Generalın oğlunu kimlər oğurlayıb?

generalin-oglunu-kimler-ogurlayib-
Oxunma sayı: 956

Beləliklə, bəlli oldu ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı açılan cinayət işini hansısa isterik məqamlarda, hətta, yerindən tərpətmək təşəbbüsü də olub. Elşad Abdullayevə qarşı irəli sürülən “o, qardaşının axtarılması, tapılması ilə maraqlanmayıb, bu işlə məşğul olmayıb” ittihamlarının da heç bir əsası yoxdur. Üstəlik, bu ittiham həm də qərəzlidir. Ona görə ki, hansısa cinayət nəticəsində zərər çəkmiş vətəndaşın mənafeyini vətəndaş özü qorumalı deyil; bu işi dövlət görməlidir. Amma buna baxmayaraq, Elşad Abdullayev qardaşı oğurlanan gündən indiyə qədərki 8 il müddətində bu işlə hər gün məşğul olub. Bu işlərdən biri də Respublika Prokurorluğunun müstəntiqinə ifadə vermək olub. Ifadəni sizə əvvəldən axıra qədər təqdim edəcəyik, amma yeri gələndə hansısa xırda şərhlər də verəcəyik ki, qaranlıq məsələ az qalmasın.
Sirli Rövşanə...
Beləliklə, Elşad Abdullayev ifadəsində bildirir: “13 oktyabr 2003-cü ildə, saat 10.30-da qardaşım Abdullayev Mahir Islam oğlu özünə məxsus olan ”Mersedes” markalı, 10-CR-067 dövlət nömrə nişanlı maşında evdən çıxıb bir daha geri qayıtmamışdır. Odur ki, Mahir Abdullayevi axtarmağa başladıq və 14 oktyabr 2003-cü ildə mən qardaşım Elsevərlə birlikdə Mahirin yoxa çıxması ilə bağlı Bakı şəhər Baş Polis Idarəsinin yol polisinə və Yasamal rayon Polis Idarəsinə müraciət etdik. Lakin təəssüflər olsun ki, hüquq-mühafizə orqanlarına yazdığımız müraciətlərin heç bir nəticəsi olmadı.
Hadisədən 3 gün sonra Rövşanə adlı bir qadın Universitetə gələrək mənimlə görüşmək üçün o zamanlar köməkçim olmuş, hazırda isə Milli Elmlər Akademiyasında işləyən Mirzə Aslanova dəfələrlə müraciət etmişdir. Lakin mən həmin qadının Universitetlə bağlı hansısa probleminin ola biləcəyini zənn edərək həmin qadının görüşmək təklifini rədd edirdim, çünki Mahir yoxa çıxandan sonra bütün iş planlarım pozulmuşdu. 2003-cü ilin oktyabr ayının 17-də, axşam saat təqribən 18 radələrində mən qardaşlarım Eldəniz, Ismayıl və köməkçim Şamillə birlikdə otağımı tərk edərək evə getmək üçün həyətdəki maşınıma minmək istəyəndə həmin qadın özünü mənə təqdim edərək “Elşad müəllim, mənim sizinlə söhbətim Mahirlə bağlıdır. Biz mütləq söhbət etməliyik” dedi. Onun bu sözlərindən mən çox həyəcanlandım və qardaşıma dedim ki, siz həyətdə gözləyin, mən bu qadınla söhbət edib gəlirəm.
Kabinetimdə bu qadın özünü təqdim edərək adının Rövşanə olduğunu dedi və söhbətə başladı: “Elşad müəllim, bilirəm, sizin üçün çox ağırdır, amma narahat olmağa heç bir əsas yoxdur. Çünki Mahir sağ-salamatdır və yəqin ki, hər şey öz yoluna düşər”. Daha sonra Rövşanə mənə bildirdi ki, Mahirin tapılmasının açarı çox varlı biznesmen olan, Arzu Kazımovski adlanan bir şəxsin və Daxili Işlər Nazirinin sabiq birinci müavini Zahid Dünyamalıyevin əlindədir.
Xarici görünüşünə görə ona 25 yaş vermək olardı...
Qeyd etmək istəyirəm ki, mən əvvəllər Rövşanə adlı bu qadınla tanış deyildim, onu tanımırdım, onunla hər hansı əlaqəm olmamışdır. Rövşanə adlı bu qadını qardaşım Mahir itkin düşdükdən sonrakı 14, 15 oktyabr 2003 tarixlərində Universitetdə rektorluğun qəbul otağında görmüşdüm. Qardaşım Mahirin onu tanıyıb-tanımaması barədə deyə bilərəm ki, Rövşanə ilə sonrakı uzun müddətli söhbətlərimin əsasında mənə bəlli oldu ki, Mahirlə Rövşanə tanış olmayıblar. Digər qardaşlarım, eləcə də qohumlarım da qeyd olunan tarixə qədər Rövşanəni tanımayıblar. Rövşanənin rəsmi olaraq haradasa işləməsini bilmirəm, amma mən onu Arzu Kazımovskinin ofisində və Zahid Dünyamalıyevin Zuğulbada yerləşən ofisində görürdüm. Ancaq onun həmin ofislərdə də işləyib-işləmədiyini bilmirəm. Rövşanə Azərbaycan Beynəlxalq Universitetində oxumayıbdır, eləcə də onun qohumlarından heç kim rektor olduğum universitetdə təhsil almır və işləmir. Rövşanə haqqında əlavə onu deyə bilərəm ki, o, gah mənə mingəçevirli olduğunu, gah naxçıvanlı, gah da ermənistanlı olduğunu deyirdi. Xarici görünüşünə görə ona 25 yaş vermək olardı, amma davranışı, danışığına əsasən hardasa 35-40 yaşlarında olar. (Ifadənin bu hissəsində Elşad Abdullayev müstəntiqə Rövşanə xanımın ünvanını və telefon nömrəsini deyir). 17.10.2003 tarixdə Rövşanənin mənə dediyi sözləri mən şərti işarə kimi başa düşdüm və o, belə işlərlə əlaqədar Arzu Kazımovskinin Zahid Dünyamalıyevlə işbirliyinin olması barədə mənə çox mühüm məlumatlar vermişdir. Rövşanənin mənimlə etdiyi bu qəbildən olan söhbətləri mən videokamera ilə çəkmişəm və bu danışığın audio-video kassetlərini istintaqa təqdim edə bilərəm, bu kassetlər məndə evdədir.

Ramil Usubovun yanında belə bir qərar qəbul edildi ki...
Söhbət zamanı Rövşanə mənə bildirdi ki, narahat olma, mən səni Arzu ilə mütləq görüşdürəcəyəm. Bir gün sonra, 18 oktyabr 2003-cü il tarixdə əvvəllər tanımadığım Arzu Kazımovski yaşıl rəngli “BMW” markalı maşında Rövşanə ilə birlikdə mənim yanıma gəldilər. Onlarla kabinetimdə söhbət etdim. Rövşanə və Arzu mənimlə danışaraq qardaşım Mahirin adam oğrularının əlindən azad olunması işinə köməklik edəcəklərini dedilər və bu işdən heç kimin məlumatı olmaması haqqında mənə xəbərdarlıq etdilər. “Əks təqdirdə, Mahiri görməyəcəksiniz”, deyə hədələdilər. Qeyd edim ki, söhbətin əvvəli üçümüzün arasında oldu, sonradan Rövşanə otaqdan çıxdı və Arzu ilə biz ikilikdə söhbət etdik. Arzu Kazımovski mənə konkret olaraq, qardaşım Mahirin kim tərəfindən oğurlanmasını bildiyini birinci görüş vaxtı demədi. Açığı, mən özüm də ondan birinci görüşdə bu barədə soruşmadım. Arzuya yalnız onu deyirdim ki, məni maraqlandırmır, qardaşımı kim oğurlayıb, niyə oğurlayıb, yeganə istəyim qardaşımın azad edilməsidir və bu işdə mənə köməklik göstərməsini xahiş etdim. Arzu Kazımovski mənə dedi ki, Daxili Işlər nazirinin sabiq birinci müavini Zahid Dünyamalıyevlə onun çox yaxın əlaqələri var, bu əlaqələrdən istifadə edib qardaşımın azad olunması məsələsini həll edəcəkdir. Qeyd edim ki, Mahir itkin düşəndən 1 gün sonra, yəni 14 oktyabr 2003-cü ildə mən qardaşım Elsevərlə birlikdə Daxili Işlər nazirinin qəbulunda olmuşduq və nazir Ramil Usubov bizi dinləyəndən sonra Zahid Dünyamalıyevi çağırıb bu işi araşdırmağı ona tapşırmışdı. Ramil Usubovun yanında belə bir qərar qəbul edildi ki, Mahirə xətər toxunmasın deyə texnikadan istifadə edilməli və əgər ciddi bir məlumat olarsa, dərhal nazirə və ya Dünyamalıyevə məlumat verib onunla əlaqə saxlamalıydıq. Texnika deyəndə telefonlara qulaq asma, videomüşahidə aparma, zərərçəkmişlərin danışığına qulaq asma nəzərdə tutulurdu.
General Dünyamalıyev oğlunu necə xilas edib?

Nazirin qəbulundan çıxandan sonra Dünyamalıyevin otağına getdik. Zahid Dünyamalıyev Mahir hqqında məlunat topladı, təxminən 30 dəqiqə ümumi tanışlıq barədə söhbətlər etdi, bizə ehtiyatlı olmağı məsləhət gördü, dedi ki, onun da oğlunu oğurlayıbmışlar və uşağı oğurlayan çeçenlərə Moskvaya uçan təyyarədə pul verib uşağı azad etdiribdir.
Bundan başqa, danışdı ki, “sığorta Mamed”in oğlunun, atası səhv etdiyinə görə, qulağını kəsib atasına göndəriblər. Bu səbəblərdən maksimum ehtiyatlı olmağı tövsiyə etdi, səhvə yol vermək olmaz, habelə, zəruri tədbirlərin görüləcəyi barədə bizi əmin etdi. Odur ki, işin Zahid Dünyamalıyevə tapşırılması və həm də Arzu Kazımovskinin mənimlə söhbətində Zahid Dünyamalıyevin adını çəkməsi məni onun sözlərinə inandırdı. Arzunun bu işin çox ağır başa gəldiyini, Mahirin “yalnız general Zahid Dünyamalıyev tərəfindən geri qaytarıla bilər” sözlərini işlətməsi və hadisədən qısa müddət sonra Rövşanə adlı bir qadının meydana çıxması, onun Arzu Kazımovskini dəstəkləməsi məni onlara inanmağa sövq etdi. Bu söhbətdən sonra Zahid Dünyamalıyevlə onun iş otağında və onunla işbirliyi quran Arzu Kazımovskinin şirkətində dəfələrlə söhbətimiz olmuşdur. Belə ki, söhbət zamanı Zahid Dünyamalıyev çox gizli şəkildə məni başa salmağa çalışırdı ki, Mahiri sağ-salamat geri qaytarmaq üçün külli miqdarda pul lazımdır. Həmçinin, Zahid Dünyamalıyev və Arzu Kazımovski mənimlə söhbət əsnasında məni başa salmağa çalışırdılar ki, bu işdən başqa bir adam xəbər tutsa, yəqin ki, həmin danışan adamın aqibəti yaxşı olmayacaqdır. Tez-tez “sığorta Mamed”in oğlunun başına gələn hadisəni danışırdılar. Məhz, qardaşım Mahirə xətər gəlməsin deyə, mən onların bütün şərtlərini yerinə yetirirdim.
Sevinc adlı qadın həmişə onun qulluğundadır
Əgər Zahid Dünyamalıyevlə aramızda vasitəçiliyi Arzu Kazımovski edirdisə, bizimlə Arzu Kazımovski ilə vasitəçiliyi də Rövşanə edirdi. Çünki hər dəfə Rövşanə ilə Mahir haqqında danışanda, o, hər dəfə də məni inandırmağa çalışırdı ki, Mahir sağ-salamatdır. Onun yanına gedib-gələn insanlar var. Indi bir az xəstədir. Sevinc adlı bir qadın həmişə onun qulluğundadır. Rövşanə mənə deyirdi ki, Mahir ağ köynəkdə, qırmızı qalstukdadır, onu böyük bir həyətdə saxlayırlar. Qeyd edim ki, doğrudan da, Mahir evdən çıxanda ağ köynəkdə, qırmızı qalstukda olubdur. Bildirmək istəyirəm ki, Rövşanə mənimlə birinci söhbətində, yəni 17 oktyabr 2003-cü ildə də Mahirin ağ köynəkdə, qırmızı qalstukda olduğunu söyləmişdi...
Pulun alınması ilə əlaqədar bir qədər də vaxt keçdi....
ardı var

“Azadlıq” qəzeti