Fransadan Ermənistana “bokovoy” zərbə

fransadan-ermenistana-bokovoy-zerbe
Oxunma sayı: 672

Fransa Konstitusiya Şurası qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanununu ləğv edib. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Konstitusiya Şurası qanunun Fransa Konstitusiyasının 33-cü maddəsinə və söz azadlığına zidd olduğunu əsas gətirərək ləğv edib.

Qeyd edək ki, Fransa Milli Assambleyası qondarma “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini 45 səslə qəbul etdikdən sonra layihə təsdiqlənmək üçün Senata göndərilib. Senatda keçirilən dinləmələrdən sonra qanun layihəsi qəbul olunub. Fransa prezidenti Nikola Sarkozi qanunu təsdiqləsə də, Milli Assambleyanın və Senatın 142 üzvü Konstitusiya Şurasına müraciət edərək qanunun Konstitusiyaya və söz azadlığına zidd olduğunu əsas gətirərək ləğv olunmasını istəyib. Konstitusiya Şurasına müraciəti Milli Assambleyanın 65 və Senatın 77 üzvü imzalayıb.

Ləğv olunan qanun layihəsi qondarma “erməni soyqrımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və ya 45 min avro cərimə olunmasını nəzərdə tuturdu.

Dünən Fransa prezidenti Nikola Sarkozi Konstitusiya Şurasının bu gün verə biləcəyi qərara münasibət bildirərkən “əgər Konstitusiya Şurası qanunu ləğv etsə, bir yeni bir qanun layihəsini qəbul edəcəyik” – deyib.

Qanunun ləğv olunması üçün Konstitusiya Şurası üzvlərindən ən azı 7 nəfərin lehinə səs verməsi lazımdır. Fransa Konstitusiya Şurası 9 təyin olunan üzvdən və 2 sabiq prezidentdən ibarətdir. Şurada qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunur.