Gənclər icra hakimiyyətini məhkəməyə verdilər

gencler-icra-hakimiyyetini-mehkemeye-verdiler
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, bu barədə informasiyanı Müsavat Partiyası Gənclər Komitəsinin sədr müavini Səxavət Soltanlı Facebookdakı statusunda paylaşıb.

Səxavət Soltanlı yazır ki, məhkəməyə müraciət edilməsinin səbəbi İctimai Palatanın gənclərinin 15 noyabr 2011-ci ildə təşkil etdikləri etiraz aksiyasının polis tərəfindən dağıdılması olub.

Səxavət Soltanlının status yazısından məlum olur ki, gənclər Bakı şəhər İcra hakimiyyətinin aksiyanı icazəsiz hesab etməsi, polisin müdaxiləsi, aksiyada iştirak edən gənclərdən birinin polis idarəsində 4 saat qanunsuz saxlanmasını azadlıq hüququnun pozulması hesab edirlər və pozulmuş hüquqlara görə kompensasiya ödənilməsini tələb edirlər.

“Məhkəməyə hazırlıq iclası 17 yanvar 2012-ci ilə təyin edilsə də, cavab tərəfin nümayəndələrinin məhkəməyə gəlməməsi səbəbindən 14 fevral 2012-ci ilə təxirə salınıb”, - deyə Səxavət Soltanlı yazıb.