Gəlin maşınını cərimə meydançasına apardılar

gelin-masinini-cerime-meydancasina-apardilar
Oxunma sayı: 682

“Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, yol polisi gəlin maşınını cərimə meydançasına aparıb. Hadisə iyunun 2-də saat 17:00 radələrində Dənizkənarı Milli Parkın yaxınlığında baş verib. Gəlin və bəyi aparan maşın karvanı bulvarın ərazisində dayanıb. "Chrysler" markalı gəlin maşını gəlinlə bəyin şəkil çəkdirməsi üçün bulvarın kənarında saxlayıb. Bu zaman yol polisi gəlin maşınını evakuatora qoyaraq cərimə meydançasına aparıb. Səbəb kimi isə gəlin maşınında dövlət nömrə nişanının yerində “xoşbəxt olun” sözləri yazılmış kağız lövhəsinin yapışdırılması olub.

Bakı şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov burada heç bir təəccüblənəsi şey olmadığı bildirib. Onun sözlərinə görə, yol hərəkəti qaydalarını pozan maşınların cərimə meydançasına aparılmasında heç bir qanun pozuntusu yoxdur: “Dövlət nömrə nişanının yerinə “xoşbəxt olun” və ya digər sözlər yazılmış lövhələr yapışdırmaq qanunun tələbinə ziddir və qanuna hörmətsizlikdir. Eyni zamanda dövlət nömrə nişanının yerinə bu cür sözlər yazılmış lövhələr vurulması, avtomobili nömrəsiz idarə etmək deməkdir. Həmin maşınlar aşkarlanarsa, cərimə balı ilə cəzalandırılır və yüksək cərimə olunur. Əgər belə hal 3 dəfə təkrarlanarsa, sürücü sürücülük hüququndan məhrum edilir”.

V. Əsədov deyir ki, bu vaxta kimi təcrübəsində 4 gəlin maşını barəsində tədbir görüb, bunlardan 2-i bu ilə təsadüf edir.

Bölmə rəisi qeyd etdi ki, Bakı şəhər yol polisi son zamanlar bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hallarının artmasını nəzərə alaraq, belə sürücülərə qarşı mübarizəni gücləndirib: “Paytaxt yollarında hərəkətə nəzarət edən kameralar vasitəsilə əldə olunan məlumatlar əsasında, eyni zamanda yol patrul əməkdaşları tərəfindən aşkarlanan kobud qayda pozuntuları edən sürücülər aşkarlanır və barələrində ciddi tədbirlər görülür. Sürücüləri toy mərasimləri zamanı yol hərəkət qaydalarına riayət etməyə çağırıram. Onların bu hərəkəti piyadaların və digər hərəkət iştirakçılarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır.