“Fransanın yerinə 3 namizəd var”

fransanin-yerine-3-namized-var
Oxunma sayı: 656

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu ATƏT-in Minsk Qrupunda Fransanın yerinə 3 namizədin adının çəkildiyini və bu istiqamətdə artıq məsləhətləşmələrin başladığını deyib.

“Qafqazinfo”nun məlumatına görə, Elxan Şahinoğlu Fransanın Konstitusiya Məhkəməsinin “erməni soyqırımının” inkarına görə hüquqi məsuliyyəti nəzərdə tutan qanun layihəsinə verəcəyi qərarı gözləmədən bu ölkənin ATƏT-in Minsk Qrupundakı həmsədrlik məsələsinin artıq müzakirəyə çıxarıldığının işartılarının nəzərə çarpdığını bildirib: “Fransanın yerinə 3 namizəd var: Türkiyə, Avropa Birliyi və Almaniya. Fransanın yerinə Türkiyənin həmsədr olması çətindir. Yalnız Ankara ilə Bakının istəyinin olması azdır. Ermənistanın mövqeyi nəzərə alınmasa belə Türkiyənin həmsədrliyinə ABŞ, Avropa Birliyi və Rusiya dəstək verməlidir. Ancaq inanmıram ki, bu 3 dövlət Türkiyənin namizədliyini dəstəkləsin. Türkiyə ilə müqayisədə Avropa Birliyi ilə Almaniyanın həmsədr seçilməsi imkanları daha çoxdur. Birincisi, həm Azərbaycan, həm də Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. İkincisi, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis olunub. Və elə bu vəzifədə çalışan Filipp Lefort fevralın 7-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə münaqişənin həll ətrafında geniş fikir mübadiləsi aparıb. Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobianın qurumun Azərbaycan və Ermənistanın rəsmi şəxsləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə yönəlmiş etimad tədbirlərinə dair yeni təklifləri müzakirə etdiyini söyləməsi də Brüsselin fəallaşmaq istəyindən xəbər verir.

Almaniyanın da həmsədrliyə irəli sürülməsi optimal variantlardan biridir. Əslində Almaniyanın həmsədrliyə namizədliyi 1990-cı illərin ortalarından gündəmdədir. Avropa Birliyinin iki aparıcı dövlət var – Fransa və Almaniya. Fransa 15 ildir həmsədrdir və ortada bir nəticə yoxdur. Demək, Avropa Birliyinin ikinci aparıcı dövlətinə də həmsədrlikdə təmsil olunmaq şansı və hüququ verilməlidir”.

Rəsmi Bakının da Avropa Birliyi və Almaniya variantları üzərində düşünməyə başladığını ehtimal edən Elxan Şahinoğlu xarici işlər naziri Elmar Məmmədyarovun fevralın 8-də Brüsseldə, müavini Xələf Xələfov isə eyni gündə Almaniyada görüşlər keçirməsini təsadüfi saymayıb: “Elmar Məmmədyarov “Avropa İttifaqı – Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfransda iştirak etmək üçün Brüsselə gedib. Düşünürəm ki, konfrans dolayısı ilə Avropa Birliyinin həmsədrliyə cəlb olunması məsələsinin müzakirəsi ehtimalı az deyil. Eyni vaxtda Xələf Xələfov Almaniya Xarici İşlər Nazirliyində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndə, xüsusi tapşırıqlar üzrə səfir xanım Patrisiya Florla görüşüb. Görüşdə ikitərəfli siyasi və iqtisadi münasibətlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların hazırkı vəziyyətinin müzakirə edildiyi də gələn xəbərlər arasındadır. Əlbəttə, bütün bunlar o demək deyil ki, Fransanı Avropa Birliyi və ya Almaniya ilə əvəz etmək asan olacaq. Ancaq bu istiqamətdə məsləhətləşmələrin başlaması belə bütün tərəflərə ciddi ismarıc mahiyyəti daşıyacaq”.