Gələcəyə sərmayə - Təhlil

geleceye-sermaye-tehlil
Oxunma sayı: 963

Təhsilə qayğı xalqın gələcəyinə xidmət edir. XXI əsrdə ölkə iqtisadiyyatının qurulmasında elm və təhsilin rolu danılmazdır. Bunu yaxşı anlayan və daim Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən “Azercell şirkəti bu gün də öz ənənəsinə sadiqdir. Şirkətin sosial fəaliyyətində önəm verdiyi sahələrdən biri, bəlkə də ən birincisi təhsildir. Azercell-in indiyə qədər təhsillə bağlı həyata keçirdiyi layihələr ölkəmiz üçün güclü kadrların yetişməsinə təkan verib.

Şirkətin prezidenti Ali Ağan da şəxsən özü bu tip layihələrdə fəal iştirak edib. Ali Ağan dəfələrlə tələbələr qarşısında mühazirələr oxuyub, telekommunaksiya sahəsində biliyini onlarla bölüşüb. Bu mühazirələr sırasında cənab Ali Ağanın Qafqaz Universitetində MBA proqramı üzrə təhsil alan tələbələr qarşısında “Change Management ” yəni “Dəyişikliyin idarə edilməsi” mövzusunda mühazirəsini, eyni zamanda Universitetin bakalavrları qarşısında “Leadership Overview” yəni “Liderliyin əsasları” məruzəsini misal göstərmək olar. Şirkət prezidenti hesab edir ki, hər bir dövlətin uğurlu gələcəyi onun gənclərə bu gün verdiyi təhsildən asılıdır: ”Hər zaman bir istəyimiz var - Azərbaycanın qürur duyacağı şirkət olmaq. Təbii ki, təhsil çox önəmlidir. Azercellə illər öncə gələnlər indi Avropa, Amerika və Türkiyə kimi ölkələrdə yönətici olaraq çalışırlar. Bu bizim qürur duyduğumuz məqamdır. Təbii ki, biz buna universitetlərin, oradakı mütəxəssislərin xidməti olmadan nail ola bilməzdik”-deyən Ali Ağanın fikrincə, Azercell ölkədə savadlı kadrların yetişdirilməsinə dənizdə bir damla qədər də olsa dəstək olmağı ilə fərəhlənir qürur duyur.

Xəyalları gerçəkləşdirən Azercell!

2009-cu ilin dekabr ayında Barama İnnovasiya Mərkəzinin açılışı ilə Azercell Barama layihəsinə start verdi. Layihənin əsas hədəfi İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində yeni ideyaların araşdırılmasına dəstək vermək, bu yöndə peşəkar kadrların yetişdirilməsinə nail olmaq idi və şirkət bunu bacardı. Barama layihəsinin uğurunu daha da gücləndirmək üçün Azercell bu proqramda CİSCO şirkəti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə fəaliyyət göstərir. Razılaşmaya əsasən, Azərbaycanda fəaliyyət göstərən CİSCO şirkətinin nəzdindəki Sahibkar İnstitutunun vasitəsilə Barama layihəsinin iştirakçılarına biznes planlaşdırma bacarıqları, İnternet biznes həll variantları, biznes məsləhəti, tədris və xidmətləri sahəsində yardım göstərilir. Barama layihəsi haqqında danışarkən Azercell -nin prezidenti cənab Ali Ağan layihəni Azərbaycan və ümumilikdə region üçün çox önəmli sayır: “İlk dəfədir ki, innovativ düşüncəyə malik insanlar çətinliklə qarşılaşmadan və ödənişsiz şəkildə öz ideyalarını inkişaf etdirmək və sınaqdan keçirmək imkanı əldə edirlər. Yalnız Azercellin deyil, beynəlxalq təşkilatlar və korporasiyaların da bu mərkəzə diqqət göstərməsi çox sevindirici haldır”. Cənab Ali Ağan hesab edir ki, USAİD və CİSCO tərəfindən layihəyə qarşı bu cür maraq göstərilməsi, onların mərkəzdə təlim keçmək təklifləri bu cür təşəbbüslərin uğurlu olmasını təmin edir.

“USAID təşkilatı Azərbaycanın İKT sektorunda yenilikləri artırmaq üçün Azercell və CİSCO şirkətləri ilə əməkdaşlıq etməkdən qürur duyur”, deyə USAID-in Qafqaz üzrə Missiya Rəhbəri cənab Conatan M. Konli bildirir. “Biz bu gənc sahibkarların rəqabətcil bazar mühitində uğurlarını görmək arzusundayıq.”

Ekspertlərin fikrincə də belə layihələrin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının daha da güclü inkişaf etməsinə, eyni zamanda sağlam biznes mühitinin formalaşmasına səbəb ola bilər.

Azercell ilə sıx əməkdaşlıq edən Qafqaz Universitetinin tələbələri Barama layihəsinə start verildiyi gündən Barama innovasiya mərkəzində araşdırmaya başladılar. Onu da qeyd edək ki, Barama ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara Azercell şirkətinin əməkdaşları yardımçı olurlar. Onlar üçün proqram çərçivəsində Azercellin mütəxəssisləri tərəfindən təqdimatlar keçirilir, məlumat verilir və müxtəlif növ dəstək göstərilir. Komanda üzvləri Qafqaz Universitetinin iqtisadiyyat, maliyyə, menecment və biznesin idarə edilməsi fakültələrini təmsil edirlər. Staj proqramı bitdikdən sonra tələbələrin apardığı araşdırmanın nəticələri böyük maraq doğurub. Ümumiyyətlə şirkətin həyata keçirdiyi Barama layihəsi öz orijinallığı ilə fərqlənir. Layihədə iştirak edən tələbələrin də fikrincə Azercell onlara arzularında xəyallarında yaşatqıqları ideyaları həyata keçirməyə imkan yaradıb. Azercellin Qafqaz Universiteti ilə birgə həyata keçirdiyi layihələrdən biri də

Yeni Nəsil Şəbəkələr (New Generation Network) adlı dərslərdir. 4-cü kurs üçün nəzərdə tutulan bu dərsdə tələbələrə ən son nəsil texnologiyaya aid zəruri biliklər verilir. 4-cü kurs tələbələri həftədə 4 saat “Azercell”in peşəkar mütəxəssisləri tərəfindən keçirilən dərsdə iştirak edirlər. Proqrama əsasən, hər həftə 2 saat nəzəri biliklərə həsr edilir. Yerdə qalan vaxtın tələbələrin müstəqil işinə sərf olunması planlaşdırılıb. Məşğələlər zamanı tələbələrə araşdırma üçün mövzular təqdim edilir. Yeni Nəsil Şəbəkələr dərsi əsasən 4 bölmədən ibarətdir. Fundamental GSM mövzusuna dair mühazirələrdə tələbələrə Komutasiya sistemləri (Switching systems), baza stansiya sistemləri (Base Station Systems), həmçinin GPRS və UMTS-in əsaslarına dair biliklər verilir. Digər bölüm - fundamental transmissiyaya dair dərslərdə isə tələbələr müxtəlif transmissiya sistemləri, əməliyyat və dəstək sistemlərinə dair məlumatlarla tanış olurlar. Onlar həm də İntillegent Şəbəkə Servisi bölməsi çərçivəsində sistemin əsasları, qiymətləndirmə konsepsiyaları, əlavə xidmətlər barədə ətraflı məlumat almaq imkanı qazanmış olurlar. Ümumilikdə, semestr boyunca Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr və mobil rabitə texnologiyaları mövzusunda layihələr gerçəkləşdirir

Gələcək sənsən!

Azercell kadrların yetişdirilməsi ilə yanaşı onların işlə təmin olumasına da yardımçı olur. Şirkət hər il gənclər üçün Karyera günləri proqramını təşkil edir. Karyera günlərinin keçirilməsi artıq Azercell üçün ənənəyə çevrilib. Şirkət 2005-ci ildən gənclər üçün bu proqramı həyata keçirir. İndiyə qədər minlərlə gənc bu karyera proqramının iştirakçısı olub, Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarının 40-a yaxın məzunu isə şirkətdə işə qəbul edilib. Karyera günləri tədbiri çərçivəsində Azercellə müraciət edən tələbələr üçün maraqlı proqram hazırlanır. Proqrama qatılan gənclər biznes oyunlarda və özlərinin təhsil sahəsinə uyğun olan testlərdə iştirak edirlər. Bu mərhələni uğurla keçən tələbələr isə müsahibəyə buraxılır. Ən vacibi isə proqramın iştirakçıları sonradan Azercelldə işə qəbul prosesində, həm də yay və qış təcrübə proqramlarında iştirak etmək imkanını qazanırlar. Karyera günləri proqramında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və digər ali təhsil müəssisələrinin IV kurs tələbələri, bakalavr, magistr və aspirantları iştirak edirlər. Hər il yüzlərlə gənc proqramda iştirak etmək üçün “Azercell”ə müraciət edir.

Karyera günləri proqramından başqa şirkət hər il tələbələr və məzunlar üçün yay təcrübə proqramına start verir. Mərhələli seçim nəticəsində seçilən gənclər 2 ay müddətində həm şirkətdə işləyib təcrübə qazanmaq, həm də müvafiq əmək haqqı almaq imkanı qazanırlar. Təcrübə proqramının iştirakçılarının seçimi zamanı əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin tələbə və məzunlarına üstünlük verilir. Təcrübə proqramı üzrə seçim prosesinin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiləcəklər. Dəyərləndirmələr zamanı tələbələr və məzunların akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları araşdırılır. Son seçim turu təkbətək müsahibədən ibarət olur. Sözügedən proqramların hər ikisi Azərbaycan gəncliyinin uğurlu gələcəyinə yönəlib.

Həm də maddi dəstək!

Azercell fəaliyyət göstərdiyi müddətdə gənclərə, tələbələrə mənəvi dəstək göstərməklə yanaşı həm da maddi baxımdan dayaq olub. Şirkətin hər il həyata keçirdiyi Tələbə Təqaüdü Proqramı nəticəsində indiyə qədər yüzlərlə tələbə 200 AZN məbləğində aylıq təqaüdə layiq görülüb. Lakin Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər. Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onlara gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Təqaüd proqramı çərçivəsində qalib olan gənclərin fikrincə bu maddi dəstək onlara daha inamla, daha əzmlə çalışmağa kömək edir. Azercell təmsilçilərinin sözlərinə görə, şirkət gələcəkdə bu yöndə yeni təqaüd proqramları işləyib hazırlayacaq. Ümumiyyətlə şirkətin gənclərlə bağlı yeni layihələri artıq hazırdır və yaxın gələcəkdə hazırlanan proqramların reallaşdırılmasına başlanılacaq.

Qeyd edək ki, Azercell Telekom MMC-nin Azərbaycanda təhsilin inkişafına yönələn layihələri bunlarla yekunlaşmayıb. Ötən il Azercell "Xalq Kompüteri" layihəsinə qoşulmaqla, orta təhsil məktəblərinin müəllimlərinə kompüterlə yanaşı, nömrə, Data Kart və İnternet trafiki əldə etmək imkanı yaradıb. “Start Up” layihəsi isə Azərbaycan tələbələrinə seçdikləri ixtisaslar üzrə peşəkar təlim almağa dəstək göstərib. Bundan əlavə şirkət artıq neçə illərdir ki, “Çto? Qde? Koqda?” intellektual TV proqramına dəstək olur.Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercellin əsas planlarına daxildir.