“Fransa getməlidir”

fransa-getmelidir-
Oxunma sayı: 663

“Azərbaycan tərəfi olaraq biz AŞPA-ya Azərbaycan xalqı və dövləti adından Fransa Senatının qəbul etdiyi “erməni soyqırımı”nın inkarının cəzalandırılmasını nəzərdə tutan absurd qanun layihəsi ilə əlaqədar etirazımızı bildirdik. Vurğuladıq ki, bu etiraz təkcə bizim və Türkiyənin deyil, eləcə də Avropa Şurası məkanında yaşayan 100 milyonluq türk kökənli insanların və Fransada məskunlaşan yarım milyon türkün etiraz səsidir. Çünki qəbul olunan qanun tarixi faktlara yox, siyasi maraqlara əsaslanan siyasi xarakterli sənəddir”. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva belə deyib.
Q. Paşayevanın sözlərinə görə, Fransa özünün ATƏT-in Minsk Qrupunun həmsədri roluna çox ciddi zərbə vurub: “Azərbaycanda heç kim inanmır ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv, neytral və ədalətli rol oynaya bilər. Dəfələrlə fransız həmkarlarımızın diqqətinə çatdırdıq ki, siz bununla Minsk Qrupundakı rolunuza çox ciddi zərbə vurdunuz və göstərdiniz ki, obyektiv, neytral və ədalətli ola bilmirsiniz. Burada siz tərəfsiniz. Erməni tərəfi. Ona görə, düşünürəm ki, Azərbaycan və Azərbaycan xalqı Fransadan ədalətli heç bir şey gözləmir. Təbii ki, Azərbaycan xalqı bu məsələnin üzərində ciddi düşünəcək. Bu qanunun qəbulundan sonra Fransa Minsk Qrupunun həmsədrliyindən getməlidir”.