Fransız

fransiz
Oxunma sayı: 679

***

Bu il Qarabağda və Qarabağ ətrafında baş verənlərin ən unudulmayanı 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsidir. Biz insanlığa sığmayan bu hərəkəti insanlığa lazımınca təqdim edə bilmədik. Ona görə yox ki, bunun üçün addımlar atılmadı. Əslində rəsmi Bakı bununla bağlı müxtəlif instansiyalarda iş apardı. Amma məsələnin ən ağrılı tərəfi odur ki, bizi eşitmək istəmirlər. Nə qədər acı da olsa, bunun günahkarları arasında biz özümüz də varıq.
Bu hadisədən sonra atılan addım isə çox gülünc oldu. Söhbət cəbhə xəttinə yaxın ərazilərdə yaşayış məntəqələri ətrafına qoruyucu divarların çəkilməsindən gedir.
Bəli, Fariz Bədəlovun ölümündən sonra biz divar çəkməyə başladıq.

***

Sözsüz ki, ilin ən vacib hadisəsi Kazan görüşü oldu. Hətta bəziləri bu görüşlə bağlı utopik proqnozlar da verdilər. Amma əslində nə baş verdi?
Rusiya Azərbaycana təhqiramiz şərtlər təklif etdi. Rəsmi Bakı isə bu təkliflərə rədd cavabı verdi və ardınca hərbi potensialını göstərməklə dünyanı təhdid etmək istədi. Sözsüz ki, burada daxili siyasi gərginliyin yaratdığı əsəbilik də rol oynayırdı.
Azərbaycana təklif olunan təhqiramiz şərtlərin rədd edilməsi və bundan sonra əzələ nümayişi ilin müsbət xarakterizə ediləcək faktlarındandır.
Amma pis odur ki, Azərbaycana hələ də belə təhqiramiz təkliflər verilməkdədir.
Güc nümayişinə gəlincə, ilin ikinci yarısında hərbi ritorikanın yoxluğunu sezməmək mümkün deyil.

***

Yola saldığımız il rəsmi Bakının mövqeyində maraqlı dəyişiklik oldu. Bu dəyişikliyin təzahür forması isə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında dialoq təklifi idi. İlin birinci yarıcı hərbi ritorikaya güc verilirdisə, ilin ikinci yarısı dialoq ideyası daha çox səsləndi.
Rəsmilərdən bu təklifi ilk dəfə parlamentin vitse-spikeri səsləndirdi. Dialoq üçün edilən cəhd isə kifayət qədər sönük və qeyri-peşəkar alındı. Hətta Dağlıq Qarabağın Azərbaycan icmasına dəxli olmayanların bu tərkibə salınması halları da oldu. Sözsüz ki, dialoqun baş tutmamasında erməni tərəfi də “töhfə” verdi. Amma təklifin müəllifi olaraq Azərbaycan bu məsələdə daha diqqətli və daha əzmikar olmalıdır. Hələliksə, dialoq üçün real addımların atıldığı görsənmir. Amma Azərbaycan rəsmiləri cəmiyyətlərarası dialoqa işarə vuran bəyanatlar verməkdədirlər.
Xarici işlər naziri Elmar Məmmədyarovun ictimaiyyət nümayəndələrinin əlaqələr qurmasının vacibliyini bildirməsi yeni tendensiyanın kulminasiyası oldu. Bu günə qədər Ermənistana səfər etmiş ictimaiyyət nümayəndələri əcinnə görkəmində təqdim olunurdusa, indi hökumət üzvü belə səfərlərin lazımlılığını bildirir.
Bu məqamda Ramiz Mehdiyevin də bəyanatını diqqətdən kənarda qoymaq olmaz. Onun Dağlıq Qarabağda yaşayan ermənilərlə dil tapmağın mümkünlüyü barədə dedikləri heç şübhəsiz, mövcud reallıqlardan doğur.
Bu barədə deyilən sonuncu fikir isə Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur: “Ermənilər də suveren Azərbaycan dövlətinin tərkibində yaşaya bilərlər və yaşamalıdırlar. Hazırda Azərbaycanda ermənilər yaşayırlar. Heç kim onlara bir söz demir, onlar bizim vətəndaşlarımızdır. Yəni, Azərbaycan tolerant, dözümlü ölkədir. Azərbaycan xalqı tolerant xalqdır. Dağlıq Qarabağ məsələsi yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Bütün köçkünlər öz ata-baba torpağına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa. Ondan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bir yerdə yaşayacaqlar”.

***

İlin sonunda Dağlıq Qarabağ ətrafında baş verən ən mühüm hadisə təbii ki, Fransa parlamentinin qəbul etdiyi qanun oldu. Əslində, bu qanun Türkiyəyə nifrətdən daha çox, ermənilərə rəğbətdən doğur. Və Fransanın ermənilərə rəğbəti Dağlıq Qarabağ məsələsində də bizim üçün neqativ nüansları ortaya çıxara bilər.
Bu məsələdə diqqət çəkən məqamlardan biri qanun qəbul edilməzdən əvvəl ATƏT-in Minsk Qrupunda fəaliyyəti başa çatmış fransalı həmsədr Bernar Fasyenin Bakıya səfər etməsi və anlaşılmayan bəyanatla gündəmə gəlməsi oldu: “Cənubi Qafqazda insanların sülh şəraitində yaşayacaqları zaman Qarabağ münaqişəsi həll olunacaq”.
Amma ona deyən olmadı ki, sülh şəraitində yaşamaq üçün əvvəlcə gərək münaqişə həll olsun, cənab Fasye.
Əslində bu səfərin mahiyyəti sözügedən bəyanatda yox, Azərbaycan rəsmiləri ilə aparılan qapalı danışıqlarda idi. Başqa bir məqam isə ondan ibarətdir ki, bütün bu baş verənlərdən əvvəl Fransa Senatında “Ermənistanla Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə” və “ATƏT-in Munsk qrupunun həmsədri Fransa” mövzularında dəyirmi masa keçirildi. Deməli, Fransa təşəbbüsü ələ almağa çalışır. Türkiyənin küncə sıxılmasının da kökündə məhz bu dayanır.
Amma Fransanın belə bir addım atmasında Türkiyənin özündə gedən proseslərin rolu da danılmazdır. Artıq istər Fransaya, istərsə də digər güc mərkəzlərinə sirr deyil ki, mövcud hakimiyyət Türkiyənin müqavimət gücünü tükəndirmək üzrədir. Bundan lazımınca bəhrələnməmək isə siyasi naşılıq olardı.

***

Beləliklə, ilin sonunun ən ciddi xəbərdarlığı beynəlxalq təşəbbüsün Rusiyadan Fransaya keçməsidir. Görünür, rəsmi Bakının ilin ikinci yarısında verdiyi bəyanatların daha çox fransızsayağı, yəni liberal olmasının da kökündə məhz bu məqam dayanır.
Bunun nə ilə nəticələnəcəyini isə növbəti ildə görəcəyik.