Fransa vasitəçilikdən çıxarılsınmı? – Sorğunun nəticələri

fransa-vasitecilikden-cixarilsinmi-sorgunun-neticeleri-
Oxunma sayı: 659





Fransa parlamenti qondarma “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanunu qəbul etdikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın vasitəçiliyindən imtina olunması ciddi müzakirə olunur. “Qafqazinfo”nun məlumatına görə, Türkiyə tərəfi bu təşəbbüslə çıxş etdikdən sonra Azərbaycanda da, məsələyə ciddi reaksiyalar verilib. İctimai rəyin bu barədə nə düşündüyünü öyrənmək üçün “Qafqazinfo” oxucular arasında “Azərbaycan Fransanın həmsədrliyindən imtina etməlidirmi?” adlı sorğu keçirib. Bir həftə ərzində davam edən sorğuda hər İP-dən gündə bir dəfə səs vermək mümkün olub. Nəticədə sorğuda 1600-dən artıq səs verilib.

Səsvermənin nəticələri isə belədir. Sorğuda 1453 səs vasitəçilikdən imtinanın lehinə, 75 səs əleyihinə verilib, 92 səs gözləmək lazımdır varinatını seçib, 7 səs isə cavab verməkdə çətinlik çəkib.

Bu arada maraqlı bir məqamı da qeyd edək ki, bu günlərdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da mətbuata müsahibəsində sözügedən məsələyə toxunaraq hökumətin mövqeyini açıq şəkildə ortaya qoyub. Ə. Həsənov “Türkiyə Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasını tələb edir. Azərbaycan Fransanın Minsk qrupundan çıxarılması təşəbbüsü ilə çıxış edə bilərmi?” sualına aydın şəkildə cavab verib.

O, “Minsk qrupu ATƏT-in institutudur, ayrı-ayrı dövlətlərin təklifləri və münaqişə tərəflərinin razılığı ilə formalaşdırılır. Türkiyə Minsk qrupunun üzvüdür və Fransanın qurumdan çıxarılması təşəbbüsünü irəli sürüb. Hər halda Minsk qrupunun növbəti toplantısında Türkiyə məsələni qaldıracaq və o zaman buna baxılacaq. Azərbaycanın rəsmi dairələri bu işdə nə etmək mümkündürsə, hüquqi cəhətdən nə etmək olarsa, Fransanın bitərəfliyi pozması hallarına qarşı hansı tədbirləri görmək mümkündürsə, bunları müzakirə edir”- cavabını verib.
Bu cavabdan aydın olur ki, əslində Fransanın vasitəçilikdən uzaqlaşdırılması təkcə rəsmi Bakının birbaşa səlahiyyətlərinə aid məsələ deyil. Proses beynəlxalq müstəvidə aparılmalıdır.