Gənclərin NİDAsı

genclerin-nidasi
Oxunma sayı: 1594



Bir yaşlı “N!DA” Vətəndaş Hərəkatı Azərbaycanın gənclər sektorunda özünəməxsus nüfuz qazanıb. Çünki bu təşkilatın rəhbərləri də, sıravi üzvləri də Azərbaycan gəncliyinin tanınmış və qəbul edilən simaları, bir sözlə, sözü keçən liderləridir…

“N!DA” – bir il ərzində qarşısına qoyduğu hədəflərə nail olmaq üçün müxtəlif önəmli maarifləndirici və ictimai-siyasi lahiyələr həyata keçirib. Buna görədir ki, intellektual kəsimi təmsil edən gənclərin əksəriyyəti bu hərakata qoşulublar. Azərbaycan gəncliyinin çox böyük ponensialı “N!DA”-dadır və hərakat, necə deyərlər, ağıl və zəka ilə hədəflərinə doğru gedir.

Hərəkatın manifesti bu cümələrlə başlayır : “Biz-Nidaçılar yeni, azad nəsilik! Nida azadlıq və ədalət istəyir və xalqımızın ona layiq olduğunu iddia edir!
Bizim indiyə qədər baş vermiş ictimai-siyasi olaylar haqqında fikirlərimiz müxtəlif ola bilər. Ancaq Nida keçmiş barədə mübahisələrə vaxt itirməməyi təklif edir! Bizi gələcək maraqlandırır!”.


Hərəkat üzvləri demokratik cəmiyyət, azad ölkə, söz-fikir azadlıqı, liberal iqtisadiyyat, insan hüquq və azadlıqlarını özünün əsas hərəkətverici qüvvəsi sayır.
Odur ki, hərəkatın manifesti bu cümələlərlə davam edir: “Bizim vətəndaşları adətən mənafeçi və passiv hesab edirlər. Ancaq digərləri də var: düşünən, cəsarətli, öz ölkəsinin taleyinə biganə olmayan və onun gələcəyi üçün üzərinə məsuliyyət götürməyə hazır olanlar. Biz hələ çox azıq, ancaq biz artıq varıq və hər yeni gün daha da çoxalacağıq!”.

“N!DA”-çılar bu ölkədə azad və insan kimi, gələcəyin sahibləri kimi yaşamaq istəyirlər, N!DA-çılar öz övladlarını zülmətə qərq olunan Azərbaycanda böyüdüb, sürünən və əzilən, haqqı boğulan vətəndaş kimi yox, demokratik və seçkilərin taleyini həll etdiyi, xoşbəxt-firavan, vətəndaşın sözü keçən və hər bir insanın adam kimi yaşayacağı Azərbaycanda böyütmək istəyirlər.

Buna görə manifestdə bunlar əks olunub: “Biz Nidada nə edirik?
Nidaçılar öz hüquqlarını bilir, qoruyur və ideyalarını reallaşdırmaq əzmindədir! Biz pul qazanmaq və karyera qurmaq haqqında düşünmürük! Çünki azadlıqlar olmayınca heç bir xalq səfalətdən qurtulmur, heç bir ölkə həqiqi inkişafa nail olmur, onun vətəndaşları da xoş gələcəyini qura bilmir. Azadlıq olmayan ölkədə heç kim bəlalardan sığortalanmayıb. Tarix onu da sübut etdi ki, xalqlar azadlıq və həqiqət əldə etmədikcə, çörək və rifah da qazana bilmir”.


“N!DA” ölkədə vətəndaşların sahibi olacağı Azadlıq istəyir. Hərakat üzvləri hesab edirlər ki, vətəndaşı Azad olmayan, ehtiyac və zülm içində olan vətəndaşın dövlətinin sabahı və gələcəyi yoxdur.

Və manifest bunları deyir: “Nida azadlıq, ədalət və həqiqət istəyir! Bunun üçün biz özümüz hakimiyyətə gəlmək istəmirik! Lakin Nida ölkəmizdə dəyişikliklər istəyir! Nida ölkəmizdə hakimiyyətin xalqın iradəsi ilə qurulmasına tərəfdardır.”.

“N!DA” öz fəaliyyətini qanun və beynəlxalq konvensiyalara söykənərək, zorakılığı, terrorizmi məqsədəçatma üsulu kimi pisləyir və öz fəaliyyətində qanunvericiliyə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.
Buna görə də manifest belə davam edir: “Nida Vətənə sevgini öz işləri ilə sübut etmək istəyir, biz öz vətənpərvərliyimiz barədə boşboğazlıqla qışqırmırıq!
Nida zorakılığa “yox!” deyir və öz fəaliyyətində qeyri-zorakı mübarizə formalarından istifadə edir!”.


“N!DA”-çılar öz hüquqlarını bilirlər və bizə aid olan, dünyanın gəlişmiş ölkələrinin vətəndaşları kimi yaşamaq, işləmək və dövlətin möhkəmlənməsi, azad vətəndaş cəmiyyətinin qurulması üçün fəaliyyətinin əsas istiqaməti sayır və manifesti belə bitir:
“Nidanın tələbləri:
Biz azad və inkişaf etmiş dövlətdə yaşamaq istəyirik!
Biz istəyirik ki, bizi yüksək döyüş qabiliyyətli peşəkar ordu qorusun, tələbələr isə rahat təhsil alsınlar!
Biz hakimiyyətin azad və ümumi səsvermə yolu ilə demokratik şəkildə dəyişməsini istəyirik!
Biz azad və müstəqil KİV-dən məlumat almaq istəyirik!
Biz istəyirik ki, qanunlar ədalətli və hamı üçün eyni olsun!
Artıq səsimizi duyurmaq vaxtıdır! Bizim arxamızda həqiqət, bilik və güc durur, siyasətçilər və partiyalar deyil!
Biz artıq köhnə siyasi stereotiplərindən bezmişik! Bizi siyasi və ictimai fəaliyyətin yeni formaları maraqlandırır! Artıq müxtəlif “izm”lərdən qurtulmaq vaxtıdır, siyasətin əxlaqlı olması bunlardan asılı deyil!
Nida yeni insanların Hərəkatıdır. Bizim müasirlərimiz digər dövlətlərdə artıq öz seçimlərini ediblər!
Artıq biz də GƏLİRİK! Azadlıq əldə etməkdən başqa yolumuz qalmayıb!Nidanız güclü olsun!”.


Sözün əsil mənasında intelektual gəncliyin qurduqu bir hərakatdır “N!DA” və hərakat sağlam ideyalar və fikir, söz və dürüstlük üzərində qurulan əqidə üçün hərəkət edir…

Biz, GƏLİRİK…. Sizin üçün, məqsədimiz və Azadlıqımız üçün… cünki bu ölkə və onun sərvətləri bizimdir… biz bu ölkəyə sahib olmalıyıq, biz sabahımıza və ölkəmizə sahib olmasaq sabahımız yoxdur və qaradır… işıqlı və sağlam gələcək bizim olmalıdır…

Mən, “N!DA”-çıları tanıdım və əqidələrinə və sözlərinə sahib glənclər olduqları üçün onlara qoşuldum və seçimimdə yanılmadığımı gördüm…

…. keçək İdarə Heyətinə!!!

Rəşadət Axundov- sözün həqiqi mənasında öz potensialı və intelektual səviyyəsi ilə seçilən birisidir, Azərbaycanın sabahını quracaq və onun irarəçiliyində ölkəni müsbətə doğru aparan gənclərdəndir, bir sözlə belə bir vətəndaşa sahib olduğumuz üçün, Türkiyəlilər demiş nə mutlu bizə… yəni N!DA-nın ağır artileriyası Rəşadətdir.

Zaur Qurbanlı- bu gənc hər kəsin qürur duya biləcəyi şəxsdir və belə bir dosta sahib olduğumuz üçün də nə mutlu bizə. Zaur ideya generatorudur, Rəşadət demişkən Zauru 20 partiyaya da dəyişmərəm… proseslərə yanaşması, yazıları və fikri ilə hər kəsdən seçilən bir şəxsdir və ona görədə hər kəsin sevdiyi birisidir. N!DA-nın uzaq vuran topu Zaurdur.

Turqut Qəmbər- hərakat üzvləri arasında öz sözü, nüfuzu, fikri və düşüncəsi ilə fərqlənən birsidir. Və N!DA-da belə bir gənc təmsil olunması hərakata xüsusu nüfuz gətirir. Turqut da intelektual fikri və bacarığı ilə seçilən gənclərdəndir. Belə ki, N!DA-nın zəkası və beynəlxalq qapısı Turqutdur.

Üzeyir Məmmədli- N!DA-da belə bir səbirli və ağıl dəryası olan gəncin olması, xüsusi təşkilatçılıq qabiliyyəti, işində məsuliyyəti və operativliyinin olması hərakata xüsusi önəm qatır. İntelektual gənc deyəndə ilk yadıma düşənlərdən biridə Üzeyirdir. Bu adam ərizə yazmayıb N!DA-ya gələnlərin qənimidir, çalışın hərakata üzv olmazdan öncə anket doldurun ki, Üzeyirin qəzəbinə tüş gəlməyəsiniz. N!DA-nın ağıl dəryası Üzeyirdir.

Etibar Salmanlı- bu ad gələndə mənim yadıma müasir internet texnalogiyaları, bloq, facebook və bir sözlə yeni media düşür. Necə deyərlər, canlara dəyən oğlandır Etibar…. təşkilatda daha çox operativliyi ilə seçilən gənclərdəndir. Mənimdə N!DA-ya qoşulmamın səbəbkarı bu gəncdir. İctimai sektordakı təşkilatların dayaq nöqtələrindən biri, əsil xarizma və N!DA-nın informasiya bazası Etibardır.

Kaktus Cavadzadə- bu xanım demokratiya nümunıəsidir. Yəni, xanım Cavadzadənin N!DA-da olması demokratiyanın təntənəsidir. Belə, xanımların ictimai sektorda aktiv olması cəmiyyətin inkişafı baxımından önəmlidir. Və, Azərbaycanda liberal xanım deyəndə, ilk ağlınıza Kaktus düşsün.

Aygül Aydın- Aydınlar – Pəncəliyevlər böyük bir ailənin N!DA-dakı əsas dayaqı: Aygül xüsusi hörmətim olan gənc xanımlardan biridir və hərakatda belə gənclərin olması N!DA-ya xüsusi çəki qatır. N!DA-nın müəllimi Aygüldür.

Bu gənclər bir ordudur!!!

N!DA-nın yüzlərlə aktivi var. Və Aynur Zərrintac, Araz Önər, Səlçuq Elçin, Nərmin Nöqtə, Cəlil Cavanşir, Məcid Mərcanlı, Üzeyir Bağırlı, Orxan Rasimoğlu, Kənan Qasımlı, Rövşən Nəsirli, Fuad Hacıyev, Elvin Elxan, Vəfa Nağı, Nazlı Pəncəliyeva, Kirpi Kirpizadə, Turan Yusifova, Məhəmməd İlyasoğlu, Sirac Eldar, Türkel Rəhimli, Orxan Rza, Səadət Abbaslı, Şahnaz Həsənova, Camal Əkbər, Güldəstə Abdullayeva, Sənan Əlizadə, Nurlan Oruclu, İsmi Şahzadə, Mahmud Musalı, Nadir An, Xülya Sabirli, Aygün Pəncəliyeva, Şəbnəm Gülməmmədova, Hüseyn Məmmədov, Vəfa Cəfərova, Kənan Grandios və adını çəkmədiyim digər dəyərli dostların N!DA-da olması bu təşkilatın potensialına sübutdur, xüsusən, silahdaşlarım – Emil Bağırov, Murad Əhməd, Pünhan İmamlı, Nicat Kamal, Pərviz Həsənovun burda olması təşkilatın önəmini xüsusi artırır… bu gəncliyin bir arada olması əsil inqilabdır!!!

Və N!DA-nı əlahəddə edən faktlardan biri də gənclərin sevimli yazıçılarından olan Əli Əkbər və məşhur köşə yazarları Zamin Hacı və Elnur Astanbəylinin hərəkata qoşulmasıdır… və Seymur Baycanı gözləyirik!!!
Bir sözlə, N!DA mübariz insanların və mübarizə aparanların təşkilatıdır.

Biz GƏLİRİK…. siz hələ seçiminizi etməmisiniz?

P.S. Kursivlə verilən abzaslar N!DA-nın manifestindəndir. Bu Manifest Azadlığın manifestidir həm də.

P.S.S “N!DA” Vətəndaş Hərakatı 4 fevral 2011-ci oldə bir qrup gənc tərəfindən təsis edilib. Elə həmin ilin avqustunda isə hərakatın ilk qurultayında İdarə Heyəti seçilib.

Samir Əsədli