Fobiya

fobiya
Oxunma sayı: 859

Fobiya - təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayət olunan haldır. Fobiyanın müxtəlif növləri mövcuddur. Məsələn, akluofobiya (qaranlıqdan qorxmaq), antropofobiya (insanlardan qorxmaq), bibliofobiya (kitablardan qorxmaq), fotofobiya (işıqdan qorxmaq), ailurofobiya (pişikdən qorxmaq), atelofobiya (mükəmməl olmamaq və ya ola bilməmək qorxusu), batrakofobiya (qurbağadan qorxmaq), filofobiya (sevməkdən, aşiq olmaqdan qorxmaq), islamofobiya (müsəlmandan qorxmaq) və s. Bu xəstəliyə düçar olanların sayı Azərbaycanda da az deyil. Xüsusi diqqəti isə islamofobiya mərəzinə tutulanlar çəkirlər...


Freydin xəstələri


Sözsüz ki, Azərbaycanda müxtəlif komplekslərdən əziyyət çəkən insanlar mövcuddur. Özünü təsdiq edə bilməmək, istedadını üzə çıxara bilməmək kompleksi fobikləri cəmiyyətə, insanlara, inanclılara qarşı od pükürməyə vadar edir. Daha çox dini nifrəti aşılamaq istəyən azsaylı qrup sözügedən məsələ barədə az təsəvvürü olan insanlara ünvanlanmış aqressiv çıxışlar edirlər. Bu çıxışlar mahiyyət etibarilə o dərəcədə primitiv olur ki, onu müzakirə eləmək belə, mümkünsüz olur. Bu gün Azərbaycanda İslam dininə qarşı aqressiv münasibət islami inanclar sistemini dərk edə bilməməkdən və ya onu anlamaq istəyindən irəli gəlmir. Bu tip düşüncələr yalnız dağıtmağa, qadağan etməyə, məhv etməyə, kökünü kəsməyə yönələn çağırışlardan ibarət olur. İnanclı insanların cəmiyyətdə cərəyan edən proseslərə əngəl törətmək cəhdləri belə bir arqumentlə əsaslandırılır - Azərbaycan dünyəvi dövlətdir, deməli, dini əqidəsi olanlar bu prosesdən kənarda qalmalıdırlar. Bir-birinə zidd olan liberal və sosial demokratiya tərəfdarları, solçular və sağçılar, milllətçilər və kommunistlər eyni təşkilatda birləşə bilərlər, lakin dini rituallara hörmət bəsləyənlərlə eyni təşkilatda fəaliyyət göstərə bilməzlər. Bütün bunlar nə deməkdir? Yəni, həmin qruplar hakimiyyətə gələcəkləri təqdirdə dinin tamamilə qadağan olacağınama dəlalət edir? Əgər ölkədə hakimiyyət dəyişikliyi baş verəcəksə, inanclı insanların bir yerdə toplaşması, ictimai-siyasi proseslərə münasibət bəsləməsi məqbul sayılacaqmı? Hər halda bu suallara “virtual ateistlərin” üzv olduğu təşkilat rəhbərləri cavab verməlidirlər. Bir məsələni də vurğulamaq lazım gəlir. Sekulyarlığı
dindarlığa qarşı qoyanlar unudurlar ki, demokratik cəmiyyətlərdə dini etiqad azadlığı qorunur. Bu, demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Məhz bu məqam demokratiya uğrunda mübarizədir.
Lakin intellekt göstəriciləri iddialarına cavab verməyənlər milyonların hisslərini təhqir etməklə gündəmə gəlməyə üstünlük verirlər. Bu insanlar üçün tanınmağın, daima gündəmdə qalmağın bir yolu var - səni dinləmirlərsə, onların hisslərini təhqir elə və diskussiyaya məcbur et. Oysa, insan az bələd olduğu məsələlər barədə danışarkən çox gülünc vəziyyətə düşür. Bu amili unutmamaq lazımdır. Azərbaycanda dinə qarşı hücumlar təşkil edənlərin (onların sayı barmaqla sayıla bilər) şəxsiyyətini araşdırdıqda, Ziqmunt Freydin haqlı olduğu qənaətinə gəlirsən - bu insanlar körpə vaxtları aldıqları psixoloji zədələrin yaratdığı komplekslərindən azad ola bilmirlər.


Avropanı idarə etməyə haqqı çatan yeganə din


Azərbaycanda dini təhqir eləmək sanki ağıl göstəricisinə çevrilib. Lənətə gəlmiş komplekslər insanları düşünməkdən belə, məhrum edir. Bu zavallıları oxuduqda, İvan Buninin, Aleksandr Puşkinin İslam barədə tərifləri və ya “Biz Məhəmmədin peyğəmbərliyini qəbul etməliyiq” deyən Karl Marksın fikirləri, “Məni müsəlman hesab edin” deyən Lev Tolstoyun İslama verdiyi dəyər, İbn Ərəbidən, Qəzallidən bəhrələndiyini deyən filosof Kantın bu dinin ünvanına səsləndirdiyi xoş sözlər, yaxud “Avropanı idarə etməyə haqqı çatan yeganə din İslamdır” deyən Bernard Şou barədə danışmaq yersiz görünür.
İslamı Avropa dəyərlərinə qarşı qoyanlar alman tarixçısı və filosofu İonn Herderin, böyük fikir insanı Şpenqelin bu məsələ ilə bağlı fikirlərini yəqin ki izləməyiblər. Bu insanlar İslam və demokratiya anlayışına Qərb filosoflarının verdiyi dəyəri bilsələr, bu dərəcədə savadsızlıq nümayiş etdirməzdilər. Lakin cılız insanların isterik bağırtılarının doğurduğu tezislərə cavab vermək zorundayıq.


Xristanlıq və Avropa


Burada bir zəruri xatırlatma yerinə düşür. Azərbaycanın “virtual ateistləri” islamı Şərq, xristanlığı isə Qərb dini kimi qələmə veirilər. Gülməlidir, deyilmi? Şərqdə yaranan, Avropaya gedəndən sonra aqressiv mahiyyət kəsb edib, inkivizisiyalara, xaç yürüşlərinə meydan olan, İsa Məsihin sevgi dininin Qərbə aid edilməsini iddia etmək nə deməkdir?


Hədəf bəlli, təşkilat bəlli


Hər şey yazıçı-həkim Rafiq Tağının qətlindən başladı. Onun ölümündə islamçıları müqəssir bilən “virtual atesitlər”
dinə qarşı hücuma başladılar. Rafiq Tağının qətlinə münasibət birmənalıdır. Bunu edən və sifariş verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Publisistin qətli ilə bağlı versiyalar bu sətirlərin müəllifinin “Xaos” adlı məqaləsində təhlil edildiyindən, indiki məqalədə bu barədə danışmağa lüzum qalmır. Odur ki, R. Tağının istər Elçibəyi təhqir edən yazısı, istər Qarabağ qaçqınlarının qadınlarını təhqir edən hekayəsi, istərsə də Peyğəmbəri təhqir edən yazısı onun qətlinə səbəb kimi araşdırılan ehtimallar içərisində ən az durulacaq məsələ kimi görünür. Çünki onun bu tip yazıları artıq ajiotaj belə, yaratmırdı. Yəni, onlar uzun müddətə hesablanan yazılar deyildi. Son dərəcə sakit və mülayim insan təsiri bağışlayan və istedadlı həkim olan R.Tağının “Avropa və biz” essesi isə onun qələmə aldığı ən zəif yazıdır və bunu publisistin yaradıcılığına bələd olan hər kəs bilir. Söhbət yalnız yazıdakı təhqirdən də getmir. Esseni oxuyan zaman Qərb və Şərqi müqayisə edən müəllifin Avropa tarixi barədə son dərəcə bəsit düşündüyü üzə çıxır.
Vaxtilə, publisistin “Vətəndaş Həmrəyliyi” qəzetində Əbülfəz Elçibəy barədə yazdığı hay-küylü məqalədən sonra onu müdafiə edən azsaylı müəlliflərdən biri mən olmuşam. Lakin yazılarında xarakterinə və yaşam tərzinə uyğun olmayan ifadələri işlətməyə alışmasını müşahidə edəndən sonra, bir oxucu olaraq qərar verdim ki, artıq bu müəllifi oxumayacam. Yazıçıya ən böyük etiraz, məhz bu formada ola bilər. Qətl isə nə ziyalıya, nə də dindar kəsimə yaraşan sifət deyil və bu cinayəti edənlərin məhz siyasi məqsəd güddüyü günü-gündən daha da aydın olur. Bəllidir ki, hədəf R.Tağının qətli deyil, Azərbaycanda demokratik hərəkatda çiyin-çiyinə addımlayan inanclı insanlarla dünyəvilərin arasında uçurum yaratmaqdan ibarətdir. Buna isə nail olundu.
Sanki hər şey əvvəlcədən yazılmış ssenari üzrə cərəyan edir. R.Tağı xəstəxanada müəmmalə şəkildə dünyasını dəyişir və dərhal inanclı insanlara hücum təşkil olunur. Lakin diqqətlə nəzər etdikdə “pişiyin quyruğu” torbadan çıxır. Hədəfdə orta statistik Azərbaycan dindarı deyil, demokratik düşərgənin əsas simalarından biri olan İlqar İbrahimoğludur. Daima demokratik mübarizədə öndə olan, 2003-cü ildə, məhz demokratiya uğrunda (din uğrunda deyil) həbs olunan və tərəfdarlarını demokratik düşərgədə birləşməyə çağıran hüquq müdafiəçisinin milli-demokratik düşərgədən ayrılması ölkədəki etiraz elektoratının parçalanması demək idi.
R.Tağının qətlini İctimai Palatanın Koordinasiya Şurasının üzvü kimi pisləyən İ.İbrahimoğlunu hansısa bir formada hədəf seçmək lazım idi. Və İP-nin məlum “bir dəqiqəlik sükut” olayından sonra proseslərin ipini əlində saxlayan ssenarist istəyinə nail oldu. Lakin intellekt və arqument yarışmasında İbrahimoğluna məğlub olanlar daha irəli getdilər və bununla da proseslərin idarə olunmasında maraqlı tərəfi aşkarlamış oldular.
Yəni, Azərbaycan hakimiyyəti Qərb dairələrini şantaj edir ki, mövcud iqtidarın hakimiyyətdən gedəcəyi təqdirdə real alternativ islamçılar olacaq. “Virtual atesitlərin” hayqırıqları isə bu fikri əsaslandırmağa rəvac verir - İctimai Palata dindarların, irançıların, Avropanı sevməyənlərin təşkilatıdır, YAP iqtidardan gedərsə, Azərbaycanda dindarlar güclənəcək. Beləliklə, şərhə ehtiyac yoxdur...


Qatar ardınca qaçışanlar


Son zamanlar yaddaşımda uşaqlıq xatirələri yenidən canlanır.
Sevdiyim məşğuliyyətlərdən biri də sürətlə şütüyən qatarlara tamaşa etmək olub. Maraqlı səhnə o idi ki, qatarlar sürətlə hərəkət etdikdə, onun ardınca bir qayda olaraq sahibsiz itlər qaçışırdı. Qatarın səsi ilə itlərin hürüşməsi bir-birini tamamlayırdı. Bütün bunlar ümumi nizamdan xəbər verirdi. Ən gülməlisi isə o idi ki, hürüşən itlər sürətlə gözdən itən qatarın ardınca hürüşdükdən sonra, son dərəcə məğrur görkəmlə geri dönürdülər. Zavallı itlərə elə gəlirdi ki, qatar onların qorxusundan uzaqlaşıb. Yəni, özlərini qalib hesab edirdilər. Daha heç fərqində belə, deyildilər ki, it hürməklə qatarı nə hürküdə, nə də yolundan saxlaya bilər...

Azər RƏŞİDOĞLU, “Bizim yol” qəzeti