Gəncədəki RUH

gencedeki-ruh
Oxunma sayı: 693

Və qəfildən Akif qatarla daha rahat gedə biləcəyimizi söylədi. Qatarlamı? Düzü, mən Azərbaycanda belə bir nəqliyyat növünün olduğunu çoxdan unutmuşdum. Çoxdan, lap çoxdan qatarla səfərə çıxmırdım. Elə bazar ertəsi axşamdan dəmiryol vağzalı, qatar və qatarda getməyin yaradacağı duyğular məni əməlli-başlı sarmışdı. Çərşənbə axşamı nahardan sonrakı tədbirimi bitirib axşam Akiflə dəmiryol vağzalının üst tərəfindəki yarıqaranlıq dayanacaqda düşəndə dünəndən beynimə hakim kəsilmiş ab-hava yenidən baş qaldırdı.

Uzun illəriydi bu vağzala ayaq basmırdım. Vağzalda Bakı-Ağstafa qatarını soruşanda içimi bürüyən nostalji hisslərdən özümü saxlaya bilməyib bu duyğularımı həm Akiflə, həm də rastlaşdığım başqa tanışlarımla bölüşməyə başladım. Düz 1979-cu ildən 80-ci illərin ortalarınacan, az qala hər həftəsonu bu vağzaldan Bakı-Ağdam, daha sonra Bakı-Stepanakert qatarı ilə elə bu vaxtlar – saat 10-a işləmiş səfərə çıxardım. Gözəl günlər idi – valideynlərim Ağdamda yaşayırdılar, orada dostlarım, orta məktəb yoldaşlarım vardı. Bakıya heç cür uyuşa bilmirdim, bərk darıxırdım və tez-tez Ağdama gedib bu hislərimi uşaqlığım keçən o şəhərin tanış küçələri, doğma sifətlərilə ovutmağa çalışırdım. Bir dəfə hesablamışdım, 6-7 ildə – 1979-dan 1986-cı ilə qədər təxminən 300-dən çox gecəmi qatarda keçirmişdim. Az qala, ömrümün bir ilinin vətəni olmuşdu Bakı-Ağdam qatarı.

Vağzal, demək olar, elə həminki kimiydi – zahirən çox da dəyişiklik gözə dəymirdi. Bələdçilər də o illərdəkinə bənzəyirdilər (Amma biletlər fərqliydi, bir də indi qatara minəndə şəxsiyyət vəsiqəsi soruşurdular). 25 ildi qatara minmədiyimi deyəndə əvvəl-əvvəl bələdçi xanım da zarafat elədiyimi düşündü. Sonra yataq ağlarının pulsuz olduğunu, yatağı bələdçinin özünün düzəldəcəyini söyləməsi də yenilik göründü mənə.

Bu nostalji hissləri şərabsız yola vermək mümkünsüz görünürdü. Qatar tərpənməmiş yaxındakı kafedə dil-dil ötən fərasətli satıcının yığıb bizə verdiyi 2 qırmızı “İvanovka” şərabı, bir az saçaqlı pendir, kolbasa, xiyar turşusu... dolu paketi kupemizə gətirdik. Akiflə şərabın dadını çıxardıqca əslində, içimdəki ağrılı duyğuları içkinin hesabına keyləşdirməyə çalışsam da, yenə o illər, o qatardakı səfərlərim bir-bir beynimdə oyanıb mənə əllərini yelləyirdi.
Bu “relslər üzərindəki çarpayıda” yuxuya getməzdən öncə tamam başqa bir mövzuda bir şeir də qaraladım və səhər erkən Akifə oxudum da. Akif bütün hisslərə, duyğulara açıq, həzm edən, kövrələn və duyan bir dostdu. Bu sarıdan da mənim də halımı duyduğundan əmin idim.

Səhər yeddinin yarısı bələdçinin qapını taqqıldatması, “çatırıq” xəbərdarlığı beynimdəki tanış nöqtələri yenidən tərpətdi. Biz əliboş, tezdən saat 7-də, səhərin alaqaranlığında Gəncə dəmiryol vağzalında enib bələdçilərlə vidalaşdıq. Bir cavan oğlan bizi qarşılamağa gəlmişdi. Amma mən bir az sağa burulub orda sərnişin gözləyən taksi sürücüsüylə söhbətə girişdim, buranın necə adlandığını soruşdum, bu dəmiryol vağzalı, bu küçə ilə bağlı bəzi şeylər öyrəndim.

Yenə səhərin alatoranlığı, yenə dəmiryol vağzalında müştəri gözləyən taksi sürücüləri, yenə Ağdam... O taksi sürücülərinin çoxunu üzdən tanıyırdım. Nə gizlədim, Gəncə dəmiryol vağzalına ilk dəfə düşsəm də, mənim bu taksi sürücülərinin üzlərinə baxa-baxa Ağdamdakı həmin tanış üzlərdən birini görəcəyimə içimdə gizlicə bir ümidim vardı.

Bizi qarşılamağa gələn İcra Hakimiyyətinin əməkdaşı gənc oğlanla getdiyimiz küçə, qalacağımız otel, tədbirimizin qrafiki barədə danışdıq. Deyəsən, adı Kənan olan bu cavan oğlandan otelin niyə məhz “Ramada” adlandırıldığı ilə maraqlansam da, sualıma doğru-dürüst cavab ala bilmədim. Səkkizə işləmiş otelə yerləşib hələ bir saat yatmaq imkanımız da oldu. Pəncərədən Gəncənin boş, çöllük əraziləri görünürdü və mən heç vaxt yaşamadığım, heç bircə gün də qalmadığım bu şəhəri nə qədər çox sevdiyimi fikirləşirdim.
Aşağıda, otelin foyesində rastlaşdığım həmkarlarıma ənənəvi zarafatlarımla bərabər bəzi fikirlərimi də deyirdim. Gözəl şeirlər müəllifi, həmkarım Elçin Mirzəbəyliyə isə bu barədə daha yerli-yataqlı danışdım, ona keçirdiyim bu hissləri şeirə çevirməyin çətinliyini bildirdim. Elçinin danışdıqlarından, sifətindən sezilən ifadələrdən duydum ki, o, bu şeiri mütləq yazacaq. Yanılmırdım, bir müddət sonra Elçin mənə yaxınlaşıb deyəcəkdi ki, “yazacam, əsl sən istədiyin şeiri yazacam”.

lll

Bizi, tədbirə gələn 50 nəfərə yaxın media təmsilçisini Gəncə ilə tanış etməyə başladılar. Yeni salınacaq parka, Nizaminin məqbərəsinə apardılar. Məqbərədə gedən bərpa prosesindən, görüləcək işlərdən danışdılar. Elə oradaca imkan tapıb telefonla Nizami Gəncəvinin heykəlinin şəklini çəkib “facebook”a yerləşdirdim, bir az zarafatyana, bir az da bir gün öncə qatıldığım tədbirdəki bəzi detalların oyatdığı təəssüratla şəklə belə bir cümlə də yazdım: “Rəhmətliyin oğlu, bir-iki misra da öz dilində yazaydın da” (Axşam Bakıya qayıdıb yorğun halda evə çatanda “facebook”u açıb bu zarafatyana statusa yazılan şərhləri oxuyanda gülümsəyəcəkdim). Hər şey bir yana, amma Nizami Gəncəvinin varlığı bəs edər ki, Gəncə həqiqətən də bir Ruh şəhərinə, bir möcüzəvi aləmə çevrilsin. Və deyəsən, çevriləcək də...

Gəncədə böyük tikinti işləri gedirdi. Bizim addımladığımız o küçələr hələ daşlı-torpaqlı, asfaltsız idi. Yeni, möhtəşəm Gəncə darvazasının qızğın tikinti prosesilə tanış olduq. Şəhərin baş memarı danışırdı –o, möhtəşəm Gəncə darvazasının necə olacağından, bu abidədən məqbərəyə qədər olan təxminən iki kilometrlik ərazidə Nizami Gəncəvinin qəhrəmanlarının və kitablarının heykəllərinin necə qoyulacağından böyük şövqlə söz açırdı.

Sonra Heydər Əliyevin abidəsinə gül qoyduq. Cavad xanın yeni təmir olunmuş məqbərəsinə baxdıq. 1918-ci ildə “Azərbaycan” qəzetinin buraxıldığı mətbəə ilə tanış olduq. Nəhayət, indi Aqrar İnstitutun yerləşdiyi binaya gəldik. Tədbir burada keçiriləcəkdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ilin 17 iyunundan 17 sentyabrınacan bu binada fəaliyyət göstərib (Binanın aurası da deyəsən, iki gündən bəri keçirdiyim hisslərə qarışmışdı).
Tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açdı. Biz onu artıq neçə ildi ki, tanıyırıq. Media rəhbərləri Elmar Vəliyevin Yevlaxda qısa müddətdə gördüyü böyük işlərdən çox yazıblar. Bu insanda tükənməz enerji, böyük qurub-yaratmaq şövqü var. İndi mən onu bir az arıqlamış, bir az qaralmış gördüm, sanki gözlərinin dibindən dərin fikirlər boylanırdı. O, Gəncəni demək olar ki, söküb yerə qoymuşdu. Bu qədər ağır yükün altına girmək və bu yükün altından çıxa biləcəyinə özündə böyük inam hiss etmək zarafat deyil. Həm də həmişə olduğu kimi Gəncədə də bu proses ağrısız ötüşmür. Bəzən ədalətsizliklər də olur, bəzən, özünün də dediyi kimi, iş olan yerdə söz-söhbətlər də yaranır. Amma bizə həm şəhərin memarının, həm digər məsul şəxslərin ağızdolusu danışdıqları yeni qurulan Gəncə barədə arzuları, düşüncələri bu prosesin xoş sonluqla yekunlaşacağına əminlik yaradırdı. İnanırdıq ki, sökülüb yerə qoyulmuş şəhərin yerində Nizaminin, Cavad xanın, Gəncənin özünün tarixinə və adına layiq yeni bir şəhər qurulacaq.
Sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxış elədi. Mən bir neçə dəfə Əli müəllimin emosional çıxışlarının şahidi olmuşam. Hələ 10 il öncə Avropa Şurasında Kipr məsələsilə bağlı Azərbaycan nümayəndə heyətinin bir qədər soyuq fəaliyyəti dost ölkənin mediasında tənqidi yazıların yer almasına səbəb olmuşdu. O zaman Azərbaycandan bir böyük heyət neftimizin gedib çatacağı Ceyhan şəhərinə səfər etmişdi. Bax onda Əli müəllim türkiyəli jurnalistlərin, türk ictimaiyyətinin nümayəndələrinin və Azərbaycan nümayəndə heyətinin qatıldığı tədbirdə Türkiyə-Azərbaycan münasibətlərilə bağlı çox həssas, təsirli, emosional çıxış etmişdi. Yadımdan çıxmır, bu çıxış zaldakı türkiyəliləri necə təsirləndirmişdi.
Əli müəllimin bu tədbirdə də müstəqillik və mediamızla bağlı çıxışı çox keçmədi emosional, daha həssas, təsirli məqamlarına yetişdi. Əli müəllim jurnalistikamızda, yeni mediada – saytlarda, bəzi qəzetlərimizdə dəyərlərimizə qarşı olan münasibətdən narahatlığını emosional şəkildə ifadə edir, xalqımızın, millətimizin formalaşmasında, Azərbaycanın tanıdılmasında dəyərə çevrilmiş ziyalıların, yazıçıların toxunulmazlığı, onlara hörmət və ehtiramın əbədiliyi barədə danışırdı. O, tədbirdə iştirak edən redaktorları bu cür hallara qarşı qətiyyətli olmağa, belə yanlış mövqedə duran “qəzetçiləri və yazarları” vaxtında susdurmağa çağırırdı. Çox təsirli sözlər idi. Azərbaycan dövlətinin ideologiyasının daşıyıcısı olan şəxsdən bu sözləri müstəqilliyimizin 20 illik bayram günlərində, həm də ilk cümhuriyyətimizin ilk hökumətinin yerləşdiyi binada eşitmək çox xoş idi.

Bu emosional çıxışdan sonra mən də yaşadığım nostalji hisslərdən danışdım. “Gəncəyə tez-tez gələnlər, Gəncədə yaşayanlar üçün səhər-səhər bu şəhərə düşmək, bu şəhərin alatoranlığında onun vağzalını, yuxulu binalarını, insanlarını görmək adi bir hadisədir” – dedim. “Amma mənim üçün bu qatarın – həmişə Ağdama getdiyim qatarın bu dəfə sevdiyim Gəncədə dayanması və Gəncədə keçirdiyim bu saatlar həm də bir emosionallıqdı, bir kövrəklikdi, həzin duyğulardı”.

Müstəqilliyimizə gətirib çıxaran şərəfli mücadilə yolunda danılmaz xidmətləri olmuş böyük tarixi şəxsiyyətlərimizdən də söz açdım. İlk Azərbaycan dramını yazan, ilk teatrımızın əsasını qoyan, ilk qəzetimizi çıxaran, ilk operamızı yaradan insanlara ehtiramımdan danışdım.

lll

Həmin gün hiss edirdim ki, Gəncədə bir ruh var. Özü də o ruh təkcə məndə yox, mənim qatardan başlayan nostalji xatirələrimdə deyildi, mənə elə gəlirdi ki, o ruh hamını sarmışdı. Elə bizim xalqımızın soyuq, rasional düşüncəli xalqlardan fərqimiz də məhz o ruhdadı. O ruhu bizim qanımızda qoruyub saxlayan, ölməyə qoymayan bizim musiqimizdi, muğamımızdı, sazımız, sözümüzdü. Bəzən muğama da həqarət yağdıranlar tapılıb. Amma onun qanımızın dərinliklərindəki hüceyrələrimizi dipdiri saxladığını kim dana bilər ki? Kim o ruhun yaşamasında Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin, Mirzə Cəlilin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın.... rolunu inkar edə bilər? Üzeyir bəyə də ara-sıra ağız büzənlər olur. Mediaya çıxarmaqdan qorxsalar da, orda-burda opera qayda-qanunlara əməl etməməsi barədə gəvəzəyənlər tapılır. Amma kim Üzeyir bəyin musiqisinin böyüklüyünə şübhə edə bilər ki? Kim onun bizim xalqın formalaşmasında müstəsna rolunu dana bilər? Kim onun çərçivələrə sığmayan hədsiz-hüdudsuz improvizələrini, insan qanını coşduran əsrarəngiz musiqisini soyuq, bum-buz halıyla dinləyə bilər ki? Amma təəssüf ki, tapılır – dəyərlərimizə qara yaxanlar, öz içinin kəsafətini, kin-küdurətini dahi insanlarımızdan çıxmağa çalışanlar hələ də tapılır. Böyük ziyalılarımızı absurd ittihamlarla sovetə, molla rejiminə xidmət etməkdə qınayanlar tapılır. Nadanın biri yerindən qalxıb parçalanmış millətimizin birliyinin çox seyrək ümid nöqtələrindən olan böyük Şəhriyarı molla rejiminə xidmətdə suçlayır. Başqa biri Bəxtiyar Vahabzadəni Sovetdən mükafat almaqda,o birisi dəyərli yazarlarımızı hansısa təltiflərdə ittiham edir. Halbuki özləri bir sayta görə çox rahatlıqla 180 dərəcə dəyişirlər, bir Sorosun puluna ədəbsiz, tərbiyəsiz jurnallar çıxarır, gənclərimizin beynini, ruhunu zədələyirlər. Və Azərbaycanı istəməyən qüvvələrin ən birinci amalı bax elə budu – dəyərlərimizi gözdən salmaq, onu aşağılamaq və sonda ruhumuzu öldürmək. Yadıma gəlir, İran Mədəniyyət Mərkəzi Mövlanə Cəlaləddin Ruminin 800 illiyi ərəfəsində qəzetimizdə təbrik yerləşdirmək istəyirdi. Orada Rumini böyük fars şairi kimi təqdim etmişdilər. Biz hamımız, bütün qəzet “Min yox, yüz min də versəniz, bunu çap eləmərik”, dedik. Dedik ki, biz Mövlanəni fars şairi saymırıq.

Bir neçə il öncə “İrşad” otelində keçirilən bir tədbirdə Bəxtiyar Vahabzadəni xəstə, zəif vücudu ilə bir kənarda oturan gördüm. Aman Allah, üzünü qırışlar bürümüş, əldən düşmüş bu böyük insan uzun illər öz şeirlərilə ürəklərimizə hakim kəsilmiş, ruhumuzu oyatmış, qəlbimizi coşdurmuşdu. İndi xəstəhal görkəmli bu əfsanə insan bir qıraqda oturub nigaran baxışlarla tədbirə gələnləri süzürdü. Yaxınlaşıb əllərindən öpdüm. Bu gün o səhnə yadıma düşəndə Bəxtiyar Vahabzadənin böyük şəxsiyyətinə sonsuz ehtiramımla bərabər, nə gizlədim, içimdə özümə də hörmətim artır. Mən millətimizə, xalqımıza xidmət edən dəyərli insanların əllərini öpməkdən heç vaxt çəkinmədim. Otağıma gələndə ayağa sıçradam, qabaqlarına yüyürdüm. Onlarla səfər yoldaşı oldum, amma ən adi, məişət söhbətləri gedəndə də, məclis zarafat məcrasına yönələndə də etik sərhədləri heç vaxt keçmədim, qarşımdakının kim olduğunu unutmadım. Və əksinə davrananları görəndə hiddətləndim, qəzəbləndim.

Bu günlərdə gənc, istedadlı, bir neçə dil bilən savadlı, gözəl, cazibədar gənc yazarımızla etdiyim söhbət yadıma düşdü. “Bütün həyatımı kodlaşdırmışam, çərçivəyə, proqrama salmışam və bundan çox rahatam”, dedi. Yenə uğurları olan başqa bir xanım dostumuz isə heç vaxt hansısa musiqidən gözlərinin yaşarmadığını, heç vaxt hansısa kitabı oxuyub ağlamadığını ucadan söyləmişdi. Bu rasionallıq indi üstün keyfiyyətə çevrilib. Bu maddiyyat savaşı uğrunda hər addımını ölçüb-biçib öz içini, mənəviyyatını, ən gözəl duyğularını məhv eləmək, çərçivəyə salmaq, kodlaşdırmaq indi böyük uğur hesab olunur. Halbuki bizim xilasımız ruhumuzdadı.
O ruh bizi sevgisiz həyat sürməkdən xilas edər.
O ruh bizi böyük, ürəkli və cəsarətli edə bilər.
O ruh sənə ən doğmanın, ən əzizinin, sevdiyinin hansısa səhvini, günahını bağışlamaqda yardımçın olar.
O ruh səni hər gün valideynlərinin, doğmalarının halından xəbər tutmağa, hər gün onlara öz sevgini çatdırmağa kömək edə bilər.
Bu gün Elmar Vəliyevə belə bir ağır yükün altına girməyə cəsarət verən də elə həmin o ruhdu. O ruh olmadan, heç bir maddiyyatla, heç bir vəsaitlə bu qədər şövqlə yeni Gəncə qurmağa güc yetməz, təpər çatmaz.
O ruhdu ki, rəsmi adamımız, dövlət məmurumuz çıxış edir və həyəcanla milli dəyərlərin keşiyində durmağa, onları qorumağa çağırır.
O ruhdu ki, mütləq Ağdama gedən qatarın yenidən Ağdam vağzalında dayanacağına inamı öldürmür.
O ruh olmasa, heç bir maddiyyat, heç bir güclü ordu torpaqlarımızı geri ala bilməz.
O ruh olmasa, müstəqilliyimizin 20-ci ilində gələcək yubileylərə, 100 illik bayramlara inam olmaz.
O gün Gəncədə RUH vardı.
Ruhunuz Sizdən uzaq olmasın!
Ruhunuzu qoruyun!