Fərəc Quliyev: “Fransanın vasitəçi kimi danışması bundan sonra qəbuledilən deyil”

ferec-quliyev-fransanin-vasiteci-kimi-danismasi-bundan-sonra-qebuledilen-deyil
Oxunma sayı: 695

Biz də bir sıra suallarımıza cavab tapmaq üçün Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyevlə müsahibə apardıq. F.Quliyev əvvəlcə, ötən il dövlət qeydiyyatına alınmış, sədrlik etdiyi partiyanın qeydiyyata alındıqdan sonra göstərdiyi fəaliyyət barədə danışdı.

- Təbii ki, qeydiyyatda olan partiya ilə qeydiyyatsız partiyanın fəaliyyəti fərqlidir. MDHP 2003-cü ildə yaranmağa başlayıb, 2005-ci ildə qurultay keçirilib. Qeydiyyatdan sonra, fəaliyyətimizdə daha yaxşı təşkilatlanma, seçkilərdə fəal iştirak üçün yeni mərhələ başlandı. Qeydiyyata qədər seçkilərə qatılan zaman bəzi problemlərimiz olurdusa, bundan sonra rahat qatıla biləcəyik. Məntəqə, dairə, Mərkəzi Seçki Komissiyasında nümayəndələrimizin təmsilçiliyini təmin edə biləcəyik. “Siyasi partiyalar haqqında” qanun qəbul olunacaq ki, oradakı müəyyən məsələlərlə bağlı - bizim partiyamızın parlamentdə təmsil olunması, qeydiyyatda olması səbəbindən dövlət yardımı almaqda avantajımız olacaq. Buna baxmayaraq, fəaliyyətimiz həmişə olub. Biz qeydiyyatı gözləmədən fəaliyyətə başlamışıq. Həm də Azərbaycanda heç bir təşkilatda olmayan fəaliyyət formamız var. Belə ki, təşkilatımız departamentlər formasında fəaliyyət göstərir. Biz hər bir problemlə adekvat olaraq departamentlərdə maraqlanırıq. Partiyada Qərbi Azərbaycan, Qarabağ, Güney Azərbaycan, Borçalı, Dərbənd, Türk dünyası ilə əlaqələr departamentləri fəaliyyət göstərir. Bu departamentlər sözdə fəaliyyət göstərmirlər, əməldə iş görürlər. Hesab edirəm ki, indiki dövrdə problemlərin üzərinə getmək, aradan qaldırmaq, onlara alternativ yollar göstərmək çox mühümdür. Sovet dönəmində təşkilatlar dağıdıcı funksiyanı yerinə yetirirdisə, bu gün qurucu funksiyanı yerinə yetirməlidirlər və mövcud problemləri aradan qaldırmalıdırlar. Bu baxımdan bizim təşkilatımız başqa partiyalardan tamamilə fərqlənir. Eyni zamanda, “Davam” adlı qəzet nəşr edirik, onun “Təbriz” əlavəsi də var. Bundan əvvəl də qəzet nəşr etmişik. Təşkilatımızın fəaliyyətində ciddi dəyişiklik yoxdur. Sadəcə olaraq, qeydiyyatdan keçdikdən sonra qanunda nəzərdə tutulan imtiyazlarımızdan istifadə edə bilirik.

-”Siyasi partiyalar haqqında” qanun qəbul edilərsə, sizcə, bu qanun daha çox hansı partiyalara şamil edilməlidir?

- Bu qanun layihəsinə müxtəlif yanaşmalar var. Daha çox parlamentdə təmsil olunan, yaxud seçkilərdə iştirak edən partiyalara aid edilməsi üzərində dayanılır. Bundan əlavə, digər təkliflərdə deyilir ki, hansı faizlə seçkilərdən çıxmış partiyaların maliyyələşməsi bu rəqəmlərə uyğun müəyyənləşdirilsin. Hələlik bu müzakirə olunan mövzudur. Lakin bunun ən ədalətli həlli yolu, ölkədə majoritar seçki sistemi ilə yanaşı, həm də proporsional seçki sisteminin də tətbiq olunmasıdır ki, orada partiyaların gücü də müəyyənləşər. Bundan sonra da, hər partiyanın gücünə uyğun olaraq dövlət tərəfindən maliyyələşməlidir.

-Parlamentdə təhlükəsizlik məsələsi ilə bağlı hansısa yenilik gözlənilirmi?

- Mən həm Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi komitənin müzakirələrində iştirak edirəm, həm də Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bununla yanaşı, seçildiyim ərazinin problemlərinin həlli ilə də məşğul oluram. Yəni bu 3 istiqamətdə işimizi görürük. Yaz sessiyasında isə “Hərbi qulluqçular haqqında” qanun layihəsi təklif olunub. Bu layihədə hərbi qulluqçularla bağlı qanunda müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub.

- Avronest Parlament Assambleyasının Təhsil Komitəsinin növbəti iclasının Ermənistanda baş tutacağı deyilir. Səfərin proqramına “soyqırımı” muzeyinin və bir sıra Azərbaycan abidələrinin ziyarəti də salınıb...

-Avronestin ümumi plenar iclası aprel ayında Bakıda keçiriləcək. Amma komitələrin iclası Avropa Şurasının binasından kənarda tərəfdaş ölkələrin ərazisində keçirilən iclasdır ki, Təhsil komitəsinin iclası da İrəvanda baş tutacaq. Biz də orada iştirak edəcəyik. Fikirlərimizi bildirəcəyik, problemləri qaldıracağıq. Təbii ki, burada iştirak etməliyik. Çünki bu, Ermənistanın deyil, Avropa Parlamentinin tədbiridir. Hesab edirəm ki, harada olmağından aslı olmayaraq, Azərbaycan nümayəndə heyəti də orada sözünü deməlidir.

İrəvanda keçiriləcək tədbirlərdən başqa, Ermənistan hökuməti qondarma “erməni soyqırımı” abidəsinə baxış məsələsini proqrama salıb. Proqram daha çox Ermənistanın vəziyyətinə uyğunlaşdırılmış bir proqramdır. Mən Milli Məclisdə də təklif etdim ki, buna etiraz məktubu göndərilsin. Bu məsələni qaldırmışam. Artıq, Azərbaycan nümayəndə heyətinin rəhbəri Elmar Süleymanov tərəfindən məktub da göndərilib. Amma biz ora gedəriksə, bizim “soyqırımı” abidəsini ziyarət etməyimiz müzakirə mövzusu ola bilməz, buna qəti razı olmarıq. Sadəcə olaraq komitənin iki iclasında tam işgüzar şəraitdə işləməkdən başqa, proqramda olan digər məsələlərdən birmənalı şəkildə imtina edəcəyik. Bu barədə həm Ermənistanın komitədə iştirak edən nümayəndə heyətinə, həm Avropanın müvafiq strukturlarına məktub göndərilib.

- Fransa Senatı qondarma “erməni soyqırımı”nı etiraz edənlərə qarşı qanun qəbul etdi. Sizcə, Türkiyə və Azərbaycan buna qarşı hansı formada mübarizə aparmalıdır?

- Mən fevralın 1-də parlamentin iclasında da bununla bağlı təkliflərlə çıxış etdim. Əlbəttə ki, bəzi məsələlərə bir sözlə, yaxud bir davranışla da münasibət bildirmək mümkündür. Amma bu gün kimsə bizi söyürsə, bizim də söyüşlə cavab verməyimiz, yaxud, hansısa parlament bir qərar çıxarırsa, bizim də bunu etməyimiz düzgün deyil. Bu, bir az şahmat termini ilə desək, tamamilə qaralarla oynamaqdır. Yəni bunu təklif edirlər, biz də bunu edirik. Bu düzgün deyil. Fransa Senatının, belə deyək, törətdiyi hadisə nə Fransa, nə də bizi istəməyən dövlətlərin törətdiyi nə birinci, nə də sonuncu hadisədir. Bu sistemli məsələdir. XIX əsrin əvvəllərindən Şərq məsələsi kimi erməniləri ortaya ataraq türk dünyasını dağıtmaq projesi var. Çalışırlar ki, Ermənistan dövləti qurulsun və dənizdən dənizə bu dövlət olsun. Türk etnosunun qurduğu dövlətlərsə sarsıdılsın, dağınıq qalsın. Onların torpaqları isə Ermənistan verilsin. Hətta, buna nail olublar da demək mümkündür. Ermənistan indi ikinci iddiadadır. Türkiyəyə qarşı apardığı 4 T - tanımaq, tanıtmaq, təzminat və torpaq iddiası da bu siyasətin davamıdır. Ermənistan prezidenti Serj Sərkisyan da gənclərə açıq şəkildə bildirdi ki, biz Qarabağı almışıq, siz də Ağrını alın. Bu siyasətin nəticəsidir ki, bu günə qədər Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır. Yəni bu, torpaq iddiaları ilə bağlı olan siyasətdir. Hesab edirəm ki, buna qarşı olaraq Türkiyə-Azərbaycan Xarici İşlər Nazirliyi və Parlamentləri səviyyəsində işçi qrupları yaradılmalıdır. İnstitutlaşdırılmış şəkildə bundan sonra baş verə biləcək məsələlərin qarşısının alınması, önləyici tədbirlərin görülməsi vacibdir. Biz, artıq başqa dövlətlərin, yaxud Avropa qurumlarının girovuna çevrilmiş siyasət yürütməməliyik. Türkiyəyə müxtəlif təzyiqlər həm də Avropa İttifaqı ilə bağlıdır. Misal üçün, şərtlər irəli sürürlər ki, Aİ-ə sizi qəbul edərik, siz filan məsələni qəbul edin və s. Bu birliyin özü yunan fəlsəfəsi və xristian ənənələrinə söykənən bir evdir. Bir müddət əvvəl də Almaniyanın kansleri açıq şəkildə bildirmişdi ki, biz xristian klubuyuq və Türkiyənin bura qəbul olunmasını istəmirik. Bütün bunlardan, eyni zamanda, Fransanın sonuncu davranışından sonra, hesab edirəm ki, zaman çatıbdır ki, Türkiyə və Azərbaycan da daxil olmaqla türkdilli dövlətlər özünün mədəni, iqtisadi əlaqələrini, siyasi-hərbi müstəviyə daşıyaraq türk dünyasında ayrıca transkontinental qurum yaradılsın. Bunun adını nə qoyursansa qoy. Avropa Birliyinə oxşar, bütün səciyyələrdə özünəməxsusluğunu saxlayaraq, bir ev qurulsun. Burada prioritet iqtisadi, mədəni əlaqələr siyasi-hərbi müstəviyə transfer olunsun. Bu məsələni parlamentdə qaldırmışdım. Bildirmişdim ki, PKK-ya qarşı Türkiyədə mübarizə aparılırsa, niyə Türkiyə Azərbaycan Asayişi adı altında birlik yaradılmamalıdır? Bunu NATO Əfqanıstanda, Bosniyada və ya başqa yerlərdə edirsə, Türkiyə də edə bilər. O cümlədən, günün birində Qarabağda reallaşdırmaq olar. Yəni koordinasiya olunmuş şəkildə düşmənlərimizin strateji olaraq düşündükləri hədəfə çatmamaq üçün tədbirlər görməliyik. Əlbəttə ki, mövsümi addımlar atılmalıdır. Xocalı ilə bağlı qanunların qəbulu, bu soyqırımın dünyaya çatdırılması kimi addımlar atılmaldır. Bununla bağlı İstanbulda böyük bir mitinq nəzərdə tutulur. Bütün bunlar vacibdir. Amma daha çox yuxarıda sadaladığım işləri həyata keçirmək lazımdır.

- Fransada “erməni soyqırımı” ilə bağlı belə bir qanunun qəbulundan sonra bu ölkənin ATƏT-in Minsk qrupunda fəaliyyət göstərməsi məsələsi necə olmalıdır?

- Mən parlamentin sonuncu qış sessiyasında bununla bağlı təklif etmişdim ki, bir komissiya yaradılsın. Komissiya Fransanın bu hərəkətini və indiyə qədər ki, hərəkətlərini təftiş etsin. Doğrudur, bu komissiya parlamentdə yaradıldı və müraciət də qəbul olundu. Yaz sessiyasında da bununla bağlı məsələ qaldıraraq, bir neçə məsələnin gündəliyə salınmasını təklif etdim ki, bunlardan biri də Milli Məclisdə Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı dinləmə keçirilməlidir. Bir də parlamentdə Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilərin fəaliyyəti ilə bağlı xüsusi bir komissiya yaradılsın. Bu komissiya həm Minsk qrupunun özünün və ayrı-ayrılıqda dövlətlərin fəaliyyətini qiymətləndirsin.

Hesab edirəm ki, Minsk qrupunun fəaliyyəti tamamən nəticəsizdir. Buna görə də, vasitəçilik missiyasında daha çox Avropa İttifaqı iştirak etməlidir. Qarabağ münaqişəsində Minsk qrupu informativ yardımçı rolunda, Aİ isə əsas rolda olmalıdır. Bunun imkanları öyrənilməli və müəyyən prosedur qaydaları həyata keçirilməlidir. Fransanın da, ümumiyyətlə Minsk qrupunda fəaliyyəti dayandırılmalıdır. Amma bunun da proseduru müəyyənləşdirilməlidir ki, biz hansı addımları atmalıyıq. Türkiyə tərəfdən də bu fikirlər səsləndirilib. Mütləq deyil ki, Minsk qrupunda adıçəkilən dövlətlər fəaliyyət göstərməlidir, bunlar dəyişilə və ATƏT-də təmsil olunan digər dövlətlər onların yerini tuta bilər. Fransanın vasitəçi kimi danışması, tərəflər arasında etimad rolunu oynaması isə bundan sonra qəbuledilən deyil. Fransa birmənalı şəkildə fəaliyyətini dayandırmalıdır. Bütövlükdə isə Minsk qrupunun fəaliyyəti arxa plana keçməlidir. Çünki, orada təmsil olunan dövlətlər obyektiv deyil. Guya, Rusiya hansı mövqedən çıxış edir? Bu dövlət də birbaşa olaraq təcavüzkarı müdafiə edir.

A. CƏLALOĞLU