Fərəc Quliyev: “Ermənistan maksimalist mövqelərdən geri çəkilməlidir”

ferec-quliyev-ermenistan-maksimalist-movqelerden-geri-cekilmelidir
Oxunma sayı: 676

“Qafqazinfo” Gün.Az-ın Milli Məclisin deputatı Fərəc Quliyevlə müsahibəsini təqdim edir:


- Sizcə, Rusiya liderinin vasitəsilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün nəticəsi necə oldu?

- Bunadək Rusiya tərəfindən Azərbaycan və Ermənistan prezidentləri arasında heç bir nəticə verməyən görüşlər keçirilib. Mən prezidentlərin bu Soçi görüşü ilə də bağlı nikbin deyildim.

Ola bilsin ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həddindən artıq müxtəlif əhəmiyyətli təkliflərlə çıxış edib. Lakin danışıqlar prosesində nəticənin olmamasına ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu münaqişəyə münasibətdə tutduqları mövqe səbəb olub.

Bu qrup öz missiyasının ilkin mərhələsində Dağlıq Qarabağın erməni tərəfinə verilməsini təmin etməyə çalışırdı. Lakin bu Azərbaycan üçün < casus belli>-qebulolunmaz vəziyyət idi. Bir müddət ötdükdən sonra, vasitəçilərin mövqeyi bir qədər dəyişdi və hazırki mərhələdə o, münaqişə tərəflərinin problemin məqbul həlli üzrə öz aralarında razılığa gəlmələrindən ibarətdir. Halbuki, bu təqdirdə vasitəçilərin olmasına lüzum qalmır.

Mən bütün bunları nəzərə alaraq danışıqlarda irəliləyişin əldə oluna biləcəyini gözləmirəm. Qarabağ nizamlanmasında indiki formatda müsbət irəliləyişi yalnız ATƏT-in Minsk qrupuna üzv ölkələr, xüsusilə də Rusiya tərəfindən Ermənistanı beynəlxalq hüquq normalaına riayət etməyə çağıracağı təqdirdə nəsə gözləmək olar.


- Azərbaycan və Ermənistan prezidentləri Soçidə qəbul olunan bəyanatda Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin vasitəçilik fəaliyyətinə yüksək qiymət veriblər. Bu qrup prezidentlərin sözügedən bəyanatında verdikləri qiymətə nə dərəcədə layiqdir?

- ATƏT-in Minsk qrupu bu günə qədər müəyyən işlər görüb və zənnimcə bu səbəbdən onun fəaliyyəti tam dayandırılmamalıdır. Lakin hesab edirəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti yardımçı mövqeyə keçirilməlidir. Çünki mən həm təcavüzkara, həm də təcavüzə məruz qalan tarəfə eyni dərəcədə yanaşan, heç bir səlahiyyəti olmayan bu qurumun hansısa nəticələr əldə edə biləcəyinə inanmıram. Əgər Azərbaycan, təcavüzkar və onun qurbanına belə bərabər münasibətlə razılaşarsa, o zaman bu,Azərbaycan tərəfinin təslim olması anlamına gələcək.

Ona görə, qeyd edirəm ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların hər hansı bir nəticəyə gətirib çıxaracağına şübhə ilə yanaşıram.


- Belə olan təqdirdə ATƏT-in Minsk qrupunu hansı format və hansı beynəlxalq struktur əvəzləyə bilər?

- Hesab edirəm ki, hazırki halda, 2008-ci ildə iki ölkə arasında baş verən müharibədən sonra Rusiya ilə Gürcüstan arasında vasitəçilik missiyasını icra edən Avropa İttifaqı (Aİ) analoji funksiyanı Ermənistan-Azərbaycan münaqişəsi üzrə də yerinə yetirə bilər.

Məlum olduğu kimi, Aİ Rusiya ilə Gürcüstan arasında baş verən avqust müharibəsindən sonra faktların müəyyən edilməsi missiyasını həyata keçirdi. Məhz bundan sonra Aİ müharibənin nəticələrinin aradan qaldırılması ilə bağlı konkret addımlar atdı.

Hesab edirəm ki, Aİ Qarabağ münaqişəsinin həllində daha konkret addımlar ata bilər. Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla və Ermənistanla əlaqələri mövcuddur. Aİ-nin həmçinin Azərbaycana və Ermənistana müəyyən təsir vasitələri də mövcuddur.


- Azərbaycan və Ermənistan prezidentlərinin verdikləri bəyanatda ziyalılar, elm və ictimai təbəqə nümayəndələri və təmsilçiləri arasında gələcəkdə dialoqun yaradılmasına hazır olduqlarını ehtiva edən bəndlər nə qədər həqiqətəuyğundur?

- Prezidentlər tərəfindən qəbul edilən bəyanatda sosial və elmi sahələrdə dialoqun bərpa edilməsi istiqamətində addımların qəbul edilməsi mümkünlüyü göstərilir. Hesab edirəm ki, bu istiqamətdə addımların atılması qeyri-mümkün olacaq. Çünki münaqişənin özü həll edilməmiş qalır. Hansı dialoqdan söhbət gedə bilər ki, erməni tərəfi hətta vasitəçilərin təklif etdiyi Madrid prinsiplərinin yeni variantına belə, normal münasibət göstərə bilmədi.

Dialoqa çağırışın məqsədi Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi faktının qanuniləşdirilməsi cəhdinə, eləcə də torpaqların işğal altında qalması müddətini uzadan vəziyyətin yenə davam etməsinə xidmət edir.

Bundan başqa, əgər erməni əsirliyində yüzlərlə azərbaycanlı girov saxlanılırsa, münaqişə tərəfləri arasında dialoq nə qədər həqiqətəuyğun ola bilər? Həm də dialoq məsələsi torpaqların işğal altında olması, eləcə də 1 milyondan artıq qaçqının və məcburi köçkünün öz yurd-yuvalarından məcburi şəkildə didərgin düşməsi faktı ilə yanaşı elə də inandırıcı görünmür.

Hesab edirəm ki, ilk növbədə torpaqların işğaldan azad edilməsi,işğalın fəsadlarının aradan qaldırılması istiqamətində addımlar atılmalı, yalnız bundan sonra Ermənistana qarşı “yumşalmış” siyasət yürüdərək, bəndlərdə göstərilən sosial və elmi sahələrdə dialoqa nail olması tədbirlərinə cəhd edilməlidir.

Ümumilikdə, hesab edirəm ki, Azərbaycan cəmiyyəti torpaqların işğaldan azad edilməsi həyata keçirilməyənə qədər dialoqun hansısa nəticələr verə biləcəyinə inanmır.

- Prezidentlərin bəyanatında həmçinin belə bir ümumi müddəa var ki, gələcək inkişafa nail olmaq üçün maksimalist mövqelərdən uzaqlaşmaq lazımdır. Sizcə, maksimalist mövqelərdən uzaqlaşma çağırışları hansı tərəfə daha çox aid edilməlidir?
- Axı Azərbaycan tərəfinin yeganə tələbi erməni qoşunlarının işğal altında olan ərazilərdən çıxarılmasıdır. Bu halda, yaşayiş yerlərinin tamamilə məhv edilməsinə və yandırılmasına baxmayaraq, Azərbaycan bununla bağlı təzminat ödənilməsi üçün heç bir tələb irəli sürmür. Həmçinin Azərbaycan Ermənistan dövlətinin ötən əsrin 20-ci illərində Azərbaycana məxsus torpaqlarda yaradılmasına baxmayaraq, Ermənistana qarşı hər hansı ərazi iddiaları ilə də çıxış etmir.

Azərbaycan ancaq erməni qoşunlarının onun ərazisini tərk etməsini istəyir ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıda bilsinlər. Bu Azərbaycanın irəli sürə biləcəyi minimal istəklərdir. Lakin Ermənistan maksimalist mövqedən çıxış edərək, Dağlıq Qarabağı və ona bitişik olan yeddi rayonu hələ də işğal altında saxlamağa davam edir. Buna görə də, maksimalist mövqelərdən uzaqlaşmaq çağırışları daha çox Ermənistan tərəfinə aiddir.