“Gecənin bir aləmi”- Şeir

gecenin-bir-alemi-seir-
Oxunma sayı: 2417








Gecənin bir aləmi

...Sonra nə oldusa, yadıma gəlmir, -
Onu bilirəm ki, qanım qaynadı
Ürəyim atlandı, ruhum oynadı,
Sonra nə oldusa yadıma gəlmir.

Tez durdum, geyindim, çıxdım küçəyə-
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.

Gecədən, ulduzdan, aydan da betər,
Ürək siz tərəfə çəkirdi məni,
Fələyə nə deyim, tutub qolumdan
Fələk sizə tərəf çəkirdi məni.

Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim,
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.

Alnıma toxundum, gördüm tərləyib,
Dodağıma baxdım, uçuqdu, gördüm.
Bütün darvazalar gördüm bağlıdır,
Sizin darvazanız açıqdı gördüm.

Keçdim darvazadan, girdim həyətə,
Arzu, istək məni yaxalamışdı
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə
Qapınızın zəngi yuxulamışdı.

Qapını oyatdım, zəngi oyatdım,
oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.

İş belə oldu ki, zəngin harayı
Yuxudan yarımçıq qaldırdı səni
Durna qatarında uçub gedirdin
Durna qatarından saldırdı səni.

Sən oyanan kimi, sən duran kimi
Əllərin oyanıb qalxdı yuxudan,
Yastığın üstündə sərili qalan
Tellərin oyanıb qalxdı yuxudan.


Çiyinlər oyandı, pambıq çiyinlər,
Addımlar oyandı, kövrək addımlar...
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda qızlar, qadınlar.

Həmişəki kimi, «eşş» eləmədin,
Bir sözü çevirib beş eləmədin
Sağını, solunu eşələmədin,-
Yüyürdün qapıya, gəldin qapıya.

Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı...
...Sonra nə oldusa yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.

Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü getdi,
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.

O süd işığından nə qaldı bizə
ağ yastıq, ağ döşək, ağ yorğan üzü.
Sənin baxışının odu-alovu
Mənim baxışımın çınqısı-közü

Od oda qarışdı, alov alova
Köz közə qarışdı, çınqı çınqıya,
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.

Sən mənə dedin ki, lap elə-belə,
Mən sənə dedim ki, lap elə-belə,
Bu mənim telimdi, bu sənin telin,
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.


Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi!..
Sinəmiz gecəni, bu xoş gecəni
Bir daş ütü kimi ütüləyirdi.

Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin...


... Sonra nə oldusa yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı,
Onu bilirəm ki, əlim səyridi...
Açıq pəncərədən baxdım səmaya,
Tanrı göydən baxıb gülümsəyirdi.