üzü - I Yazı

fars-milletciliyinin-uc-uzu-i-yazi
Oxunma sayı: 916

1997-ci ildə Xatəminin iqtidara gəlməsindən sonra dini cəmiyyət təəssüratı oyadan İran ictimaiyyətində daxili narahatlıqların mövcudluğu müşahidə olunmaya başlanmışdır. Dövlətin içində mövcud olan ziddiyyət və cəmiyyətin açıq şəkildə görünən yeni istək və təmayülləri İranı yenidən tanıma məcburiyyətini doğurmuşdur. İctimaiyyət məşruiyyətini (legitimlik) itirmiş dövləti və öz daxilində qurumlaşmış bütün düşüncələri tənqid və mühakimə etməyə başlamışdır. «İnqilab», «şəddət» və «bir sıra ifratçılıqlar» ölkəsi olan İranda sivil cəmiyyət, demokratiya, islahat, əksəriyyətçilik və dini tolerantlıq meylləri meydana çıxmışdır. Bu ictimai təbəddülat İslam Respublikası imicinin iflası ilə yanaşı bir sıra ideologiya və fikirlərin çökməsini göstəriridi. Dövlətin məşruiyyət itkisindən sonra İranda yaşayan etnik qruplar da daha ciddi və geniş bir formada siyasi mübarizəyə cəlb edilmişdirlər. Separatçı dalğanın yüksəlişi İranda hegemon olan Fars millətçiliyi düşüncəsini də dəyişməyə məcbur etmişdir. İctimai dəyişmə ilə ayaqlaşmağa çalışan və bütün separatçı hərəkətləri öz daxilində əritməyə səy göstərən yeni bir millətçi təfəkkür meydana çıxmışdır. Yazının məqsədi bu millətçi cərəyanı dərk etməyə səy göstərmək və Fars millətçiliyi məfkurəsinin inkişafını müasir tarixin işığında aydınlatmaqdır. Fars millətçiliyi XIX əsrdən bu günə qədər 3 mühüm ideologiya formasında, müasir fars millətçiliyi, ənənəvi fars millətçiliyi və iranlılıq kimi təzahür etmişdir. Bu yazıda hər üç düşüncənin nəzəriyyə və ideologiya təməlləri ilə bu düşüncələrə sahib olan mütəfəkkirləri analiz etməyə çalışacağıq.

Birinci Mərhələ: Müasir Fars Millətçiliyi

Təməl məqsədi «qədim İran ehtişamı»-nı yenidən qurmaqdır. İran milli kimliyini, fars milli kimliyi olaraq qəbul etməkdədir. İslam əleyhdarı fikirlərə sahib olan müasir fars millətçiliyi qərb təmayüllüdür. İranda yaşayan xalqların Ari irqinə mənsub olduqlarını iddia edən və digər dillərdə danışan insanları farslaşdırmağa çalışan bir ideologiyadır. Bu ideologiya 1924-cü ildən 1979-cu ilə qədər Pəhləvi sülaləsi vasitəsi ilə iqtidarda olmuşdur.

1924-cü ildə Qacar sülaləsinin çevrilişlə yıxılmasından sonra müasir millətçilik iqtidara gəlmişdir. Müasir millətçilik də qərb əleyhdarı olaraq meydana çıxmışdır, amma inkişaf prosesində qərbliləşməyi mənimsəmişdi. Qərbin iqtisadi, siyasi və mədəni sahələrdə İrana girməsinə etiraz edən müasir fars millətçiliyi intişar üçün münbit şərait əldə etdi. Müasir fars millətçiliyi Məşrutə İnqilabı prosesində siyasi səviyyədə təmsil olunmağa başlamışdı. Müasir millətçilik, modernləşmə və qərbliləşməni ayrılmaz bir bütün olaraq öz içində birləşdirmişdi.

Müasir fars millətçiliyi nəzəriyyəsinin təməli Mirzə Fətəli Axundov, Mirzə Ağaxan Kirmani, Abdürrəhim Talıbov və Müstəşarüddövlə Təbrizi tərəfindən atılmışdır. Fars millətçiliyinin teorik təməlini atanların hamısı Azərbaycan türküdürlər. Müasir millətçiliyin nəzəri inkişafı Mirzə Mülküm xanla yeni bir mərhələyə qədəm qoymuşdur.

Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda bir erməni ailəsində dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda «Fəramuşxanə» adlı bir Mason təşkilatı qurmuşdur. «Qanun» qəzetini nəşr edən Mülküm xan müasir bir cəmiyyət qurmaq məqsədi güdürdü. Millətçilik onun təfəkküründə mərkəzi yer tutmurdu. Fəqət onun fəaliyyətləri fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur.

Mirzə Mülküm xanın hədəfi İranda qərb cəmiyyətlərinin analoqu olan bir cəmiyyət qurmaq idi və millətçilik bu nəzəriyyənin sadəcə bir ünsürü idi. Mirzə Mülküm «şeyx və vəzir» formasında iki cür millətçilikdən, ənənəvi və müasir millətçilikdən danışırdı. Onun fikrinə görə ənənəvi millətçiliyin təməlini din təşkil edir və ənənəvi millətçiliyin siyasi və ictimai səviyyədə təmsilçisi molla və şeyxdir. Müasir millətçiliyin təməlini isə dil təşkil edir və təmsilçisi nazirdir. Nazir, müasir dövlətin qurulmasının təzahürüdür. Mirzə Mülkümə görə milli birlik din vasitəsi ilə qurula bilməz. İranda dini müxtəliflik həddən çoxdur və dini fərqliliklər milli birliyin qurulmasına mane təşkil edir. Milli birlik dil birliyi ilə mümkündür.

Müasir fars millətçiliyi üzvlərinin əksəriyyətini Azərbaycan ziyalılarının təşkil etdiyi Demokrat Partiya vasitəsi ilə siyasi səhnəyə yol tapmışdır. DP Məşrutə dövründə Heydər Əmoğlu və yoldaşları tərəfindən qurulmuşdur. DP Seyid Həsən Tağızadə və Məhəmməd Əmin Rəsulzadə tərəfindən canlandırılmış və II dövr məclisində rəsmiyyət qazanmışdır. Bu partiya inqilabçı mahiyyətə sahib idi və təkamül vasitəsi ilə inkişafı qəbul etmirdi. Sərt və qısa müddətdə aparılacaq islahatların tərəfdarı olduğunu bəyan edirdi. DP-nın tələblərinə din və siyasətin ayrılması, torpaq islahatı, məcburi təhsil, nizami hərbi sistemin qurulması və Əyanlar Məclisinin ləğv edilməsi daxil idi.

DP-nın qənaətinə görə şərq üçün XX əsr qərbin XVII əsri idi. İran və digər şərq ölkələri XX əsrdə keçid dövrünü yaşamaqda idilər. İran feodalizmdən kapitalizmə keçməyə məcbur idi. Bu keçid dövrü üçün mərkəzləşdirilmiş dövlətə ehtiyac var idi. Mərkəzləşdirilmiş dövlət qurmaq üçün isə bütün dil və dini fərqlilikləri bir kənara atmaq, yeknəsəq və bir bütün olmaq lazım idi.

M.Ə.Rəsulzadənin baş redaktoru olduğu «İran-e No» (Yeni İran) qəzeti, DP-nin mətbu orqanı olaraq, siyasi mərkəzləşməni, ictimayi və milli birliyi dəstəkləyirdi. Məşrutə hərəkatı bütün icmaları birləşdirmə yolunda uğur qazana bilmişdi. Qəzetin məqsədi despotizmin yenidən iqtidara gəlməməsi üçün fars və türk milli kimliklərini unutdurmaq, mükəmməl, azad və bərabər İran milli kimliyini meydana gətirmək idi. İran-e No qəzeti bir növ etnik kökə bağlı olmayan İranlı kimliyi modeli fikrini ortaya atmışdı. İranlılıq üst kimliyi adı ilə bütün etnik, din və dil müxtəlifliyini öz içində əritmək məqsədi güdmüşdü. Qəzetin bir məqaləsində belə deyilirdi: «Bu gün İranda nə müsəlman, nə zərdüşti, nə erməni, nə yəhudi, nə fars və nə də türk vardır. İranda sadəcə iranlı vardır. Biz bir millətik.

DP iranlı kimliyini siyasi səhnəyə daşımışdı. Bu işdə DP-yə yaxınlığı ilə tanınan «Kavə» jurnalının müstəsna xidməti olmuşdur. Bu jurnal Seyid Həsən Tağızadə tərəfindən nəşr olunurdu. Seyid Həsən Tağızadə 1878-ci ildə Təbrizdə anadan olmuş, dini təhsil almış və Məşrutə hərəkatına qoşulmuş Azərbaycan türküdür. O, Məşrutə dövründə I çağırış Təbriz millət vəkili seçilmiş və Tehranda DP-nin liderliyinə yüksəlmişdir. Lakin o, terror və sui-qəsd təhlükəsi altında Berlinə mühacirət etməyə məcbur olmuşdur. Berlində DP-nin şöbəsini açmış və vətənpərvərlər cəmiyyəti təsis etmişdir. O, burada da «Kavə» jurnalı və başqa mətbu orqanlar vasitəsi ilə öz fikirlərini yaymaqla məşğul olmuşdu. Məmməd Əli Furuği və Məmməd Qəzvini kimi fars ziyalıları da «Kavə» ilə əməkdaşlıq edirdi. Həsən Tağızadə qərbliləşməyin alovlu tərəfdarı idi. Onun «təpədən dırnağa qədər qərbliləşək» sözü çox məşhur idi.

«Kavə» ilə yanaşı fars millətçiliyinin inkişafında mühüm rolu olmuş bir digər mətbu orqan da «İranşəhr» jurnalı idi. Bu jurnalı Azərbaycan Türkü Kazımzadə İranşəhr Təbrizi nəşr etdirirdi. Kazımzadə Təbrizinin jurnalında Azərbaycanlı Abbas İqbal Aştiyani, Şəfəq Rzazadə Təbrizi, Müşviq Kazımi, kürd Rəşid Yasəmi, İbrahim Purdavud öz yazılarını nəşr edirdilər. Bunların müştərək bir cəhəti var idi. Heç biri fars deyildi, amma fars şovnisti idilər.

«İranşəhr» fars dilini və Ari irqini İranın milli və tarixi kimliyi olaraq qəbul edirdi. Bu orqan Berlində çıxırdı və İranın 40-a yaxın şəhərində oxunurdu. «İranşəhr» jurnalına görə İranın ən böyük problemi etnikçilik və regionçuluq id: «Bu problem o qədər ciddidir ki, xaricdə yaşayan hər bir iranlıdan haralı olduğu soruşulduğu vaxt anadan olduğu yerin adını deyir. Biz regional firqələri, dilləri, geyimləri, adət və ənənləri məhv etməliyik. «İranşəhr» jurnalında İslam dini əleyhidə yazılar da çap edilirdi. jurnal dini məktəblərin bağlanmasını tələb edirdi. jurnala görə Ari soylu, zəki və istedadlı iranlılar, ərəb imperatorluıu tərəfindən tənbəl və zəif hala salınmışdırlar.

Xiyabaninin Azadistan dövlətini qurması fars millətçiləri üzərində dərin iz qoymuşdu. Fars millətçiləri etnik problemləri həll etmək məqsədi ilə tarixə dair kitablar və məqalələr yazmağa başlamışdılar. Bu yazıların əsas mövzusunu fars olmayan İran xalqlarının Ari irqinə mənsub olduqlarını sübut etmək cəhdləri təşkil edirdi. Əhməd Kəsrəvi bu uğurda böyük əmək sərf etmiş şəxslərdəndir. O, 1890-cı ildə Təbrizdə anadan olmuşdur. Yeniyetmə ikən 1906-cı il Məşrutə hərəkatının şahidi olmuşdur. Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycan türklərinin ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. Əhməd Kəsrəvi 1921-ci ildə «Azəri ya Zəban Bastane Azərbaycan» adlı əsərini nəşr etmişdi. Müəllif bu əsərində Azərbaycanlıların türk olmadıqlarını, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür. Kəsrəviyə görə Azərbaycan dili türk dil ailəsinə mənsub deyildir. Azəri dili İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar. Əhməd Kəsrəvi şimali Azərbaycanın əslində Qafqaz Albaniyası olduğunu qeyd edir. Kəsrəviyə görə Araz çayından şimaldakı ölkə tarixin heç bir dövründə Azərbaycan adlanmamışdır. Bu ölkəyə Azərbaycan adı M.Ə.Rəsulzadə tərəfindən verilmişdir. Müəllifə görə əsl Azərbaycan İranın tərkibindəki cənubi Azərbaycandır və tarix boyu məhz bu ərazi Azərbaycan adlanmışdır.

Əhməd Kəsrəvi həm də «təmiz dil» siyasəti fikrini, fars dilinin başda ərəbcə olmaq üzrə əcnəbi dildə olan sözlərdən təmizləmə fikrini irəli sürmüşdür. Kəsrəvi İranın ən böyük probleminin dil, din və etnik müxtəliflik olduğunu təsbit etmişdir. İrandakı və bütün şərqdəki geriliyin əsas səbəbi cəmiyyətdəki müxtəliflikdir. Kəsrəviyə görə böyük islahatların nəticəsiz qalmasının əsas səbəbi cəmiyyətdəki müxtəliflik və bölünmüşlükdür. «Firqələşməni ləğv etməliyik. Din, dil və regional fərqlilikləri aradan qaldırmalıyıq. Bu ancaq milli şüurun meydana gəlməsi ilə mümkündür. İran milli şüurunu yaymalıyıq».