Fazil Lənkəraninin oğlu Rafiq Tağının ölümünə sevinir

fazil-lenkeraninin-oglu-rafiq-taginin-olumune-sevinir
Oxunma sayı: 907

“Media forum” saytının məlumatına görə, azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının qətlə yetirilməsindən sevindiyini bildirən ayətullah Məhəmməd Cavad Lənkəraninin Azərbaycan müsəlmanlarına müraciətində deyilir: “İntiqam alan Allaha şükürlərimizi bildiririk ki, onun intiqamı qeyrətli müsəlman kişilərin əli ilə gerçəkləşdirildi və islam peyğəmbərini, eləcə də islam müqəddəslərini təhqir edən bir xəbis şəxsi cəhənnəmə yolladı. Şübhə yoxdur ki, bu ilahi hökmü yerinə yetirib müsəlmanların ürəyini sevindirənin Allah yanında böyük qiyməti və töhfəsi olacaq.

İslam düşmənləri bilməlidir ki, qeyrətli gənclər və alicənab müsəlmanlar dünya zülmkarlarının və beynəlxalq sionizmin islam müqəddəslərini təhqir etməklə bağlı fitnələrinin həyata keçirilməsinə imkan verməyəcək, satqın və din satan ünsürləri iyrənc əməllərinə görə cəzalandıracaqlar. Mən bu münasibətlə dünya müsəlmanlarını, eləcə də qeyrətli Azərbaycan xalqını təbrik edir, bu kafir və mürtədin qanının halal olması ilə bağlı fitva verən ayətullah Məhəmməd Fazil Lənkəraninin xatirəsini əzizləyərək Allahdan ona mərhəmət və ülvi məqam istəyirəm”.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb. Noyabrın 23-də yazıçı müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Rafiq Tağı 2006-2007-ci illlərdə “Avropa və biz” məqaləsinə görə həbsdə yatıb. 2006-cı il noyabrın 22-də iranlı din xadimi ayətullah Mürtəza Bəni Fəzl yazıçı Rafiq Tağının ölümünə fitva verib. Noyabrın 30-da İranın daha bir din xadimi - ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının ölümünə fitva verib.

Məhəmməd Fazil Lənkərani 2007-ci ildə vəfat edib.