“Fransa orta əsr zülmətinə qayıdır” – Bəyanat

fransa-orta-esr-zulmetine-qayidir-beyanat
Oxunma sayı: 676

Dəyirmi masanın mövzusu "Fransa Senatının demokratiya, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq sınağı" adlanıb.

Müzakirələr zamanı Fransa parlamentinin belə bir absurd qanun qəbul etmək istəyi pislənilib. Çıxışçılar bunu insanların düşüncə və ifadə azadlığına hörmətsizlik kimi qiymətləndirib, Fransa və bütövlükdə Avropa demokratiyası üçün utanc gətirən hərəkət adlandırıblar.

Dəyirmi masa iştirakçıları eyni zamanda Azərbaycan hökumətinin bu məsələdə susqun mövqe tutmasını, qardaş Türkiyəyə əməli dəstək nümayiş etdirməməsini pisləyiblər.

Dəyirmi masada məsələ ilə bağlı İctimai Palata adından bəyanat da qəbul olunub. Bəyanatda deyilir:

“Erməni genosidi deyilən hadisənin rəsmən tanınması və bunun inkar edilməsinə görə cəza müəyyən edilməsini nəzərdə tutan qanunun tələm-tələsik Senatda müzakirəyə çıxarılması Azərbaycan cəmiyyətində həyacana və qəzəbə səbəb olmuşdur.

XX əsrin sonu XXI əsrin əvvəllərində ermənilər tərəfindən torpaqlarının önəmli bir hissəsi işğal olunmuş, 100 minlərlə insanı qanuni ərazilərindən etnik təmizləmə nəticəsində didərgin salınmış, 10 minlərlə mülki vətəndaşı qətlə yetirilmiş, əsrin faciələrindən olan Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı Fransa parlamentinin bu addımını başa düşmür, qəbul etmir və qətiyyətlə pisləyir.

Ermənilərin öz qonşularına qarşı haqsız iddiaları 3 əsrdir ki, regionda xalqlar arasında mehribançılıq, dinc yanaşı yaşamaq, milli tolerantlıq münasibətlərinin formalaşması, təminatlı təhlükəsizlik üçün təhdid, münaqişə, düşmənçilik mənbəyidir. Erməni iddialarının sonu görünmür və regionda elə bir xalq, dövlət yoxdur ki, bu haqsız və əsassız iddialardan zərər çəkməsin.

Dünya və region dövlətləri tarixən yaranmış konfliktlətin nizama salınması üçün böyük səylər göstərdiyi, kompromislər, həll yolları aradığı bir zamanda Fransa parlamentində müzakirəyə çıxarılan qanun lahiyəsi münaqişəni körükləməklə, təcavüzkarı şirnikləndəriməyə xidmət etməklə beynəlxalq provokasiya rolu oynayır.

Biz heç cür qəbul etmirik ki, dünyaya müasir azadlıq mədəniyyətini bəyan etmiş Fransada tarixi bir hadisəyə münasibətdə müstəqil fikrə malik olmaq, elmi araşdırma aparmaq hüququna qadağan qoyulur, düşüncə, ifadə azadlığına görə cəza müəyyən edilir. Əsas insan hüquq və azadlıqları haqqında beynəlxalq öhdəliklərə zidd olan bu mürtəce akt Böyük Fransa inqilabının devirdiyi orta əsr zülmətinə qayıtmaqdır.

İctimai palata hesab edir ki, yaranmış vəziyyət yalnız Türkiyəyə qarşı yox, regionun bütün xalqlarına, özəlliklə müsəlman və türk xalqlarına qarşı yonəlmişdir və buna adekvat münasibət göstərilməlidir. Azərbaycan hər zaman qardaş və strateji müttəfiqi olan Türkiyə xalqının və dövlətinin yanındadır və yanında olacaqdır. Türkiyəyə qarşı yönələn hər bir düşmənçilik aktı Azərbaycan dövlətinə , Azərbaycan xalqına qarşı edilən düşmənçilik aktıdır və bu şəkildə qəbul edilməlidir.

Bununla əlaqədar İctimai palata hesab edir ki, Azərbaycan iqtidarının bu məsələyə reaksiyası vəziyyətin ciddiliyinə adekvat sayıla bilməz. Azərbaycan hökuməti öz hərəkətlərini Türkiyə ilə daha sıx surətdə sinxronlaşdırmalı və razılaşdırmalıdır. Hadisələrin pis ssenari ilə inkişafının qarşısının alınması üçün bütün mümkün addımları atmalıdır. Bunun üçün İctimai Palata Azərbaycan – Türkiyə strateji əməkdaşlıq şurasının ən yüksək səviyyədə təcili olaraq toplanıb vəziyyətlə bağlı birgə qərarlar qəbul edib, hərəkətlərinin müəyənləşdirilməsinin zəruriliyi haqqında təklifini bir daha xatırladır.

İctimai palata hesab edir ki, qanunun qəbul ediləcəyi halda Azərbaycan-Ermənistan münaqişənin nizamlanmasında Fransanın vasitəçiliyinin davam etməsi, eləcə də iqtisadi və ticarət, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın davamı və inkişafı mümkün olmayacaq.

İctimai Palata ümid etdiyini bildirir ki, Fransa Senatı fransız xalqının mütərəqqi dövlətçilik ənənələrinə və çağdaş demokratik mədəniyyət dəyərlərinə sadiqlik nümayiş etdirəcək, müdriklik göstərəcək və erməni lobbisinin və onların havadarlarının antidemokratik planı baş tutmayacaqdır.”