Fərəc Quliyev: “Sarkisyan lap özündən çıxdı”

ferec-quliyev-sarkisyan-lap-ozunden-cixdi
Oxunma sayı: 827


Məlum olduğu kimi, Azərbaycanın üç nəfər millət vəkilindən - Azay Quliyev, Fərəc Quliyev və Rövşən Rzayevdən ibarət nümayəndə heyəti "Avronest" Parlament Assambleyasının Ermənistanda keçirilən komitə iclasında iştirak etmək üçün bu ölkədə səfərdə olublar. Səfər düşmən ölkənin ərazisində daha çox millət vəkillərimizin cəsarətli çıxışları ilə, Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etmələri ilə yadda qalıb.

Müəyyən detallarla bağlı deputatlar qayıtdıqdan sonra Azərbaycan KİV-ə açıqlamalar veriblər. Sözügedən səfərin, ordakı çıxışların Azərbaycan ictimaiyyətində maraq doğurduğunu nəzərə alaraq daha detallı şəkildə təqdim etməyi qərara aldıq və bunun üçün nümayəndə heyətinin tərkibində yer almış Fərəc Quliyevə müraciət etdik. Millət vəkili öncə səfərin əhəmiyyəti barədə danışdı və Ermənistanda keçirilən məlum iclasda iştirakın vacibliyini şərtləndirən məqamlara toxundu.


- Bu səfərin böyük əhəmiyyəti var idi. Ona görə əhəmiyyəti var idi ki, ən azından Azərbaycanda aprel ayında "Avronest"in plenar sessiyası olacaq. Təbii ki, burda Azərbaycan nümayəndə heyətinin hər hansı bir fikir söyləməsi belə qəbul edilə bilər ki, biz öz meydanımızdayıq və bu fikirləri ona görə söyləyirik. Amma bizim İrəvanda komitənin iclasında çox açıq şəkildə fikirlərimizi söyləməyimiz, Azərbaycanın mövqeyini çox açıq şəkildə ortaya qoymağımız artıq həm də aprel ayında bizim üçün çox ciddi meydan oldu. Ki, biz məkan kimi hara olursa olsun, sadəcə olaraq həqiqətləri ortaya qoyuruq.

- Mətbuata açıqlamalarda vurğulandı ki, səfəriniz zamanı müəyyən maneələr oldu. Yalnız aeroportda rastlaşdığınız insidenti nəzərdə tuturdunuz, yoxsa başqa problemlər də yaradıldı?

- Bizə iki halda mane oldular. Biri budur ki, Azərbaycan nümayəndə heyəti Avropa Birliyinin rəhbərliyi ilə əvvəlcədən yazışmalar apardı. Onlar da ermənilərlə danışdılar. Erməni tərəfi zəmanət vermişdi ki, bizi Moskvada qarşılasınlar və ordan götürüb Ermənistana aparsınlar və qayıdanda yola salsınlar. Amma biz Moskvaya gedəndə bizi qarşılayan olmadı. Onlar bu mühiti yaratmaqla bizim ordan geri qayıtmağımızı təmin etmək istəyirdilər. Lakin biz qayıtmadıq. Moskvadan erməni protokolu ilə danışıldı ki, siz qaydanı pozmusunuz, amma biz gəlirik, orda qarşılayın. Onlar dedilər ki, yaxşı, sizi burda qarşılayarıq, təhlükəsizliyiniz təmin olunar. Biz orda aeroportdan düşəndə də bizi qarşılayan olmadı, ümumi qaydada çıxdıq. Sərhədçilərə özümüzü təqdim edib, Azərbaycan nümayəndə heyətinin üzvü olduğunu bildirəndə, təəccüblə qarşıladılar və bizi təcrid otağına apardılar. Mətbuatda bəzən təcridxana deyirlər, amma bizi xüsusi olaraq bir məhbəsə aparmayıblar. Aeroportda bir təcrid otağına apardılar və təxminən 40 dəqiqə saxlayıb guya, dəqiqləşmə aparandan sonra çıxardılar və otelə götürdülər. Bu artıq onların ya bizi ora buraxmamaq, ən pis halda biz qorxutmaq və yumşaq davranışlarımıza nail olmaq cəhdləri idi. Amma buna baxmayaraq mövqeyimizdə qətiyyətlə dayandıq. Açığı, bizim düşüncəmizdə bu idi ki, ora ancaq gündəliyə salınan məsələlərin müzakirəsi üçün gedirik. Gündəliyə vətəndaş cəmiyyəti ilə yerlərdə hakimiyyət arasında münasibətlər, gender bərabərliyi və s.? Əlbəttə, Azərbaycanın mövqeyinə toxunulacaqsa, cavab verəcəyik. Bizim səfərimizdə sırf bu nəzərdə tutulmuşdu.

- Ermənistan prezidenti ilə görüş arqessiv notlarla yadda qaldı. Vurğuladınız ki, daha çox gündəlikdə duran məsələlərlə bağlı danışmağı planlaşdırmışdınız. Necə oldu ki, Qarabağ mövzusu açıldı?

- Biz elə həmin gün Ermənistan prezidenti Sarkisyanla onun sarayında görüşdük. O görüşdə 14 Avropa ölkəsi və Şərq tərəfdaşlığı ölkələri iştirak edirdi. Sarkisyanın çıxışından sonra başqa nümayəndələr çıxış etməyə başladılar. Orda Avropa nümayəndələri Sarkisyana Qarabağın qovulmuş əhalisinin qayıtması problemi ilə bağlı sual verdilər. Və bununla artıq Qarabağ mövzusu açıldı. Onun verdiyi cavablar, təbii ki, öz ampluasında olan cavablar idi.

Azay Quliyev belə bir məsələ qoydu ki, mən Sisyanda doğulmuşam, atamın qəbrini ziyarət edə bilmirəm. Belə adamlar çoxdular və belə məhdudiyyət niyə olmalıdır, biz ora getməliyik, ora öz torpağımızdır. Rövşən Rzayev isə münasibət bildirdi ki, biz erməni və azərbaycanlı icmaları arasında danışıqlarda maraqlıyıq. Bu iki məsələyə Sarkisyanın cavabı bu oldu ki, siz ordan köçüb getmisinizsə, o demək deyil ki, ora sizin vətəninizdir. Azərbaycandan da xeyli erməni köçüb gəlib, o zaman belə çıxır ki, ora da bizim vətənimizdir. Amma mən bütün müsahibələrimdə demişəm ki, Ağdam mənim vətənim deyil. Bununla bu adam artıq işğalçılığını etiraf etdi. Bu zaman mən söz aldım və bildirdim ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. O qətnamələr icra edildiyi halda Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisindən tam çıxarıldığı Azərbaycan dövləti Dağlıq Qarabağın etnik kökənli erməniləri ilə danışıqlara gedib, orda Azərbaycan vətəndaşları ilə birlikdə yaşamalarını təmin edə bilər. Dedim ki, Azərbaycan dövləti dəfələrlə buna zəmanət verdiyini bəyan edib.

Onun yadına saldım ki, deyirsən ki, Azərbaycan dövləti beynəlxalq qanunlara əməl etmir. Dedim ki, siz etmirsiniz. Münaqişənin həlli yalnız Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında olmalıdır. Məcburi köçkünlər öz yerlərinə qayıtmalı və azərbaycanlılarla ermənilər Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda Azərbaycan qanunları ilə Azərbaycanın tərkibində yaşamalıdır. Ona çağırış etdim ki, Azərbaycan ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasına əməl edir. Amma siyasi məsələlərdə narazı olmağınıza baxmayaraq, beynəlxalq hüquqa hörmətsizlik etmək lazım deyil. Arxasınca təklif etdim ki, Avropa Birliyi Cənubi Qafqazda münaqişənin həlli ilə bağlı təşəbbüsü əlinə götürsün və beynəlxalq konfrans çağırsın. Burda da bir yol xəritəsi göstərilsin. Münaqişə bölgəsindəki vəziyyət də obyektiv qiymətləndirilsin. Bu, Sarkisyana çox sərt cavab oldu. Çünki bundan əvvəl demişdi ki, Azərbaycan beynəlxalq qanunlara əməl etmir. Amma mən bu məsələləri sadalayandan sonra çıxılmaz vəziyyətdə qaldı, heç bir cavab verə bilmədi. Sadəcə olaraq Minsk Qrupunun ətəyindən tutdu ki, yox, Minsk Qrupu var və istəyirik məsələlərə bu çərçivədə baxılsın və s. Mənim ardımca Litva parlamentinin nümayəndəliyi eyni məsələyə toxundu ki, onlar Litva seymində Dağlıq Qarabağ məsələsini gündəliyə salmaq istəyir. Sarkisyan lap özündən çıxdı ki, ondan tələb etdi ki, Azərbaycanın mövqeyindən danışmasın. Bildirdi ki, siz kimsiniz ki, Qarabağı tanımırsınız və s. Artıq məsələlərə qeyri-adekvat, nizamsız, pozulmuş şəkildə münasibət bildirirdi. Sözümün canı odur ki, biz orda iştirak etməsəydik, Sarkisyan ən azından Qarabağ məsələsi ilə bağlı verilən suallara istədiyi cavabı verəcəkdi. Həm də belə təəssürat yaratmağa çalışacaqdı ki, beynəlxalq qanunları Azərbaycan pozub. Amma biz orda konkret mövqe qoyduq və həqiqəti ifadə etdik. Həmin gün iclasda bizim nümayəndə heyətinin üzvləri Azay Quliyev və Rövşən Rzayev çox fəal iştirak etdi və gündəlikdə olan məsələlərlə bağlı çıxışlar etdilər.

- İclas iştirakçılarının tərkibi ilə bağlı da etirazınız oldu. "Dağlıq Qarabağ Respublikası"nın nümayəndəsinin iştirakına etirazınıza ermənilərin reaksiyası necə oldu?

- Çox kəskin. Biz iclas keçirilən məkana gedəndə, onlar "Dağlıq Qarabağın nümayəndələri" üçün yer ayırmışdılar. Onun oturacağı masaya plakat qoymuşdular. Bizim katib Vüqar Məmmədov onu gördü və etirazlardan sonra həmin plakat götürüldü. Burda Ukrayna nümayəndə heyətinin üzvü Tarasyukun da xidmətləri oldu. Ermənilərin etirazlarına baxmayaraq ona nail olduq ki, həmin plakat ordan götürüldü. Mən üzr istəyirəm ifadəmə görə, təsəvvür edin bunların həyasızlıqları hansı həddə çatıb ki, Dağlıq Qarabağın nümayəndə heyətinin adından "Avronest"ə nümayəndə gətirib orda çıxış etdirməyə hazırlaşırdılar. Biz onu aradan qaldırdıq. Bütün məsələlərə Azərbaycan nümayəndə heyəti çox fəal şəkildə müdaxilə etdi. Ümumiyyətlə, biz ora getməklə ermənilərin bütün planlarını poza bildik.

- Məlumdur ki, Azərbaycan nümayəndə heyəti iclasın proqramında yer alan "soyqırım" abidəsini, muzeyi ziyarət etməyib. Bu mənada iştirakçılardan sizə həmrəy olan oldu?

- Açığı, biz ora kimin gedib-getməməsi ilə maraqlanmadıq. Amma bildiyim qədər, Ukrayna nümayəndə heyətinin rəhbərliyi Tarasyuk orda iştirak etməmişdi.

- Erməni mediası sizin çıxışınızı necə işıqlandırdı? Təhrifə rast gəldinizmi?

- Mən erməni dilini bilmirəm. Amma biz oteldə erməni televiziyalarına baxanda görürdük ki, tədbiri geniş işıqlandırırlar. Mətbuatda da bizim boykot məsələmizə toxunmuşdular. Onlar indi çox narahat olublar ki, qarşılama mərasimindəki protokolu pozdular. Moskvada qarşılamadılar. Bizi təcrid otağına aparmaları onlara çox toxunub. Onlar boyun qaçırırlar ki, yox, belə şey olmayıb. Burda söhbət Azərbaycan dövlətinin nümayəndələrindən, millət vəkillərindən gedir, fərdlərdən getmir. Xatırlayırsınızsa, onlar Bakıya gələndə hətta mühafizə altında gedəndə belə şillə vurmuşdular. Biz heç bir mühafizə olmadan Ermənistana gedirik, bizi qarşılamırlar. Bu, Azərbaycan dövlət məqamlarına hörmətsizlikdir. Hər bir hadisə ola bilərdi. Bir vaxt vertolyot hadisəsi baş vermişdi. Biz adamları itiririk, sonra başlayırıq onları qorumağa. Mən orda iştirak etsəydim, bu məsələnin üzərinə daha ciddi gedərdim. İndi getməyim bir qədər təvazökarlıqdan kənar olar. Onların Azərbaycan nümayəndə heyəti ilə çox riskli davranışları, protokol qaydalarına əməl etməmələrinə görə hesab edirəm ki, Azərbaycan tərəfdən ən yüksək səviyyədə etirazlar göndərilməlidir. Onlar bununla özlərini bəlaya saldılar. İndi mətbuatda özlərinə bəraət qazandırmağa çalışırlar ki, biz 24 saat onların mühafizəsi ilə məşğul olduq. Oldular, amma aeroport hadisəsindən sonra. Başqa yolları da yox idi. Bizim gözümüzü qıra bilməyəndən sonra başqa yolları da qalmamışdı.

- Azay bəy belə bir açıqlama verdi ki, Ermənistan ictimaiyyəti Qarabağın danışıqlar yolu ilə qaytarılmasında maraqlı deyil. Maraqlıdır, Azay bəy erməni ictimaiyyətinin rəyini necə öyrənə bildi?

- Mən Azay bəyin fikrinə şərh verə bilmərəm. Bizim orda cəmiyyətlə demək olar ki, təmaslarımız olmadı. Orda ancaq oteldə, iclas zalında olduq, heç yerə çıxa bilmədik. Amma oteldə iclasda onların parlamentariləri ilə söhbətdə və Sarkisyanla görüşdə təbii ki, ancaq erməni istəyi, strategiyasına sadiq qaldıqları hiss olunurdu. Amma mən həm də onu müşahidə etdim ki, ermənilər həm də onun fərqindədirlər ki, hərəkətlərinin girovuna çevriliblər, mövcud vəziyyət onları qane etmir. Onlar etiraf edirdilər ki, pis vəziyyətdə qalıblar. Orda görüşlərdən birində bizim nümayəndələrdən kimsə onların yadına saldı ki, təkcə Gürcüstandan kəmərlərimizin keçməsi üçün tranzit haqqı olaraq ildə 4 milyard dollar civarında pul veririk. Sizin heç illik büdcəniz bu qədər deyil. Özünüzü bütün bunlardan kənarda saxlamısınız, bir az ədalətli davranın ki, bu tipli əməkdaşlığa yer qalsın. Yəni onlar bunun fərqindədirlər. Maaşlarından, iqtisadiyyatlarından danışırdılar ki, çox aşağı səviyyədədir. Ümumiyyətlə isə, biz bütün ictimai rəyi öyrənə bilməzdik. Amma hiss olunurdu ki, onlar Dağlıq Qarabağın danışıqlar yolu ilə qaytarılmasında maraqlı deyillər və Sarkisyanın yekəxana danışıqları onu göstərirdi ki, onlar danışıqlara əhəmiyyət vermirlər. Minsk Qrupunun "tormoz" rolunu oynaması, heç bir iş görməməsi onlara sərf edir və mənim Avropa Birliyinin təşəbbüsü ələ götürmək fikrim və Litva deputatının məni müdafiə etməsində, Sarkisyanın da mövqeyinin bu olması ki, yox, Minsk Qrupu var və ancaq ona istinad etməliyik, onu göstərdi ki, görünür, Azərbaycan tərəfi özünün şübhələrində yanılmayıb. Fransa da daxil olmaqla Minsk Qrupunun Azərbaycana heç bir faydası olmayacaq.

- Səfərdən sonra münaqişənin həlli ilə bağlı düşüncələriniz necədir?

- Mən artıq gördüm ki, Ermənistanı müdafiə edən Avropa ölkələri həqiqəti bilirlər və ən azından bizim əleyhimizə fikirləri olmadı və görüş zamanı bir neçə dəfə bizim mövqeyimizdən çıxışlar edildi. İkinci bir tərəfdən artıq Qərb başa düşüb ki, Azərbaycan onun müttəfiqidir və yeni dünya dəyərlərinin formalaşmasında Azərbaycanın mövqeyinə daha çox ehtiyac var. Bu səbəbdən də Azərbaycanın, həqiqətin yanındadırlar.

Həm də onu müşahidə etdim ki, Ermənistan biz düşündüyümüzdən də qat-qat zəifdir. Azərbaycanın bütün hallarda danışıqlarda bir şeyə nail olması çətin məsələdir. Əlbəttə, danışıqlar getməlidir ki, Avropada həqiqəti daha yaxından bilsinlər. Amma günün birində bir "fors major" vəziyyətdə Azərbaycan ən ciddi addımlar atmaq üçün hazırlığını görməlidir. Biz çox qısa zaman ərzində torpaqlarımızı geri qaytarmaq imkanlarına malikik və Ermənistanın bizim qarşımızdan bərabər imkanları yoxdur. Mən buna səfərdən sonra daha çox əmin oldum.

Firdovsi Fərzəliyev