Generalın təkər oğurlayan oğlu azadlığa buraxılıb

generalin-teker-ogurlayan-oglu-azadliga-buraxilib
Oxunma sayı: 1255

Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayevin oğurluğa görə tutulan oğlu Amin Beydullayev qeyri-müəyyən şəraitdə həbsdən buraxılıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı qaynaqlarımız məlumat verib.

Xatırladaq ki, Məmməd Beydullayevin 20 yaşlı oğlu bir tanışı ilə avtomobillərdən təkər və maqnitofon oğurlayırmış. Generalın oğlu ilə yanaşı paytaxt avtomobillərindən oğurluq edən digər şəxs də saxlanılmışdı. Maraqlıdır ki, general oğlu azad edilsə də onun suç ortağı hələ də həbsdə qalır.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 26 yaşlı Royal Bilal oğlu Məmmədov və 20 yaşlı Amin Məmməd oğlu Beydullayev paytaxtın Nəsimi rayonunda bir avtomobilin təkərinin oğurlanmasına cəhd etdikləri zamanı ələ keçsələr də sonrakı araşdırmalar həmin şəxslərin buna bənzər daha bir neçə əməlini üzə çıxarıb. Tutulanlar ilkin ifadələrində bildiriblər ki, onlar ümumilikdə yeddi belə əməl törədiblər. Hər dəfə də maşınlardan maqnitofon və ya təkərlər götürülüb. Generalın oğlu apreldə tutulmuş, bu xəbər mətbuata mayın 1-də sızdırılmışdı.

General-mayorun oğlu Amin Beydullayev bu əməlləri ilə atasının nüfuzuna da ciddi zərbə vurub. Bildirilir ki, hazırda Müdafiə Nazirliyi dəhlizlərində bu məsələ geniş müzakirə mövzusuna çevrilib. Digər bir məlumata görə, oğurluqlarla bağlı başlanmış cinayət işi A.Beydullayevlə bağlı hissədə xitam olunub. Onun suç ortağı bütün cinayəti öz üzərinə götürüb. Bunun əvəzində isə ona tez bir zamanda yüngül cəza verilmək şərti ilə azad olunacağı vəd edilib. Məsələ ilə bağlı M.Beydullayevin mövqeyini dərc etməyə hazırıq.

musavat.com