Fransız ətirli polisimiz

fransiz-etirli-polisimiz
Oxunma sayı: 641

Müstəqil olduq və milisimiz döndü oldu polis. Milisin polisə keçməsi çox şeyi dəyişdirdi. Ən əvvəl bir pis cəhət o oldu ki, bizim uşaqlar artıq polisimizlə bağlı nə bədii, nə də cizgi filmə baxa bilirlər. Belə filmləri heç cəsarət edib çəkən də olmaz. Ona görə yox ki, kimsə qorxur. Ona görə ki, uşaqların da görməyə adət etdiyi əsasən “toppuş” polislərın filmdə obrazını yaradacaq aktyor tapılmayacaq. Heç aktyor ola-ola öz peşəsinin öhdəsindən gələ bilməyən çox insandan bunu gözləmək gülməli olardı. Bir də nə qədər yaxşı aktyor oyunu olsa belə, filmdə bizim əsil polisimizin cəld qaçışı, o çəkiylə hasardan tullanışı fantazıyaya dönəcək.

Bizim qonşuluqda bir polis yaşayır. Səhərlər liftin fransız ətir qoxusundan bilinir ki, polis bu gün liftdə olub. Amma əgər növbəti gün bu qoxu yoxdursa, deməli, o gecə növbədə imiş. Hamı ətirdən istifadə edir, amma ətirdə çimmək, deyəsən, bu polisimizin sevimli “iş”indən biridir. Gündəmdə oz “fərasət”iylə də olmasa, heç olmazsa, ətrinin qoxusuyla yadda qalır. Bir də o özü də bilmədən qonşular üçün böyük “xidmət” göstərir, lift çox vaxt ayaqyoluna çevrildiyindən bu ətir onun gözyaşardıcı qoxusunu dəf edir.

Metro stansiyalarında millətin təhlükəsizliyini təmin etmək üçün vəzifədə olan polislərimiz yada düşdü. Sərnişinlərin əlindəki çantasından başqa (xüsusən qadınların) hər yerinə baxanlar arasında ətirliləri də var. Bu “poddelka” fransız ətirlərini onlar yaxınlıqdakı ətir mağazalarından çox mədəni şəkildə mənimsəyirlər. Bunu mən demirəm, narazı satıcılar deyir. Polisimizin fransız ətirinə düşkünlüyü fransız hökümətinə qarşı azərbaycanlıların etirazlar aksiyalarında da hiss olunur. Fransız əvəzinə özününkünü söyən, döyən bir qisim polisimizin bu davranışı elə mən deyəndir.

Yay aylarında polisimizdən artıq fransız qoxusu yerinə kabab, 2-3 aylıq quzu qovurmasının qoxusu gəlir. Xüsusən vətənimizin görməli, gəzməli guşələrindəki yol kənarı restoran, kafelər bütün günü “yorulmuş”polislərimizin dayanacaq yeridir. Ötən yay təsadüfən həmin o quzu qovurması qoxulu polisimizlə qarşılaşdıq. Doğrudan da, maşınımızın qaydanı pozduğu vəziyyətdə polisimizi Xızır kimi başımızın üstündə gördük. Biz cəriməlik yol qaydası pozuntusu etmişdik. Amma polisimizin bizə verdiyi cərimə qəbzi (protokolun surəti) yamanca quzu qovurmasının qoxusunu verirdi.

Bu aralar polis olmaq istəyən uşaqlar da gözə dəymir. Bir az əvvəl hansı uşağdan “böyüyəndə kim olacaqsan” soruşanda dərhal “polis olacam” deyərdi. Nə məsələdi, yoxsa gələcəyimiz olan uşaqlar bu sənətin çətinliyinimi başa düşüblər. Yox, onlar sadəcə gözləri qarşısında valideyinlərinin bir neçə “nadir” polis tərəfindən təhqirinin şahıdi olublar, başqa sözlə, polisdən küsüblər.

O gün tele- kanalların birində maraqlı bir süjetə baxdım. Bir neçə polisimiz donmuş paytaxtımızda, yolda qalmış avtomobillərə yardım edir, onları itələyirdi. Çox sevindim, çox... Amma yenə də sevinirəm ki, polisimiz hər addımbaşı gözə dəyir, yoxsa onlarsız da vəziyyət “rusca” da yox,“fransızca”olardı.....