Gecələri işıqlı, gündüzləri zülmət Bakı

geceleri-isiqli-gunduzleri-zulmet-baki
Oxunma sayı: 729

Qismət olanda da belə şok yaradan rəqəmlər peyda olur. Həm də çox simvolik xərclənmə sahəsi – “işıqlandırma”. Tamamilə qaranlıq, qeyri şəffaf maliyyə əməliyyatları aparılan bir ölkədə hətta işıqlandırma mövzusu da korrupsiya predmetinə xidmət edir. Yazının başlığını da təsadüfən seçmədim. Gecələr Bakının məhdud mərkəzi hissələri doğurdan da işıqlandırılır. Bir çox binalara da lazım oldu, olmadı təmtəraqlı işıqlandırma sistemləri qurulub. Amma heç bir hesabat, araşdırma aparmadan bu işin bir ilin on ayını əhatə edən hissəsinə nəinki 198 milyon manat, hətta bundan on dəfə az pulun xərcləndiyi də böyük şübhələr doğurur.

Bir də ki, məsələnin başqa tərəfləri də var: Azərbaycanın başqa yerlərini demirəm Bakının bəyəm başqa, daha vacib problemi yoxdur ki, bu 4-cü dərəcəli işə bu qədər vəsait ayrılır? Bəlkə bu pulun bir hissəsi evləri “Qış Bulvarı” planına düşmüş vətəndaşlara daha ağlabatan və ədalətli kompensasiya verilməsinə ayrılaydı. Və ya Bakının bərbad halda olan məhəllə daxili kanalizasiya, su, digər kommunal sahələrin yenidən qurulmasına ayrılaydı.

Bəlkə daha yaxşı olardı ki, bu pulun 190 milyonu evsiz–eşiksiz qalmış Azərbaycan vətəndaşlarına, Bakı sakinlərinə mənzil tikintisi üçün xərclənəydi... Bəlkələrin sayı bitmir. Amma bu işlərə ədalətlə, insafla, vicdanla baxan, vətəndaşdan “sənə bu dövlət pulunu necə xərcləyək” deyə soruşan varmı? Axı demokratik quruluşlarda bu cür iri məbləğləri böyük müzakirələrdən, ictimai fikri öyrənəndən sonra xərcləməyə qərar verirlər.
Aydın məsələdir ki, günün günorta çağı zülmət pərdəsinə bükülərək aparılan “

“İşıqlandırma” kimi qeyri şəffaf maliyyə əməliyyatlarının sayı kifayət qədərdir. Tanınmış iqtisadçı elə həmin açıqlamasında bayraq meydanına çəkilən iki kilometrlik yola 63 milyon manat, bayraq meydanının özünün təmirinə 55 milyon manat “xərclənməsindən” də bəhs edib. Bu cür faktlar insanı dəhşətə gətirir, adamın az qala nitqi quruyur. Bəlkə də buna görədir ki, korrupsiya layihələrinin şişirdilmiş qiymətləri ölkəmizdə ciddi əks səda doğurmur, vətəndaşların kütləvi etirazına səbəb olmur. Yəni vətəndaş bu faktları eşidəndə şoka düşür və bayılır, uzun müddət özünə gələ bilmir.

Amma bu cür olmaz!

Belə davam edə bilməz!

Belə davam etsə, dövlət süqut edəcək! Korrupsiya artıq sağalmaz xəstəlik kimi Azərbaycan dövlətini “yatağa salmaq” üzrədir. Odlar ölkəsinin artıq bu xəstəlikdən hərarəti elə bir həddə çatıb ki, ağzından od çıxmaqdadır. Bunu dövlətə başçılıq edənlər də bilməlidirlər. Nə qədər gec deyil bu bəlanın aradan qaldırılması üçün mübarizə başlamalıdır. Yalnız bu, ərəb baharının təsirləri altında yaxınlarda aparılan yalançı, qeyri ciddi kompaniya kimi deyil, ciddi bir strategiya üzərində, ardıcıl bir proqram şəklində həyata keçirilən mübarizə olmalıdır. Bu barədə müxtəlif təşkilatların, o cümlədən müxalifət partiyalarının hakimiyyətə yönəlik konkret irad, təklif və proqramları olub. Bu gün də əksər siyasi qüvvələr hakimiyyətin həqiqi antikorrupsiya tədbirlərinə başlamasını israrla tələb edir və bu zaman dövlətçi bir şüurla bu bəladan ölkənin xilas edilməsinə yardım etməyə hazırdırlar.

Zatən xilasın müxtəlif reseptləri də, müxtəlif nümunə modelləri də, elə yaxın qonşumuz Gürcüstanın təcrübəsi də mövcuddur.

Çox da uzağa getməyib, bu günlərdə ABŞ-ın İndiana Universitetinin iqtisadiyyat professoru, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına dair kitabların müəllifi Martin Spekler bu cür reseptin ən sadə variantını açıqlayıb. O, korrupsiyaya qarşı mübarizənin reseptini bu cür görür: “demokratik seçkilər, mülki xidmətdə islahatlar, siyasi partiyaların hakimiyyətdə bir-birini əvəz etməsi.”

Həsrət Rüstəmov