Gəncin ayaqaltısını süpürən qoca

gencin-ayaqaltisini-supuren-qoca
Oxunma sayı: 671

Simiclik də etsələr, mağaza sahibləri heç olmazsa bu işsiz dayana bilməyən qocaya iş veriblər. Cəbrayıldan məcburi köçkün olan Məmi dayının nə verilən puldan, nə də işindən narazılığı var. Üç il əvvəl həyat yoldaşını itirmiş bu qoca cavanlığında dağ, çəməni gəzəndə, nə vaxtsa hansısa küçənin tör –töküntüsünü yığışdıracağını ağlına belə gətirməmışdi. Bu qocanı alqışlamaq olar, bu yaşda öz çörəyini yeyir. Ən azı onun işlədiyi yerlə eyni paraleldə olan bir qocadan fərqi var. Bu qoca Məmi dayıdan həm cavan, həm də sağlam birinə bənzəyir. Bu tər-təmiz geyinmiş qoca hər səhər binanın tinində əl açıb dilənməyə üstünlük verir. Bu da onun bir çoxu kimi dilənçilik vərdişindən irəli gələ bilər. Qışın soyuq vaxtlarında da “iş”ə çıxan bu qoca camaatın verən əlinə və cibinə gözünü dikib. Deyilənə görə, onu dilənçiliyə məcbur edən səbəbləri var. Hər halda hər iki qocanın yaşının bu vaxtında dincəlməyə, qaygıya daha çox ehtiyacı var. Məmi dayını dayanacaqda avtobus gözləyən gənclər izləyir, belibükük yaşlının onların ayaqaltısını süpürməsinə çox normal baxırlar. Zəmanənin gəncləridir də. Zəhmətkeşdən dərs götürmək əvəzinə hələ birisi siqaret kötüyünü, ya qutusunu qocanın süpürdüyü yerə atmaqdan belə çəkinmir. Bu əməyə “hörmət”dən irəli gəlir. Əslində çoxuna bu hal qeyri-adi gəlməyə bilər. Buna bənzər hallara mərkəzi küçələrdə də rast gəlmək olar. Məsəlçün, anasından da yaşlı süpürgəçi qadını danlayan boynuyoğun, əli cibində bəzi rəislərin davranışı əvvəlki vəziyyətdən fərqli deyil. Yaxud bazarlarda çörəkpulu qazanan yaşlı qadınların meyvə dolu vedrələrinə təpik vuran bir qisim polisin davranışı “əsil” hörmətdən xəbər verir.

Qoca da olsa hərənin bir vəzifəsi var sözsüz, amma biz yaşlılara daha hörmətlə yanaşmağa öyrədilmişdik. Bir vaxtlar. Həmin o vaxtlarda tərbiyə belə idi, böyük, qoca nəqliyyatın istənilən növünə daxil olanda cavan ona yer verməliydi. Amma, deyəsən Avropa, Avropa deyə-deyə bu mənalı xüsusiyyətimizi itirməyə başlayırıq. Axı orada qoca halsız da olsa, yaşlı qadın əlil olsa belə ona qalxıb yerini vermək gülməli görünür. Elə indi də cavan oğlanlar ya qızlar metroda, yaxud avtobusda yaşlı gələn kimi maraqlı varianta əl atırlar. Cəld mobil telefonunu götürüb başlayırlar onu qurcalamağa. Hətta hamilə xanıma belə yer vermək adəti get-gedə gündəmdən düşür.

Azərbaycan dilində olan bir çox söz kimi “hörmət” kəlməsini də sonunda sındırdılar. İndi bu kəlmə əsl məğzini ifadə etməkdən çox, çirkli, ziyanlı hesab etdiyimiz, amma möcüzələr yaradan pulu əvəzləyir. Biri həkimə gedir, “həkim hörmətini edəcəm, işində ol” deyir. Diğəri sosial yardım idarəsində pensiyasının məbləğini sünü artıran kəsə üz tutub “hörmətini edəcəm, ilk pensiyam halalın olsun” deyir, bir başqası cazibəli Tibb Universitetinə heç ürəyinin yerini bilməyən tələbə düzəldərkən “hörmətini necə lazımdı gətirəcəm” deyir. Gətirəcəm deyir, çünki bu “hörmət” cibdən yox, xüsusi çəkili paketdə təqdim olunur. Bəlkə də korrupsiya ilə mübarizə idarəsinin adını dəyişib, “hörmət”lə mübarizə idarəsi qoymalı idilər.

Yeri gəlmişkən, o gün əlimə 1-ci sinifin “Həyat bilgisi” dərsliyi keçmişdi. Orada bir məqam diqqətimi çəkdi. “Hörmət” bölməsində belə bir şüar yer alır. “Körpələrə qayğı göstərin, sizə də körpə olanda qayğı göstəriblər”, ardınca “Baba və nənələrə hörmət edin ki, siz də nənə-baba olanda hörmət etsinlər.” Şəxsən mənə görə, azyaşlı məktəbliyə “hörmət” kəlməsi heç də doğru aşılanmır. Birinci hissədə uşağa minnət, ikincidə isə hədə-təhdid yer alır. Başqa sözlə, uşaqlara yaxşılıq, hörmət etmək yalnız qarşılıq müqabilində məsləhət görülür. Dərslikdə yazılanın sadə izahı var. Körpəyə balaca olduğu üçün qayğı göstərilməli, qocaya isə artıq taqəti olmadığı üçün hörmət etmək lazımdır, vəssalam. Bir də axı hörmət kəlməsini artıq məktəblilər də bizdən yaxşı bilirlər. Sağolsun, bir qisim təhsil işçisi bayramlarda hələ də uşaqları o “hörmət”i məcbur etməyə sövq edir. Bayram günlərində bəzi valideynlər həmin o “hörmət”i hədiyyə şəkilində yox, daha çox pul şəklində etməyə üstünlük verirlər. Təlabat belədi, neyləsinlər.

Bayramda məktəb qapısında övladıyla sağollaşan ana deyir: “Catan kimi müəlliməyə ver, de bayramın mübarək.” Əvəzində də azyaşlı uşaq gözün döyə-döyə “pul hədiyyəsini” övcunda sıxır, sinif otağına çatana kimi itirər deyə qorxur. Anası elə bu an ondan uzaqlaşan övladının ardınca qışqırır: “İtirərsən pulu, çatan kimi ver.”

Həmişə əsl hörmət sahibi olasız!