Fətva

fetva
Oxunma sayı: 704

Ardınca bu fətva hansısa muzdlu qatil və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə iştirakçılığı ilə yerinə yetirilir. Sonrası Fətva xəstəliyi yayılır bütün Azərbaycana. Həm də yazıçı Rafiq Tağı öldürüləndən sonra dinli-dinsiz, imanlı-imansız bütün vətəndaşların fətvadan xoşu gəlməyə başlayır. Qəzet əhlıi arasında onsuz da fətva verənlər geninə-boluna idi. İndisə əlinə qələm alan hər kəs bir hədəf seçib fətvasını verir. Necə ki, Ayəsiz Tullah Elnur Astanbəyli hər gün ölkənin ən urvatsız demokrat qəzetində ədəbiyyat, sənət, siyasət sahəsində dürlü-dürlü fətvalarını açıqlayır: Anara ölüm hökmü, Kamal Abdullaya yazmaq qadağası, İlqar İbrahımoğluna İctimai Palatada oturma qadağası, Pənah Hüseynə dünyəvi platformadan uzaqlaşdığına görə etiraz tələbi içərən bu fətvaların sayını artıq itirməkdəyik. Arasıra bizim də ünvanımıza aforizmlərlə müraciət edir ki, bəs ağ və qara rəngdən başqa boz rəng də var. Yəni özünün illərdir gəlib yetişdiyi rəng-boya təqdimatını da gözümüzə soxmuş olur. Höccətül Köşə Zamin Məşədi də bir tərəfdən Eynulla Fətullayevin fətvasını verir ki, niyə Eynulla onun kimi düşünməkdən vaz keçib. 18,6 sm.lik Əllamə Seymur Baycan da Koroğlu törəməsi kimi yediyi plovun xoş məziyyətlərindən danışıb, bizim Həcc ziyarətimizin fəsadlarını dilə gətirib öz fətvasını verir. Axund Güləhmədoğlu və sairə Köşə mollaları hamısı başlayır öz fətvalarını verməyə. Nə baş verir bu ölkədə? Ədəbiyyatı Ədəbsiziyyata çevirmiş bir qrup sərsəri günün yazılarını fətva mətnlərinə çevirərək hara yol alırlar belə?

İlin başlarının ən üzücü fətvası da bir qrup hörmət etdiyim, həmkarım və ya dostum olan aydınlardan gəldi. Mərhum Rafiq Tağının ölümü ilə bağlı bəlkə də bir nəfərin üzündən keçməyərək, yaxud da yas məclisinin ab-havasında imzalanan Fətva-Bəyanat heyrətləndirdi məni. Tam əminliyim var ki, bir çox dostlarımız mətnlə tanış olmadan, təqdim edənə güvənərək bu cür avantürist bir sənədə imzalarını qoymuşlar. Sora bilərlər ki, tanımadığınız, yaşamadığınız bir həyat fenomeninə bu qədər nifrətin, qorxunun qaynağını necə izah edəcəksiniz? İranın İslama nə dəxli? Ayətullah, Axund, Höccətülislam kimi titulların İslama nə dəxli? Terrorun İslama nə dəxli? Və ən sonda hansı ciddi elm adamı isbat etmiş ki, biz Azərbaycan Türkləri islamı zorla qəbul etmişik? Zorla qəbul edilən bir din əsrlərdir insanların həyatının ayrılmaz bir parşasına çevrilərmi? Və ən sonda sapıq bir Babəkin irsini davam etdirmək bu gün hansı normal azərbaycanlının düşüncəsində yer ala bilər? Miladın ilk minilliyinin kommunust nəzəriyyələri sayılan Məzdəkizmin və Babəkizmin Azərbaycan türklərinə nə aidiyyəti var? İslamı Ərəbin dini deyə aşağılayan dostlarımızla insan ölümü üçün fətva verən bir İran Ayətullahın hansısa fərqini görmək olarmı? Bu ölkədə din adına yaşananların böyük əksəriyyətinin İslama aidiyyatı olmadığı halda bu böyük insanlıq dinini hədəf seçməyin hansı məntiqi izahı ola bilər? Nəhayət ki, biz görüşlərimizi istənilən ciddi ortamda müdafiə edə bilərik ki, Azərbaycanda İslam təhlükəsi yoxdu, dinsizlik və dinçilik təhlükəsi var! Çünki öz gerçək mənasına uyğun İslam anlayışı Azərbaycanda son bir neçə ildir yer almağa başlayır. İslam adını hədəfə çevirən İranın antidemokratik siyasi rejiminə qarşı ittihamları açıq mətnlə İslama qarşı yönəltmək heç bir halda sağlam yanaşma sayıla bilməz. Şimali Koreyanın da adı Xalq Demokratik Respublikadır, indi bu məntiqlə Koreyaya görə demokratiyaya qarşı nifrət bəsləməkmi lazım?

Ötən il baş verən bir sıra qəribəlikləri görəndən sonra daha belə işlərə təəccüb etməyəcəyimi düşünürdüm. Ötən ilin ən böyük axmaqlığı (bu sözü saxlamaqda israr edərək sağduyulu oxuculardan üzr istəməyi də unutmuram) haqqında sorsanız heç tərəddüdsüz üç yazarın bir siyasətçiyə verilən məhkəmə hökmünü ədalətsiz hesab edərək Müsavat partiyasına keçməyini qeyd edərdim. Məgər ki, hansısa partiyaya lideri qəbul edib keçərlər, Məramnaməni bəyənib keçərlər, ən yaxşı halda ideologiya uyğunluğuna görə, yaxud seçkidə yer qazanmaq üçün keçərlər. Məgər ki, bu kimsələr həmin siyasətçi (Allah qapısını açsın!) həbsdan çıxan kimi mütləq partiyadan çıxmalıdırlar. Yəni artıq partiyaya giriş məqsədlərinə çatmış olurlar. Sonra yenə də kiminsə haqqında ədalətsiz məhkəmə hökmü olanda və tutaq ki, o şəxs QHT başçısıdırsa, həmin QHT-yə qoşulacaqlar. Sonra yenə həbs olayı tamamlanan kimi oradan da çıxacaqlar. Bütün bu gəzişmələrdən sonra Ayəsiz Tullah Elnur Astanbəyli həzrətləri son yazıların birində enində-sonunda partiya siyasətindən usanaraq gəlib mətləbin üstünə. Doğma partiya başqanına və ögey firgə sədrinə müraciət ünvanlamış ki, bəlkə biz fikirlərimizi xalqa doğru anlada bilmirik? İnsanlar arxamızca gəlmir axı? deyibən giley-güzarını ortaya qoymuş.

İnsan sənin arxanca niyə gəlməlidir, yavrum? Gəlməz. Yazdığın cəsur yazı qorxaq təbiətinlə harmoniya təşkil etmədiyinə görə. Öz baxışlarınızı, mövqelərinizi səmimi şərh etmədiyinizə görə. Bu gün müxalifətin sərt cinahında olmaq hələ əxlaqlı, vətənsevər, fədakar insan olmaq demək deyil. Məhz bunu anlamadığınıza görə. Üstəlik də mövqelərinizi cəsarətlə izah edə bilmədiyinizə görə. İşin başqa mənəvi tərəfi də var. Sizin təbirinizlə hakimiyyətə işləyən Böyük Quruluş Partiyasının iki il rəhbərliyində olmuş bir adam kimi indi öz liderlərini demokrat olmamaqda suçlarkən heç mi vicdanın sızlamadı? Böyük Quruluşçu ola bilməyənlərə heç Kiçik Müsavatçılıq da nəsib olmur, yavrum.

Bütün bu olub-bitənlərdən sonra ötən günlərdə Aşura günü ilə bağlı Müsavat başqanı İsa Qəmbərin açıqlamasını oxuyanda qəribə bir təəccüb doğdu içimdə. “Aşuranın istirahət günü məsələsinin hələ vaxtı yetişməyib”. Ya olar, ya olmaz. Necə yəni vaxtı yetişməyib, hörmətli İsa Bəy? Sizə qəribə gələ bilər, mən siyasətdə Pənah Hüseyn məcaraçılığına ciddi təhlükə kimi baxan “adamların küçəyə çıxa bilmədiyi”, “insanların boğazına zorla çörək əvəzinə jmıx soxuşdurulduğu” ötən yüzilin mənfur 90-cı illərinin cəbhəçi quşağının öncüllərindən biri kimi, bu dəfə Pənah Hüseynin çevik ağlından doğan bu təklifi tam dəstəkləyirəm: Aşura günü istirahət günü elan edilməlidir!

Siyasətçi xalqın bir bölümünün nə istədiyinin fərqinə varıb təklif verib, niyə öz yoldaşınızın xalqın əhəmiyyətli hissəsinin duyğularına xitab edən bu təklifini müdafiə etməkdən çəkinirsiniz? Baxın, Aşura gününün İslam dininə heç bir dəxli yox. Ağlamaq, baş yarmaq, kin ifadə etmək, Allaha həvalə edilməli cəzanın insan tərəfindən gerçəkləşməsi səhnəsini qurmaq, dinin ruhani mahiyyətindən uzaqlaşıb mərasimçiliyə can atmaq vs. vs. 365 gün İmam Hüseynin ibadət həyatını yaşamayıb, bir gün onun ölüm səhnəsini yaşadanların səmimiyətini Allaha buraxaq. Ancaq bir gerçək var ki, Aşura bütün hallarda bu xalqın əhəmiyyətli hissəsinin mərasim adətidir. Həmin gün həqiqətən də anlayan-anlamayan hər kəs dükanını bağlayır, içki içmir, nəzir verir, bu və ya digər formada yas saxlayır. Yəni faktik olaraq iş günü kimi xeyli vətəndaşımız bu günü istifadədən imtina edir. İndi bir siyasətçi xalqın səsini almaq istəyirsə, onun rəğbətini qazanmaq istəyirsə, ona yaxınlaşmaq üçün belə bir təklif verməsinin qəbahət tərəfini mənə izah edin, cənab Höccətülköşə yazarlar! İstanbulda Cəfərilərin mərasiminə qatı laikçi, solçu CHP Başqanı Kamal Kılıcdaroğlu qatılanda dünyəvilikdən imtina etmədi ki? Vətəndaşın inancına, onu qəbul etməsən belə, sayğılı davranmağa borclu deyilmi bir siyasətçi? Ona görə də ölkənin gələcəyi üçün başqa yol arayan hər kəsi satqın, əqidəsiz, hakimiyyətə işləyən adlandıraraq öz qapandığınız adanızdan boyunuzu çıxara bilmirsiniz. Və addım-addım qlobal istiləşmə sizin adanızı suya qərq etməkdədir.

Eynulla Fətullayevə qarşı amansız münasibətinizin, inkarçı yanaşmanızın da eyni xəstəlik olduğunu görmürsünüzmü? Adam ya başını divara vurub yenə dönməlidi həbsxana küncündə ölüm-qalım savaşına, ya da reallıqları görərək cəmiyyətə, həbsxana küncündə qalan beş-on məhbusa fayda verməyi düşünməlidir. Axı sizləri nə həbsxanaya, nə əsgərxanaya aparan yoxdu, çünki hakimiyyət üçün heç bir təhlükə deyilsiniz. Sizin köşələrinizdən gələn cik-cik səsinə heç daş atan da yoxdur, ancaq həbs edəndə baş redaktorlarınızdan yapışırlar. İndi onlar da az-çox ölkədə baş verən özbaşınalıqlarla bağlı yazıları yığışdırıb, sizin ittihamlarla qarşılaşmasınlar deyə, qəzetlərini bağlasınlar? Vallah, billah sizin yetişdiyiniz məktəbin Nəcəf Nəcəfova heç bir dəxli yoxdur. Əbülfəz Elçibəyə heç dəxli yoxdur. Elə Aşura günü görüntü üçün şivən qoparanların İmam Hüseynə dəxli olmadığı kimi. Sarkisyanla öpüşən Əhmədnicatın da müsəlmanlığa dəxli olmadığı kimi.

Bütün bu fətvalar azmış kimi Azərbaycanı illərdir yönəldən iqtidar da sizlərə baxıb özünün gözlənilən fətvasını verdi. Bu fətvanın özəti budur ki. 2012-ci ilə demokratiyaya hazırlıq ili kimi başlamaqdan imtina etdi. Yenə də vicdan məhbusları, yenə də beynəlxalq qurumlarla cılız söz güləşdirmələri. Dialoq, müzakirə hamısı boş söhbətlərdir, dəyişən heç nə yox. Korrupsiya da dövlətimizin alt sütunlarından biri olduğuna görə heç nəyi və heç kimi yerindən tərpətmək olmaz. Xüsusilə də çevrədə olub bitənlərdən də hansısa nəticə çıxarıldığı düşünülməsin. Harda qırılar-qırılar. Zavallı xalq iki aşırı ucun ortasında qalmış. Biri on səkkiz il altı aylıq iqtidarın iti ucu, digəri on səkkiz il altı aylıq müxalifətin paslı ucu. Biri kəsib doğrayacaq, biri irinlədəcək.

Allah istedadlı yazarımız Rafiq Tağının günahlarını bağışlasın! Allah onu qətlə yetirənlərin cəzasını versin!

İnsanın içindən sevgini, xoşgörünü çıxarsan nə olursa, İslamın da içindən sevgini, xoşgörünü çıxarsan o olur. O İnsan da, O İslam da həqiqətən təhlükədir!

Bəlkə də bu mənim həqiqətən sahib olduğum sevgiyə, xöşgörüyə layiq yazı olmadı. Sevgimi, xoşgörümü qaytarana qədər Fətva verməyə tələsmirəm!

03 Yanvar 2012