FHN məhkəməyə verildi

fhn-mehkemeye-verildi
Oxunma sayı: 668

Hazırda məhkəmə çəkişməsi davam edir və növbəti proses sentyabrın 3- də 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsində keçiriləcək. Bir neçə gün öncə isə daşqınların təsirinə məruz qalmış daha 8 nəfər məhkəməyə müraciət edərək onlara dəyən ziyanın obyektiv qiymətləndirilməsi və ödənilməsi tələbi ilə Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıblar. “Qafqazinfo”nun məlumatına görə, digər tərəfdən iddiaçılar öz ərizələrində daşqınların baş verməsində bir başa günahkar olan, bu istiqamətdə dövlət büdcəsindən ayrılan iri həcmli vəsaitləri aidiyyatı üzrə səmərəli və şəffaf xərcləməyən Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin də məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Yeri gəlmişkən qeyd edək ki, 2004- 2011- ci illər ərzində Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, meliorasiya, drenaj və s. işlər üçün ayrılmış 1,1 milyard manat vəsaitin xərclənmə istiqamətləri, görülən işlərlə bağlı Meliorasiya və Su təsərrüfatı ASC “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən ünvanlanan İnformasiya sorğusunu tam cavablandırmadığı üçün Qərargah tərəfindən məhkəməyə verilib və hazırda məhkəmə çəkişməsi mərhələsindədir.

Qeyd edək ki, məhkəməyə müraciət edənlər Sabirabad, Saatlı və İmişli rayonunun sakinləridir. İddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. Onlara hüquqi xidmət isə Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən həyata keçirilir.