Fərəc Quliyev Gənclər Təşkilatının rəhbərliyi ilə görüşüb

ferec-quliyev-gencler-teskilatinin-rehberliyi-ile-gorusub
Oxunma sayı: 760

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev qurumun Gənclər Təşkilatının rəhbərliyini qəbul edib. Keçirilən görüşdə gənclərlə yanaşı, partiya sədrinin birinci müavini Bayram Abbasov və İdeoloji-siyasi məsələlər üzrə müavin Tahir Seyidov da iştirak edib.

Tədbiri açıq elan edən partiyanın Gənclər Təşkilatının sədri Seymur Həsənli, görüşün gənclərin təşəbbüsü ilə realaşdığını diqətə çatdırdı. O bildirdi ki, görüşdə məqsəd həm partiya sədrinin son fəaliyyətləri haqqında bilgi almaq, həm də ölkədaxili və ölkəxarici proseslərdə MDHP-nin atacağı addımları müzakirə etməkdir.
Çıxış edən MDHP sədri, Millət Vəkili Fərəc Quliyev gəncləri salamlayaraq onlarla görüşdən məmnunluğunu bildirib. Milli Məclis və Avronest səviyyəsində apardığı işlərdən danışan Fərəc Quliyev üzərində olduğu məsuliyyətdən danışıb. “Millət Vəkili olaraq həm seçicilərimin problemləri ilə məşğul olub onları parlamentdə təmsil edirəm, həm dövlətimizin beynəlxalq səviyyədə - Avronestdə təmsilçisiyəm, həm də partiya sədri olaraq fəaliyyət göstərirəm. Buna görə də, sizlərin daha çox fəallığına və komanda fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Avropada Qarabağ, Güney Azərbaycan və digər milli məsələlərimizlə bağlı kifayət qədər güclü işlər qurmuşuq. Parlamentin elə iclası olmur ki, nəinki seçicilərimin, eləcə də ümummilli məsələlər ətrafında çıxışım olmasın. Mümkün olduğu qədər problemlərin üzərinə gedib onların həllinə nail oluram.”- deyə bildirib. Daha sonra deyib ki, bəzi həll olunacaq milli məsələlər var ki, onların ictimailəşməsi lazımlı deyil. (həmin məsələlər görüş zamanı gənclərə deyilib).

Görüşün ikinci hissəsində təşkilatın rəhbər gəncləri çıxış ediblər. Onlardan Hüseyn Günəşli, Mehman Həsən, Fərid Qasımov, Rəşad Abdulrahmanlı, Ceyhun Nəbili, Nicat Cəmilzadə, Habil Yaşar, Samir Nəbili, Röyal Cəbiyev, Mehman Məmmədov, Sübhan Həmidli, Seymur Bağırov müxtəlif məsələlər ətrafında çıxış edərək sədrə öz suallarını ünvanlayıblar. Fərəc Quliyev gənclərin sullarını cavablayaraq onların həyata keçiriləcək proqrama dair təkliflərini qeyd edib. Belə qərara alınıb ki, həmin təkliflər gənclərin daxili toplantısında sistemləşdirilib müəyyən zaman çərçivəsində mərhələli şəkildə həyata keçirilməyə başlanılsın.