Gənclərin ölkədəki siyasi vəziyyətlə bağlı - Bəyanatı

genclerin-olkedeki-siyasi-veziyyetle-bagli-beyanati
Oxunma sayı: 664

“Qafqazinfo” həmin bəyanatı təqdim edir: Son dövrlərdə dünyada alovlanmağa başlayan demokratiya dalğası və totalitar rejimlərdə baş verən inqilablar bəşəriyyətin birmənalı olaraq azad cəmiyyətdə yaşamaq istəyini və bu istəyin qarşısını almağın mümkünsüz olduğunu bir daha ortaya qoydu. «Ərəb baharı» növbəti dəfə təsdiqlədi ki, avropalı, asiyalı, afrikalı olmasından asılı olmayaraq, insan insandır, o, azad yaşamaq haqqına malikdir və hər hansı bir xalqın, millətin demokratiyaya hazır olmaması ilə bağlı deyilənlər kökündən yanlış yalançı nəzəriyyələrdir və diktaturanın əsaslandırılmasına yönəlmişdir.

2011-ci ilin yanvarından başlayan ərəb üsyanları həm də onu bir daha göstərdi ki, millətlər 21-ci əsrdə diktatura rejimlərini hətta öz qanları bahasına da olsa, tarixin arxivinə göndərməkdə israr edirlər.

Ancaq təəssüflə qeyd edək ki, bu qlobal demokratiya dalğası qarşılığında Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması istiqamətində ciddi və əhəmiyyətli islahatlar aparılmaq əvəzinə, rejim daha da sərtləşir. Sanki Azərbaycan hakimiyyəti məqsədli şəkildə cəmiyyəti sosial partlayış səviyyəsinə çatdırmaq istəyir: monopoliya, rüşvət və korrupsiya miqdarı artır, sosial güvənclik azalır, qiymətlər qalxır, paralel olaraq daxili siyasət daha amansız və sərt müstəviyə keçir, insanların sərbəst toplaşmaq, söz və ifadə azadlığı kimi fundamental azadlıqların təmini məqsədilə addımlar atılmaq əvəzinə rejim daha da aqressivləşir. Təkcə heç bir hüquqi səbəb olmadan aparılan son repressiyalar – «2 aprelçilər»in və «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi – hakimiyyətin cəmiyyəti uçuruma sürükləmək niyyətinin göstəricisidir. Azərbaycan hakimiyyəti dünya axınının əksinə getməyə çalışmaqla, əslində xalqı inqilaba məcbur edir, dövləti təhlükəyə atır.

Biz Azərbaycan gənclər forumu hakimiyyəti bir daha siyasi səbatsızlıqdan çəkinməyə, dərhal siyasi islahatlar həyata keçirməyə, fundamental azadlıqların təmini məqsədilə Konstitusiyada nəzərdə tutulan vətəndaş hüquqlarına hörmət etməyə çağırır və siyasi repressiyaları durdurmağı tələb edirik”.