Firudin Cəlilovun qalmaqallı tarixi kitabından - Parça

firudin-celilovun-qalmaqalli-tarixi-kitabindan-parca
Oxunma sayı: 3435

Dünya tarixində sumerlər və basklar kimi qohumu olmayan, bəlkə tapılmayan yalqız xalqlardan biri də etrusklardır. Miladdan öncə I minil boyu yaşamış bu xalqın xeyli yazı örnəkləri qalsa da, dili hələ 2000 il öncə ölü dillər sırasına girmişdir. Son 200 ildəsə minlərlə alim, uzman və həvəskar araşdırıcılar etruskların soykökünü tapmaq üçün etrusk dilini “açmaq” yolunu axtarır.

Türkoloq F. Ağasıoğlunun yazdığı bu kitabda etruskların mənşəyi, tarixi, etnoqrafiyası, mifologiyası və dili haqqında məlumat verilir, etrusk-türk əlaqələrindən geniş, həm də ilk dəfə sistemli şəkildə bəhs olunur. Elmi-populyar üslubda olan bu kitab müəllifin son 30 ildə türkologiya elminə gətirdiyi türk etnosunun Ön Asiyada yaranması baxışı üzərində qurulmuş yeni “Urmu nəzəriyəsi” əsasında yazılmışdır. Təkcə etruskların deyil, türklərin də mənşəyinə aydınlıq gətirən etrusk-türk əlaqələrinə aid yeni bəlgələr oxucular üçün maraqlı olacaqdır.

Ön söz

Üç minil öncə İtaliyada ortaya çıxıb minil boyu tarixdə dərin iz qoyan etrusk eli artıq iki minildir ki, bizimlə ölmüş dilində danışmaq istəyir, ancaq danışa bilmir, daha doğrusu, onun nə danışdığını biz anlamırıq, sirlərlə dolu bir xalqın tarixi, bu tarixı içində saxlayan söz dağarcığı açıq olsa da, oradan əlimizə keçən sözlərin anlamını anlamırıq. Açılmaz tapmacalarla dolu Dünya tarixində maraqlı olduğu qədər də aktuallığını saxlayan etruskların kimliyi problemi üzərində bir sıra uzman olmayan araşdırıcıların başvuruşu boşa çıxdığı kimi, uzmanların da səyi hələlik nəticə verməmişdir.

Apennin yarımadasında, indiki İtaliyada Roma imperiyasından əvvəl m.ö. I minil boyu yaşayıb Avropa mədəniyətinə önəmli təsiri olan bu xalq etrusk dilində danışırdı. Latınlar onlara tusk, etrusk, yunanlar isə tirsen, tirren deyirdi. Tuskan adı etrusk dönəmində onların məskunlaşdığı tarixi bölgənin, Tirren adı isə onların “gəmi oynatdığı” dənizin adına çevrildi. Anadoludan İtaliyaya köçən etrusklar burada öz tarixi rolunu oynayıb səhnədən çıxdılar, daha doğrusu, çıxarıldılar. Özündən sonra mükəmməl suvarma və drenaj sistemi, arxeoloji-etnoqrafik kultur, kurqan basırıqları, şəhərlər, özəl arxitekturalı məbədlər, körpülər, bugün dünya muzeylərinin şedevrləri sayılan gözəl keramik qablar, metalişləmə, zərgərlik nəsnələri, heykəl-rəsm əsərləri, əlifba-yazı kulturu, zəngin mifoloji miras, sikkə kəsmə gələnəyi qoyub səhnədən gedən etrusklar bizim üçün də cavabını tapmaqda çətinlik çəkdiyimiz çoxlu tapmaca atıb tarixin qara dumanına bürünüb cıxmaza getmişlər. Bir nömrəli tapmacanın sualı isə budur: Etrusklar kim idi?

Etrusklardan sonra iki minil gündəmdə qalan bu sualın cavabı hələ ki yoxdur. Cavab tapılsa, o biri sualların cavabı sıralama çözüləcək. Etruskların kimliyi isə etrusk dilindəki yazıların şifrəsini aça bilən açarın tapılmasından asılıdır. Bu yöndə axtarışın çətinliyilə bağlı vaxtilə etrusk yazılarının oxunmaması anlamında latın dilində «Etruskca oxunmur» (Hetruscum non ligatur) deyimi də yaranmışdı.

Bəzi etrusk sözləri latın dilinə, oradan da bir çöx xalqların dilinə keçmişdir. Bu sözlərdə ilkin forma və mənadan uzaqlaşma olsa da, uzmanlar etrusk praformasını tapmaqda çətinlik çəkmirlər. Məsələn, etrusk dilində “maska” anlaminda pharsu sözü indi persona formasında, etruskcanın litera sözündən yaranan literatura sözü geniş işlənir. Bugün Avropa xalqlarının dilindəki klan, sistem, seremoniya, sisterna kimi onlarla söz etrusklardan qalmadır.

Antik çağın korifeyləri sırasında etrusk soylu şair Vergili, heykəltəraş Vulka vardır. Bəziləri Pifaqoru da bu sırada verir. Sezar Avqustun etibarlı adamı sayılan görkəmli siyasətçi Qay Tsilniy Mesenat etrusk idi. Vaxtilə etrusk yurdu kimi Toskan adlanan bölgənin Florans şəhərindən Mikelancello, Dante və Leonardo da Vinçi çıxmışlar. Avropa renesansı da bu şəhərdən başlanmışdır. Britaniya ensiklopediyasına görə, Napalyon da Toskandan Korsikaya köçmüş bir ailədəndir.

Etrusk dili ilə yanaşı, onların siyasi-etnik tarixi, etnoqrafiyası, dini haqqında indiyəcən söylənən fikirlər gerçəkliyi hələ tam əks etdirmir. Bu baxımdan, etrusklar haqqında aparılan hər bir araşdırma və yazılan kitablar etruskları tanımağa, etrusk problemini çözməyə doğru atılan addımdır. Ümid edirəm, oxuduğunuz bu kitabın da ikinci bölümündə gözdən keçirilən etrusk-türk (saqa-qamər) bağlarına aid yeni bəlgələr prototürklərin ilkin atayurdunun Ön Asiya olduğunu bəlirləyən yeni Urmu teoriyası ilə etruskları tanımaq yoluna işıq tutan yalnız kiçik bir addım kimi qəbul olunacaqdır.

Giriş

Bu gün Avropanın Dünya sivilizasiyasında öndər olması yolunun başlanğıcında önəmli etrusk payı vardır. Yunan və Roma mədəniyətınin tarixi axarından Avropa uyqarlığı yarandı, vaxtilə Roma uyqarlığı da etruskların kultur alanları üzərində qurulmuşdu. Ən azından, avropalılarin yazı kulturu latın əlifbasına borcludur ki, onun da kökü etrusk əlifbasına dayanır. Etruskların Tarkvini soyunun Romada hakimiyəti (616-510) yüzil sürdü. Roma imperiyasının təməl daşlarının qoyulduğu bu çağda romalılar mənimsədiyi mifoloji tarixlə, dövlətçilik gələnəyilə sonralar Asiya və Avropada tanındı.

Tarix boyu başqa dilli xalqların içində dilini itirərək əriyib yox olan sumer, elam, kassi, maya kimi çoxlu xalqlar olsa da, etruskcadan fərqli olaraq, onlardan qalma yazılar oxunur və orada nə deyildiyini anlamaq olur. Lakin etrusk yazıları oxuna bilsə də, oradakı sözlərdən çoxunun mənası hələlik aydın deyil. Etruskologiyanın əsas problemlərindən biri də onların mənşəyi, soykökü ilə bağlıdır.

Tarixi ədəbiyatda Etruskların İtaliyaya haradan gəlməsi, onların soykökü mövzusu 2500 il bundan öncə gündəmə gəlməsinə baxmayaraq bugünəcən öz həllini tapmamışdır. XIX əsrin sonunda artıq etrusk dili bir çox dünya dillərilə müqayisə edilmiş, lakin qohum dil axtarışı hələlik bir nəticə verməmişdir.

Vergilinin qədim Roma tarixindən bəhs etdiyi «Eneida» əsərində bu şəhərin əsasını qoyan etrusk soyköklü Romul və Remin troyalı Eneyin törəmələri olduğu bildirilir. Romanın məşhur Qay sülaləsi də özlünü troyalı Eneyin soyuna bağlayırdı. Məşhur Roma imperatoru Qay Yuli Sezar senatda ilk çıxışında «Mən əsilzadəyəm, troyalı Eneyin nəslindənəm» deyərək özünü təqdim etmişdir.

Qədim etrüsk əfsanəsinə görə, Eneyin törəmələri Romul və Rem sahibsiz qaldıqda onları bir dişi börü (qurd) əmizdirir, ölümdən xilas edir. Sonralar bu ekizlər Roma şəhərinin əsasını qoyurlar. Bu baxımdan, etrusklarda da türklərin qayı boyunun, monqolların qıyat soyunun dişi bozqurd əfsanəsinə uyğun mifoloji inanc olmuşdur. Etruskları türklərlə bağlayan başqa bir oxşarlıq eyni əlifbadan, yəni Orxon-Yenisey abidələrinin yazıldığı runik əlifba ilə eyni qaynaqdan olan əlifbadan istifadə etmələridir.

Etrusklara aid əsas bilgiləri yunan-latın dillərində yazılmış tarixi qaynaqlardan əldə etmək olur. Baxmayaraq ki, latınlar dövlətçilik, şəhərsalma gələnəyini, falabaxma üsullarını, bir çöx sənətkarlıq növünü, araba düzəltməyi, üzüm və zeytun bağları salmağı etrusklardan öyrənmişdilər, ancaq latın yazarları yunan filosofları, tarix və ədəbiyat uzmanları haqqında məlumat verdiyi halda, yaxın qonşuları etruskların irəli gələnləri haqqında susurdular. Yunan və etrusk mədəniyəti eyni çağlarda inkişaf etməsinə baxmayaraq, latınlar eyni kökdən olduqları yunanların mifologiyasını, ədəbiyat və incəsənətini daha doğma sayır, bu mədəniyətin təsirinə düşürdülər. Bu səbəbdən etrusk bədii yaradıcılığı, fəlsəfi fikir türləri və etrusk elm adamları haqqında bəlgələr yoxdur.

Tunc çağından dəmir çağına keçid dönəmlərində İtaliyada Villanova kulturu adlanan bəsit bir uyqarlıq vardı. O çağlarda burada latın, rutul, umbr, sabin, samnit, falisk və başqa xalqlar yaşayırdı. Villanova kulturunda görünməyən bukkero adlanan yeni tipli keramik qabların Çerveteri (Tsere) şəhərində 700-650-ci illərdə ortaya çıxması göstərir ki, bura etruskların ilk yerləşim bölgəsi idi. II minilin sonlarında Kiçik Asıyanın batısından köçərək Apennin yarımadasının quzey-batısında Arno və Tibr çayları arasında Etruriya (Toskana) bölgəsində yerləşən etrusk boyları artıq I minilin başlarından İtaliyanın önəmli xalqlarından birinə çevrilmiş, 8-ci əsrin ortalarından 6-cı əsrə qədər etrusk ekspansiyası ətraf bölgələri və adaları bürümüşdü. Etrusk çağında Toskana əraziləri Massa-Carrara, Lucca, Pistoya, Prato, Firenze (Florensiya), Piza, Livorno, Arezzo (Arestso), Siena, Grosseto adlanan 10 əyalətə bölünmüşdü.

Sumerlər kimi etrusklar da teokratik dövlət qurmuşdu. Bu qurum siyasi birliyi deyil, Etruriyanın mədəni, dini birliyini təmin edirdi. Ona görə də bir-birinin köməyinə gəlməyən etrusk şəhərləri elə bir-birinin ardınca yenildilər. Etrusk varlığı İtaliyada miladdan öncəki minil boyu davam etdi, ancaq bu varlıq 500 il üzüyuxarı yüksəlişlə, 500 il də üzüaşağı enişlə davam etdi. Etrusklar Yeni eraya latınca danışan bir toplum kimi keçdi, arxada böyük mədəniyət buraxsa da, öz keçmişini itirdi.

Miladdan öncə III-I əsrlər ertuskların asimilyasiya olunma dönəmidir. Etruskların sonu çatdı, bu acı sonluq İtaliyanın mərkəzində Yuli Sezar və Oktavian Avqust dönəmində tarix yazarlarının gözü önündə baş verdi, ancaq bu acımasız olayı qələmə alan olmadı, oldusa da, it-bata düşdü, gəlib bizlərə çatmadı. Roma imperiyasını yönətən latın siyasi elitası və latın yazarları hər vəchlə etrusk adının tarixdən silinməsinə çalışırdılar. Bu duruma münasibət bildirən Q. Müleşteynin gerçəkliyi yansıtan belə bir deyimi var: Etruriya Romanın beşiyi, Roma etruskların məzarı oldu.

Etrusk-türk əlaqəsindən danışmaq üçün türkologiya elmi Altay teorisinə istinad edə bilmir, çünki etruskların İtaliyaya Altaydan getməsini ortaya qoya biləcək bəlgələr yoxdur. Bu baxımdan, türklərin Atayurdunu Ön Asiyada sərgiləyən yeni Urmu teorisi isə etrusk-türk ilişkilərini tarixi gerçəkliyə dayanan elmi ölçülərlə ortaya çıxara bilir.

Bir gün xocam Bəxtiyar Vahabzadə dedi ki, Almaniyadan qonağım gəlib, səninlə görüşmək istəyir. Xocamgildə görüşdük, qonaq sumer-türk əlaqələrindən yazdığım bir məqaləni 1985-də çevirib bastıran alman yazarı A. Şmide idi. Söhbət sumerlərdən dolanıb etrusklara gələndə o dedi ki, almanlar etrusklara turx demişlər. Bu turx sözü o zaman mənə ipucu verdi. O çağdan etrusklarların dilini araşdırmağa başladım, kiçik qeydlər yazdım, bir qismini sonralar “Azər xalqı” kitabında verdim. Əlimdə etrusk yazılarının orijinalı olmadığı üçün bir ara etrusk məsələsini kənara qoysam da, vaxtaşırı bu maraqlı mövzuya qayıtmalı olurdum. Bu baxımdan, əlinizdə olan bu əsər, demək olar ki, 25 ilə yazılıb. Kitabın bu variantı etruskları geniş oxucu kütləsinə tanıtmaq amacı daşıdığından elmi qaynaqlarla verilən təhlillər imkan daxilində azaldılmış, elmi-populyar üsluba önəm verilmişdir.

Etrusk yazıları üzərində araşdırma bizdə belə bir qənaət yaratdı ki, etrusk dili də çuvaş, hay, alban dili kimi qarışıq dildir. Bu dildəki türkizmlərlə yanaşı başqa bir-iki dilin də izi görünür. Bu izləri leksik qatda aramaq nə qədər asan olsa da, qramatik qatda o qədər çətindir. Etruskologiyanın uğuru isə bu problemin düzgün çözülməsindən asılıdır. Bu baxımdan, etrusk dilini açmaq üçün bir açar yetmir, etrusk dünyasına girmək üçün qapıya iki-üç açarla yaxınlaşmaq gərəkir.

Beləliklə, I bölüm etruskları tanıtma amacı daşıyır, burada onların mifoloji görüşləri, etnoqrafik gələnəkləri haqqında ümumi məlumatlar verilir, etrusk toplumunun sosial durumu tarixi bəlgə və rəsmlərlə şərh edilir, etrusk dilinin əlifbasından, leksik-fonetik və qramatik quruluşudan bəhs olunur.

Kitabın II bölümündəsə etruskların kimliyi haqqında söylənmiş müxtəlif fikirlərin özəti verilir, Bu bölümdə ilk dəfə etrusk və saqa-qamər boylarının əlaqəsi, Goroğlu və Herakl obrazlarının mənşəyi, Lemni yazısının türkcə açımı, Qafqaz, Azərbaycan-Etruriya bağı, etrusk dilində türk sözləri Urmu teorisi işığında tədqiq olunmuşdur.

Beləliklə, türk dili etrusk dilini aça bilən açarlardan biri sayıla bilər, qalır o biri açarların tapılması. Bunun üçün etrusk əlifbasında bir-iki hərfin bildirdiyi səslərə yenidən baxmağa ehtiyac vardır. Uzun və çətin bir yol keçmiş etruskologiya elmi üçün əlifbada kiçik düzəlişlər aparmaq o qədər də çətin olmayacaq. Yetər ki, etrusk əlifbası ilə eyni qaynaqdan olan türk runik əlifbasının özəl orfoqrafik qaydalarından yardımçı vasitə kimi istifadə olunsun.

I Bölüm

Qaynaqlar

Soyca etrusk olan Tarkvini Prisk m.ö. I əsrdə latıncaya çevrilmiş etrusk qutsal kitablarını toplasa da, onlardan istifadə edən bəzi antik çağ yazarlarının yalnız kiçik qeydləri qalmışdır. İtaliyanın tarixi ilə yaxından ilgilənən imperator Klavdiy soylu etrusk ailəsindən olan xanımı Urqulanillenin aracılığı ilə məşhur etrusk soylarının arxivini əldə etmişdi, lakin onun 20 cilddə yazdığı “Etruskların tarixi” adlı əsəri itmişdir. Etrusk kulturunu yaxşı bilən Klavdiy 48-də bəlli nitqini söyləyir. Tunc lövhə üzərinə yazılmış bu nitq Romanın əfsanəvi hökmdarı Serviy Tulliy haqqında tarixi bəlgə sayılır.

Şotland alimi ser Tomas Dempsterin yazdığı “Çarlıq Etruria haqqında yeddi bitik” (De Etruria regali libri septem) adlı çoxcilidli kitab yüzil sonra (1723-1724) Florensiyada çap olunmuşdur. Vaxtilə bəzi yazarların qeyd etdiyi etrusk sözlərini toplayan Aleksandriyalı Hesixin yazdığı qədim sözlükdən də örnəklər verilmiş bu bitik yeni tədqiqatlara, özəlliklə arxeoloji araşdırmalara təkan vermişdi. İki il sonra Toskan elinin mərkəzində yerləşən Kortona şəhərində Korton Etrusk Akademiyası yaradıldı. Artıq 1737-1740-da qısa deyimlə “Etrusk muzeyi” adlanan böyük həcmdə üç tomluq kitab (Museum Etruskum exhibens insignia veterum Etruscorum Monumenta) nəşr edildi.

Adolf Dzavaroni etrusk yazılarının hamısını sistemləşdirb internetdə yayımlamışdır. Etrusk yazılarının sayı yeni tapılan yazılarla artmaqda davam edir. 1983-də "Corpus Inscriptionum Etruscorum" adlı topluda verilmiş yazıların bir qismi qüsurlu olduğundan italyan tarixçi-arxeoloqu Massimo Pallottinonun tərtib etdiyi Testimonia Linguae Etruscae (TLE) toplusundan istifadə etmək daha faydalıdır.

Etrusk tarixini, mədəniyətini, dilini öyrənmək üçün baxa biləcəyimiz ən önəmli qaynaq hələlik dili açılmayan etrusk yazılarıdır. Sayı 12 minə çatan bu yazıların içində bir neçə iri həcmli mətnlər olsa da, əksəriyəti müxtəlif nəsnələr üzərində yazılmış kiçik mətnlərdir.

Bu gün Sofiya muzeyində saxlanan altı səhifəlik etrusk bitiyi Bolqariyanın güney-batı bölgəsində qazıntı vaxtı tapılmışdır. Uzmanların m.ö. 600-cü illərə aid etdiyi bu tapıntı ən qədim kitablardan sayılır. Bloknot formalı bitiyin yarpaqları Pirqi yazısının altun lövhəsi kimi altun falqadandır. Döyüşçü, su pərisi, lira və atlı rəsmləri ilə yanaşı bitikdə etrusk dilində mətn var.

Etrusk yazıları içində iyirmidən artıq sözü olanların sayı olduqca azdır, qırxdan artıq sözü olanların sayı isə cəmi səkkiz mətndir. “Corpus İnscriptionum Etruskarum” adlı topluda verilən etrusk yazılarını mövzusuna və həcminə görə belə qruplaşdırmaq olar:

Qablar üzərindəki kiçik yazılar. Adətən belə yazılarda qabın kim tərəfindən hazırlanması və kimin hədiyəsi və ya kimə məxsus olması haqqında bilgi verilrr; Tapınağa və ya müəyən alp-ərənə yönəlik andiçmə və ya yəmin etmə mövzusunda yazılar; Sarkofaq, başdaşı, külqabı üzərində epitafiya xarakterli yazılar; Müəyən şəxslərə həsr olunmuş yazılar; Əl güzgüsü üzərində çəkilmiş bəlli mifoloji surətlərin adı və bəlli olaylarla bağlı bir neçə sözlü tanıtmalar. Tərkibində nisbətən çox söz olan mətnlər isə bunlardır:

1) Mumiyalanmış bir qadını bürümək üçün istifarə olunan kətan üzərindəki Liber Linteus (Kətan bitik) adlanan yazıda 1200-ə yaxın söz vardır;
2) Kapuidən tapılmış V-IV əsrə aid kirəmid üzərindəki 62 sətirlik bustrefedon yazıda 300-ə yaxın oxuna bilən söz vardır;
3) Perucidə II əsrə aid sınır (mərz) daşı sayilan daş lövhə üzərində 130 sözü olan 46 sətirlik yazı;
4) Minerva tapınağına aid V əsr yazısında təxminən yarısı oxunan 80 sözlü 11 sətirlik mətn;
5) 70 sözlü VII əsrin Aribal yazısı;
6) Malyano qəsəbəsində (Toskana) 1883-də tapılan V-IV əsrə aid iki üzü yazılı metal disk üzərində təxminən 70 sözlü yazı;

7) Pirgi məbədindən tapılan üç qızıl lövhə üzərində törənlə bağlı V əsrə aid yazılar: ikisində 52 söz etrusk hərfləri ilədir, biri isə aramey həflərilə yazılmışdır;
8) Kortonadan tapılmış III-II əsrə aid ikitərəfli tunc lövhə yazısı: bir üzündə 32, o biri üzündə 8 sətir vardır.

Hələlik ortalıqda olan ən qədim etrusk yazıları Kumadan tapılan m.ö. 690-cı illərə aid basırıq epitafiyaları və dini mövzuda qısa yazılardır. Müxtəlif nəsnələr üzərində qısa yazılar sonrakı çağlarda da geniş yayılmışdır və sayı minlərlə olan bu yazılardan bir-ikisini gözdən keçirək.

Tarquinada Şieds basırığındakı freska üzərində yazı:
Buradakı yazının transkripsiyasını M. Copeland belə vermişdir:
FELeR VR_R AFLE RV FELCHA AP RONAI

Məncə, yazının transkripsiyası buradakı hərflərə uyğun belə olmalıdır: velthur davleru (ku)lqa aprthnai və ya gelthur dagle thukulqa aprthnai.

Orvieto basırığında daş üzərində soldan sağa yazılan bu yazı amar le ana te şəklində oxunmuş və ona “sevimli ananız” anlamında yozum verilmişdir. Lakin bunun “Amarle anadır” bəlgəsi kimi daşa yazıldığını da düşünmək mümkündür.

Bu sarkofaq (daşqutu) üzərindəki yazıda belə sözlər keçir: LARTH: SENTINATES: CA ESA Bu yazının oxunuşu “Lart, sen Tina te(z) kaysa” ola bilər.

Başqa bir basırıq yazısındasa bəzi etruskoloqlar AR : CVMNI : AMEI RIAL sözləri oxumuşlar. Lakin yazıda Ath, Cumni Amei Thpal (Topal?) sözləri vardır.

Yunansayağı yapılmış m.ö.VI əsrin sonuna aid bir kasanın alt tərəfində sağdan sola bir yazı vardır: Itun turuce Venel aTelinas Tinas clinii aras. Bu yazıdakı son sözləri belə də oxumaq olur: ...Tinas (o)qlini i aras.

Bu variantda bütöv yazının türkcə deyimi belədir: “Bu (qab) Venel Atelinanın sunağıdır Tinin oğluna 1 (bir) araz”.

Başqa bir keramik qab üzərindəki yazı (ETP 110) və onun türkcə anlamı: ei menepi khape mi • mi : karkus venelus. Ey menepi qabı-ım. Mən Karquş Venelu(s).

Beləliklə, etrusk yazılarının müxtəlif nəsnələr üzərində yazıldığını görmək olur. Gündəlik işlənən məişət əşyaları üzərindəki yazılardan tutmuş başdaşı epitafiyalarına qədər müxtəlif məzmunlu mətnlər var. Görünür, o çağlarda keramik qablar üzərində yazı gələnəyi daha geniş yayılıbmış.

Burada verilən bir-iki örnəkdən də göründüyü kimi, etrusk yazılarının oxunuş qaydaları, orfoqrafik özəllikləri hələ tam dəqiqləşməyib. Son bir əsrdə etruskologiya elmi 200-ə qədər etrusk sözünün mənasını və bəzi qramatik göstəriciləri müəyən etsə də, onların nə dərəcədə gerçəkliyi əks etdirdiyini hələlik inamla söyləmək olmur.

Etrusk tarixi, kulturu, dili üzrə elmi araşdırmalar daha çox İtaliya, Almaniya, Avstriya alimləri tərəfindən aparılsa da, bu sahəyə marağın günbəgün artması başqa ölkələrin alimlərini də etrusk tapmacalarına cavab tapmağa yönəltmişdir.