Fazil Mustafaya uhrəvi məktub

fazil-mustafaya-uhrevi-mektub
Oxunma sayı: 748

Həqiqətləri söyləməməsi bir yana, ehtiyatsızlıqla işlətdiyi bəzi kəlmələr cəmiyyətimizdə onsuz da param-parça olan dindar təbəqəni parçalayır. Və ən dəhşətlisi odur ki, ateizm öz oyununu onun ehtiyatsız sözləri üzərində quraraq müsəlmanlara hücuma keçir.

Fazil qardaşımı çox tənqid etmədən bir neçə cümlə yazıb əsas məsələyə keçmək istəyirəm: İslam nə İranlaşar, nə siyasiləşər, nə də dəyişər. İslam İslamdır! İslamın qəlbi olan Qurani-Kərimdə Allahu-Təala buyurur: “Biz Quranı nazil etdik və biz də onu (Qiyamətə qədər) qoruyub saxlayacağıq” (Hicr surəsi, 9-cu ayə). Əgər Allah öz öyüd-nəsihətini dəyişməyəcəyini deyirsə, biz müsəlmanların “sevgini içindən çıxaran İslam” deyə İslama isim verməyimiz düzgün deyildir. Allahu-Təala başqa bir yerdə bu məsələ ilə bağlı yenə buyurur: “Allahın hüzurunda qəbul olunmuş din-islam dinidir” (Ali-imran surəsi 19 –cu ayə). Ümid edirəm, bu ayələrdən sonra biz müsəlmanlar “İranlaşan İslam”, “təhrif olunmuş İslam”, və s. bu kimi ateistlərin işlətdiyi kəlmələri işlədib o mərhəmətsiz, şəfqətsiz, tolerantlıq deyib, lakin hər addım başı qarşısındakını təhqir edən təbəqəyə üstümüzə hücuma keçmək üçün fürsət verməyəcəyik.

Fazil bəyə ünvanladığım bu məktubu yazmaqda əsas məqsədim isə odur ki, ona “Ən gözəl müdafiə hücumdur” fikrini xatırlatmaqdır. Çox təəssüf ki, qeyri-müsəlmanlar bu məfhumun faydasından daha çox bəhrələnirlər. Sun Tzu “Müharibənin İncəsənəti” (The Art of War) kitabında (əfsuslar ki, səhifəsini qeyd etməyi unutmuşam-Müəllif) yazır ki: “Nə vaxt döyüşə başlayacağını və nə vaxt döyüşməyəcəyini bilənlər qalibdirlər”. ABŞ-nın dünyada fövqəlgüc olmasının də yeganə səbəbi iqtisadiyyatının 60%-nı hərbi sənaye üzərində qurub öz müdafiəsini hücum ilə təşkil etməsidir. Həmçinin, tarixdən bu qəbildən olan misalları çox çəkmək mümkündür.

Bu baxımdan, Fazil bəy yuxarıda yazdığım o hikmətli sözü nəzərə alıb “Fətva” yazısında qeyd etdiyi ateistlərdən müdafiə olunmaqdansa, bir-başa həmin ateistlərin ideologiyası olan ateizmə hücum etsə idi, hədəfə vurmuş olardı. Heç unutmamaq lazımdır ki, cəmiyyətə təsir gücü sıfıra bərabər olsa belə, iqtidarlı-müxalifətli, Azərbaycan mətbuatı ateistlərin əlindədir. 90-ci illərin sonları və 2000-ci illərin əvvəllərində ateist təbəqə təşkilatlanarkən müsəlmanlar bu fürsəti qaçırdılar. Onların qısa müddətə bu cür uğurlu şəkildə təşkilatlanmasına həm 70 illik ateizm-kommunizm ideologiyası, həm də qrant verən təşkilatların böyük əksəriyyətinin Qərbdən olması da təkan oldu. Dediklərimə ən bariz nümunə kimi təxminən 2005-ci ildən başlayaraq “Dalğa” təşkilatının dünyada tolerantlığının təminatçısı obrazında olan Amerika səfirliyinin xeyir-duası ilə tolerantcasına İslama hücum etməsini göstərmək olar. Hətta qatı İslam düşməni Elnur Astanbəyli müsahibələrinin birində bu məsələni dilə gətirərək Azərbaycanda İslama ən çox həmlə edən qəzetin “Dalğa”-nın sağ qolu olan “Alma” qəzetinin olduğunu etiraf etmişdi.

Mən əgər indi ayrı-ayrı ateistlərin fikirlərini müzakirəyə çıxarmağın hər hansı bir fayda verməyəcəyini söyləsəm də, ateist təbəqə artıq xeyli müddətdir ki, çox düşünülmüş şəkildə müsəlmanları deyil, İslam dinini hədəfə alıbdır. Məsələnin digər bir maraqlı tərəfi də İslama hücum edənlərin içində ateistlərdən başqa, “Yahova şahidləri”, “Evangelikal Məbədi” kimi Xristianlığın müxtəlif qollarına mənsub azerbaycanlıların olmasıdır. Bu məqamda haşiyədən çıxıb onu da qeyd etməliyəm ki, Ermənistanda “Evangelikal Məbədi” xristianlığın ən fəal qanadıdır və Amerikada erməni lobbisinin rəhbərliyi də bu qanada mənsub olduğunu bildirirlər.

Mahiyyət etibarı ilə biri inkarçı, digəri isə dindar olan bu iki təbəqə (ateist və xristianlar) bir-birinə eks qütblərdədirlər. Qərbdə son üç əsrdir ki, bu iki təbəqə arasında çox ciddi mübarizə gedir. Lakin Azərbaycanda bu iki sinfin yalnız bir hədəfi vardır-İslam.

Qısacası, aparılan bütün təhlillərin nəticəsi onu söyləməyə əsas verir ki, müsəlmanların İslamı müdafiəsi yalnız ateizm ideologiyasının özünə hücum üzərində qurulmalıdır. Ateizmə az-çox bələd olan hər kəs onun boşluqdan ibarət olduğunu göstərməyə çalışmalıdır ki, boşluq üzərində qurulan ən güclü sistem və ya mədəniyyət sabun köpüyünün üzərində inşa edilən ev kimi bir gün uçacaq, parça-parça olacaqdır...

Dünya filosofları insanın vicdanının olması məsələsində iki hissəyə ayrılır. Teiles (Thales) və Anaksimenderdən başlayaraq, Heraklitus, Hobbes, Qassendi (Gassendi), Helvetius, Diderot, Lamark, Nitşe , Holbaç (Holbach), Kamus (Camus), Spenser, Engles, Marks və nəhayət, Freud insanda vicdan hissinin olmamasini iddia edirlər. Ruhanilik (spirituality) fəlsəfəsinin tərəfdarları Deskartes, Malenbrançe (Malebranche), Kant, Maç (Mach), Hegel, Berkeley, Komte (Comte) və s. fiolosoflar isə bu fikrə qarşı çıxaraq insanın vicdanın olduğunu söyləyirlər.

Qərbin ilk böyük ateist filosoflarından olan Dietriç von Holbaç (Dietrich von Holbach) "Təbiətin sistemi, Mənəviyyatın Hüququ və Fiziki Dünya" (The System of Nature or Law of Moral and Physical World) əsərində yazır: "İnsan hərəkətlərinin tək mühərriki mənfəətidir. Vicdan əzabı isə hərəkətlərimizin, mühitimizin kin və nifrətini üzərimizə çəkə biləcəyimizi düşünərək hiss etdiyimiz qorxudur".

Holbaçdan sonra onun vicdan anlayışını yox etmək fikrinə ilk qarşı çıxan Komtə oldu. Bele ki, o, 1830-1842-ci illər arasında qələmə aldığı “Pozitiv Fəlsəfə kursları” (Cours de philosophie positive) əsərində yazırdı: “qəhrəmanlıqla başqaları üçün yaşayaraq gələcək nəsillərə faydalı olmaq sadəcə vicdan adlandırıla bilinər”. Lakin ruhanilik fəlsəfəsinin nümayəndələri insanın vicdanını dini əsaslarla deyil, fəlsəfi əsaslarla müdafiə etmək istədikləri üçün ateizmə çox asanlıqla məğlub oldular. Belə ki, ateist filosoflar vicdanın dünyaya hakim olmaq istəyən kapitalizmə mane olduğunu da əsas gətirərək vicdanı sadəcə fəlsəfi olaraq deyil, elmi cəhətdən də yox etməyə müvəffəq oldular.

Ateist filosoflar içində vicdana ən çox hücum edən isə Nitşedir. Əgər ateizmin digər nümayəndəsi olan Tomas Hobbes 1641-ci ildə qələmə aldığı "İnsan və Vətəndaş" (Man and Citizen: De Homine and De Cive) əsərində "İnsan, təbiəti etibarı ilə sosiallaşmayandır" yazaraq insanın heç də hər zaman düşdüyü mühitin məhsulu olmadığını və xasiyyətində olan vicdan dərəcəsinə görə hərəkət etdiyini etiraf edirsə, Nitşe açıq-aşkar insanı öz vicdanına qarşı çıxmağa səsləyirdi. O, əsərlərində "təhlükəli yaşa", "gücə olan istək" kimi fikirlərə yer ayırır, “fövqəltəbii insan” anlayışını, eqoist insanın Tanrını və kütləni məğlub etməsini, hər kəsin bərabərliyinə və demokratiyaya olan nifrətin, zəiflərin yararsızlığını və onların bu yararsızlığına görə əzilməsini göstərən ideyalar yayırdı. Nitşe 1891 –ci ildə nəşr etdiyi “Zərdüşt belə demişdir” əsərində I bölüm Oxu və Yazı hissəsində yazır: "İnsanın bütün yazdıqlarından mənim yalnız sevdiyim onun qanla yazdığıdır. Qanla yaz və sən görəcəksən ki, bu qan ruhdur".

Azərbaycan kimi ölkələrdə özlərini ziyalı olaraq təqdim edənlər əgər Nitşeni “aydın” olaraq cəmiyyətə sırımaq istəyirlərsə, Nitşenin vətəni olan Qərbdə o, faşist ideologiyasının banisi hesab olunur. Məsələ, Denis Mak Smit 1987-ci ildə Londonda nəşr olunan "Mussolini" adli kitabında (səh.15) Mussolininin Nitşeyə olan vurğunluğunu göstərərək yazmışdır ki, Mussolini Nitşeyə olan rəğbəti haqda "ruhani erotizm" demişdir və həmçinin özünün xeyriyyəçiliyə, yaxşılığa etdiyi faşist yürüşlərinə Nitşenin əsərlərində bəraət tapırdı.

XX əsrdə isə vicdanın inkar edilməsi ənənəsini Freud davam etdirdi. O, 1959-cu ildə Londonda nəşr edilən “Düşkükün hərəkətlər və Dini təcrübələr” (Obsessive Actions and Religious Practices) əsərində (cild IX, seh.119) yazır: “ Dini ayinlərdə edilən hərəkətlər ilə əsəb xəstələrinin (nevroz) etdikləri hərəkətlərdə olan oxşarlığı görmək asandır; birincisi, hərəkətlər əsasında təlqin olunan vicdan əzabı...”. Freud Avropada XX əsrin Nitşesi hesab olunur. Çünki o da insanın vicdan hissinin olmasını inkar edir.

Ateizm insanın sadəcə vicdanını məhv etməklə kifayətlənmir. Bu ideologiya insanın vicdanından sonra onun kökünü dəyişdirməyi qarşısına məqsəd qoyub. Düzdür, Darvin heç bir əsərində öz ehtimallarının elmi əsasının olduğunu demədi, lakin ateizmə bir nəzəriyyə belə kifayət etdi ki, insanın mənşəyini heyvan ilə eyniləşdirsin. Və ateizm son 200 ildə bəyan edir ki, insan insan deyil, "kamil heyvan"-dır "(I homme machine). İnsan və heyvan arasındakı fərq, insanın keyfiyyəti deyil, keçid mərhələsindədir. İnsanın xüsusi bir mahiyyəti yoxdur (John Watson, “İnsan və heyvan arasında sərhəd yoxdur- No Dividing line between Man and Brute”, 1913-cu il, seh.158). Ateizmin XX əsrdə olan digər məşhur nümayəndəsi Albert Kamus bu ideologiyada insanın dəqiq yerini göstərir: "İnsan heyvan olmaq istəməyən heyvandır".

Müxtəsərliyi qorumaq üçün ateist fəlsəfəsinin digər üzvlərinin insani aşağılamasını, onun vicdan anlayışını yazıqlıq və qorxaqlıq əlaməti olaraq göstərdiklərini burada saxlamaq istəyirəm. Başa düşürəm ki, ateizm haqqında qısa bir köşə yazısında ətraflı məlumat vermək mümkün deyildir.

Onu da başa düşürəm ki, vətənimdə insan haqları, qadın haqları, bərabərlik kimi sözlərin arxasında gizlənərək islama hücum edən marksçılara, yəhudiçilərə, yahovaçılara, nitşeçilərə və ilaxırcılara Marksin “Yəhudi Sualı" (1844) əsərində "İnsan haqları adlandırılan haqlar, cəmiyyət haqlarından fərqlənmədiyini və əgər insanın haqqı cəmiyyət haqqından fərqlənirsə, insan eqoistdir”, yaxud “Das Kapital" əsərində isə "Bütün uşaqlar ilk olaraq öz valideynlərindən xilas olunmalıdırlar" yazaraq ateizmdə insan haqları deyərkən insan haqlarının deyil, “sosial fərd”-lərin haqlarından söhbət getdiyini göstərmək olar.

Gördüyünüz kimi ateizmdə insanın "ən insani" davranışı belə insanı deyildir. Başqa sözlə ifadə etsək, ateizmdə insan, insan deyil, “kamilləşən” heyvandır. İnsan yoxdursa, insan haqları da yoxdur. Ateizm insanı “kamil heyvan” adlandırıb, sonra insan haqlarından danışması da gülüncdür.

Yuxarıda təqdim olunan qısa təhlildən aydın görünür ki, ateizm insanı insan olaraq qəbul etmir. Nə qədər qəribə olsa da insanı insan olaraq qəbul etmədiyi halda isə, ateistlər insan haqlarından, vicdandan, mənəviyyatından danışırlar. Və sözün əsl mənasında qəribə olanı odur ki, vətənimdə olan ateistlər müsəlmanlara İslamda “Allahın qulu olma” şərəfinə rişxənd edərkən müsəlmanlar qarşı tərəfə “İslam dinində biz sadəcə Allahın quluyuq, eyni zamanda yaratdıqların ən şərəflisiyik. Axı, sizin ideologiyanızda heç siz qul belə deyilsiniz, sizi “kamil heyvan” adlandirirlar” deyib ədaləti müdafiə etmirlər…

Əksər məqalələrimin sonunda üzümü müsəlman qardaşlarıma tuturam. Bu dəfə də sözüm Fazil bəyədir!

Biz qardaşıq. Ətinizi yesək də, sümüyünüzü atmarıq. Zatən tutduğunuz siyasi xəttin Axirət günü sizə peşmançılıq gətirəcəyindən narahatıq. Allahu-Təala Zəlzələ sürəsi, 7-8 -ci ayələrində buyurur ki: “Kim zərrə miqdarı xeyir əməl işlərsə onu görür. Kim də zərrə miqdarı şər əməl işlərsə onu da görür”. Və eyni zamanda Allahu-Təala insanın Qiyamət gün şər əməlinin əvəzini görməməsi üçün də ona Hud surəsi 112-ci ayəsində: “... əmr olunduğu kimi dost-doğru ol!” deyə xəbərdarlıq da edir. Siz Allahun ərminə əməl edərək dost-doğru olun, bəy. Dünya fanidir, kəfənin də cibi yoxdur.

Qısacası, sizin “Fətva” yazısında adlarını sadaladıqlarınızı da yaxşı tanıyırıq, qarşı tərəfi də. Siz xalqın yanında olun. Çünki xalq ilə Xaliq eyni kökdən gəlir. Siz xalqın yanında olun ki, Xaliq də sizin yanınızda olsun. Yox, əgər dediklərimə etiraz etsəniz, barı “İranlaşan- Turanlaşan İslam” deyib həm müsəlmanları bölməyin, həm də ateizmin təbirincə “kamil heyvan” demək istəmirəm, lakin insan olmaq istəməyən insanlara qeybət etmək üçün mövzu da verməyin.

Qeyd: Fazil bəy, imanın əsas şərtlərindən biri Axirət gününə inamdır. Allah, Axirət günü, Axirət gününə inanmayanları əfv etməz. İslamda boş arzular üçün dua etmək də yaxşı qarşılanmır. Dua etmək istəyirsinizsə, hər şeyə laqeyd, etinasız olan müsəlmanlara dua edin.