Fikir azadlığının qurbanları: - Əvəz Zeynallı və Rafiq Tağı

fikir-azadliginin-qurbanlari-evez-zeynalli-ve-rafiq-tagi
Oxunma sayı: 716

Əvəz Zeynallı şərlənib həbs olunandan onun haqqında yazmaq istəyirdim. Ona görə yox ki, bu saf insanı tanıyırdım və onun insanlıq sevgisinə bələd idim. Ona görə yazmalıydım ki, azad fikirlərinin güdazına gedən bir jurnalistin müdafiəyə ehtiyacı var və bu ehtiyac onun Azadlığa çıxacağı günə qədər də davam edəcək. Digər tərəfdən, Əvəz Zeynallı haqqında yazmaq üçün ikinci bir Qəhrəmana ehtiyac vardı. Deyəsən, bu Qəhrəman öz varlığını özü mənim yadıma saldı. Elə bu yazının yazılmasını da özü izah etdi.

Bilmirəm nədənsə, mən ikisini də tanıdığım gündən onları bir-birinə daha çox bənzədirdim. Amma bu bənzərliyin nədən ibarət olmağını tapa bilmirdim. Rafiq Tağının reanimasiyadan palataya köçürüldüyü gün (21 noyabrda) onun yanına getdim. Palatada tək idi. Yatmışdı. Asta səslə, “Şükür bu günə, yaxşıdı” dedim. Səsimə gözlərini açdı və ilk işi gülümsünmək oldu. Hadisənin necə olduğunu danışdı. Sonra Əvəz Zeynallını soruşdu. Onun sualına cavab vermədən, Əvəz Zeynallı üçün yazacağım yazının digər Qəhrəmanı olacağını dedim. Dedim ki, Sizi bir-birinizə oxşadıram, amma bu oxşarlığı tapa bilmirəm. Udqunub, yalnız bunları dedi: “Əvəz də, mən də sözün qurbanı olduq!”

Ayrılanda isə tapşırdı ki, yazını yazandan sonra çap olunmamış mənə oxu! Sözün qurbanı olduğunu deyən Rafiq Tağı hətta, xəstə yatağında belə sözə qarşı bu qədər ehtiyatlı davrandığını nümayiş etdirdi.

Qəhrəmanlarımdan biri – Rafiq Tağı bu yazını oxumadan həyatdan, doğmaları arasından, sıramızdan vaxtsız getdi. Amma sözün digər qurbanı Əvəz Zeynallı oxuyacaq! Həm oxuyacaq, həm də azad sözün müdafiəsində duracaq! İndiyədək durduğu kimi.

Gündəlik nəşrə başlayandan sonra “Xural”da həftəlik “Ünsiyyət” rubrikası üçün dəvət olunacaq qonaqlar haqqında düşünürdük. Həmin gün maraqlı bir hadisə oldu. Mən Rafiq Tağı ilə telefonla danışıb, görüş vaxtı təyin etmişdim. Qonağın kimliyindən xəbəri olmayan Əvəz Zeynallı bir xahiş etdi. Dedi ki, “kimi istəyirsən, dəvət elə, amma yaxşı olardı ki, birinci Rafiq Tağıyla söhbət edəsən.” Bu təsadüf-filan deyildi. Sadəcə olaraq, azad söz sahibinin ünvanını göstərmək idi. Rafiq Tağı özü də Əvəz Zeynallı ilə istəklərimizin üst-üstə düşməyinin bu qəribəliyinə gülmüşdü.

Ölümündən sonra sosial şəbəkədə paylaşılan bir müsahibəsində Rafiq Tağının xeyirxahlığı haqqında oxudum. Ağır şəraitdə yaşayan məcburi köçkün ailəsinə həkim kimi gedən Rafiq Tağı pulunun az olmasına baxmayaraq, həmin ailəyə yardım edib. Bir ailənin çətin günündə onun etdiyi xeyirxahlıq əsl insanlıq nümunəsidir. Əvəz Zeynallı ilə bağlı bənzər hadisəni isə şəxsən özüm görmüşəm. Bir dəfə günümüzün çox məşhur bir jurnalisti evdə heç nə olmamasından danışdı. Əvəz Zeynallı dərhal ayağa qalxdı və hər iki cibini stolun üstünə boşaltdı. Cibindən iki beş manatlıq, səhv etmirəmsə, iki ya üç ədəd bir manatlıq əskinaz çıxdı. Qəpiklər də vardı. Cəmi on dörd manat olmayan bütün kağız pulları həmin jurnalistə verdi. Heç beş dəqiqə keçməmişdi ki, əməkdaşlardan biri otağa gəlib, nahar vaxtı olduğunu xatırlatdı. Cibində bir manatı olmayan Əvəz Zeynallı özünü sındırmadan, dedi ki, “gəlin, bu gün heç nə yeməyək. Axşama nə qalıb ki, evə gedəciyik də...”

İndi Əvəz Zeynallı ilə Rafiq Tağının oxşar tərəfləri: xeyirxahlıq, öz mövqeyindən dönməmək, sözün həqiqi və məcazi mənalarında Sözün Qurbanı olmalarıdır! Deyirlər, Xeyir Şər üzərində yalnız nağıllarda qalib gəlir. Mən inanmıram. Şər bu günkü “üstünlüyü” ilə sevinməsin qoy! İnsanlıq üçün Əvəz Zeynallı yox, onu şərləyən həbsə atılıb. İlahi üçün Rafiq Tağı daha yaxındır, ona qəsd edən(lər) yox!

Səadətlərinə qibtə etdiyim fikir azadlığının qurbanları olan qardaşlarım: Əvəz Zeynallı və Rafiq Tağı... Məni qınamayın! Daha göz yaşlarımı saxlaya bilmirəm!

Elxan Xanəlizadə