Fərhad Əliyev onu tənqid edən jurnalistlə görüşdü

ferhad-eliyev-onu-tenqid-eden-jurnalistle-gorusdu
Oxunma sayı: 661

Almaniya Xarici İşlər Nazirliyinin dəstəyilə keçirilən həbsxanalarda alternativ preventiv mexanizminin tətbiqi ilə bağlı layihənin rəhbəri, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayevin “Qafqazinfo”ya verdiyi məlumata əsasən, monitorinq zamanı qrupun gəldiyi nəticə ondan ibarətdir ki, bəzi qüsurları çıxmaq şərti ilə ümumilikdə müəssisədə gedən yenidənqurma işləri müsbət qiymətləndirilə bilər. Lakin qüsur və çatıçmazlıqlar müəssisənin rəisi ilə müzakirə edildi və bununla bağlı Ədliyyə Nazirliyinin rəhbərliyinə müvafiq hesabat təqdim ediləcək.

Monitorinq zamanı Eynulla Fətullayev bu müəssisədə saxlanılan keçmiş iqtisadi inkişaf naziri, hazırki siyasi məhbus Fərhad Əliyevlə də görüşüb. Görüşlə bağlı öz təəssüratlarını bölüşən hüquq müdafiəçisi bildirdi ki, Fərhad Əliyevin durumu Avropa Şurası İnsan haqları komitəsinin gündəliyindədir: “Onun adı siyasi məhbuslar siyahısındadır. Ötən il Avropa İnsan Haqları Məhkəməsinin Fərhad Əliyevlə bağlı qərarı çıxıb. Təəssüf ki, bu qərar hələ də icra olunmayıb. Fərhad Əliyevlə bu barədə də ətraflı fikir mübadiləsi apardıq. Vaxtilə onu ən çox tənqid edən jurnalistlərdən biri idim. Buna baxmayaraq, çox səmimi söhbət etdik. O, bütün tənqidlərə konstruktiv münasibət bəslədiyini etiraf etdi. Saxlanma şəraitinin onu qane edib-etmədiyini soruşdum. Dedi ki, saxlanma şəraiti onun şəxsiyyətinə və cəmiyyətdəki mövqeyinə adekvat deyil. Amma xüsusi bir narazılığı da yox idi. Əlbəttə, cəzaçəkmə müəssisəsi sanatoriya yox, həbsxanadır. Həbsxanadakı hər bir gün ziyalı insan üçün sarsıntıdır. Amma əhval-ruhiyyəsi normaldır. Özünü yaxşı hiss etdiyini dedi”.