Fuad Ələsgərov amnistiyadan danışdı

fuad-elesgerov-amnistiyadan-danisdi
Oxunma sayı: 667

- Son zamanlar amnistiya aktının qəbul edilməsi ilə əlaqədar müxtəlif fikirlər səslənir. Bununla bağlı nə deyə bilərsiniz?
- Ölkəmiz hazırda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Bu əlamətdar tarixlə bağlı il ərzində dövlət səviyyəsində bir sıra humanist addımlar atılmışdır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev cənablarının təşəbbüsü ilə cinayət qanunvericiliyinin liberallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, azadlığın məhdudlaşdırılması cəza sistemindən çıxarılmışdır. Həmin cəza növünə məhkum edilmiş şəxslərin cəzalarının qalan hissəsi daha yüngül cəzalarla - cərimə və islah işləri ilə əvəz edilmişdir.Bu dəyişiklikləri nəzərdə tutan qanunun tətbiqi prosesi müstəqilliyin bərpasının qeyd edilməsi ərəfəsində başa çatdırılmışdır. Aparılan hesablamalara əsasən 1787 şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad olunmuş, onlardan 1436 şəxsin cəzası cərimə ilə, digərlərinin cəzaları isə islah işləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikasının öz müstəqilliyinin bərpasının ildönümünü qeyd edilməsi ərəfəsində həmin şəxslərin cəzadan azad edilməsinin vətəndaşlarımızın qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə, onların cəmiyyətə qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına öz müsbət töhfələrini verəcəklərinə inanırıq. Amnistiya ilə bağlı qeyd etmək istərdim ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev humanizm prinsiplərini rəhbər tutaraq 1995-ci ildə əfv və amnistiya təsisatlarını bərpa etmişdir. Ötən müddət ərzində qəbul edilən 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq edilmiş, habelə 5222 nəfər əfv olunmuşdur. Həmçinin son iki amnistiya aktı ümummilli liderimizin ədalət və insanpərvərlik ideallarını davam etdirən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdur.
Əfv və amnistiya aktları ilə bağlı tədqiqat və ümumiləşdirilmələrin aparılması daimi xarakter daşıyır, əfvlə əlaqədar müraciət etmiş şəxslər barədə rəylərin və digər sənədlərin toplanması prosesi davam edir.

- Azadlığın məhdudlaşdırılması cəzasının qanunvericilikdən çıxarılması nə ilə bağlı idi?

- İlk növbədə vurğulamaq istərdim ki, bu dəyişikliklər bütövlükdə penitensiar sistemdə aparılan islahatların tərkib hissəsidir.
Vaxtilə 1999-cu ildə Cinayət Məcəlləsi qəbul olunarkən hüquq nəzəriyyəsinə əsasən Məcəlləyə bir sıra yeni institutlar daxil edilmişdi.
Lakin ötən illərin təcrübəsi göstərdi ki, bəzi hallarda nəzəriyyədə optimal hesab olunan təkliflər təcrübədə qeyri-effektiv olur. Azadlığın məhdudlaşdırılması növündə cəza belə institutlardan biri hesab edilə bilər.
Ölkəmizdə penitensiar sistemdə həyata keçirilən islahatlar problemin həllinə əsaslı yanaşmanı şərtləndirir. Üzvü olduğumuz Avropa hüquq məkanının digər ölkələrində (Fransa, Almaniya, Hollandiya, İspaniya və s.) cinayət qanunvericiliyinin təhlili göstərir ki, cinayət törədilməsi müqabilində nəzərdə tutulan sanksiyalarda daha çox azadlıqdan məhrum etmə və cərimə cəzaları müəyyən olunmuşdur. Yəni şəxs cinayət törətdiyi üçün azadlığından məhrum olunur və ya azadlıqdan məhrum edilməsi məqsədəmüvafiq hesab edilmirsə, maliyyə məhrumiyyətlərinə məruz qalır. Bu ölkələrin cəza sistemində azadlığın məhdudlaşdırılmasına bənzər ayrıca cəza növləri mövcud deyildir.

Trend