“Gərək o müəllimlərin barmağı imza atanda qırılaydı”- Müsahibə

gerek-o-muellimlerin-barmagi-imza-atanda-qirilaydi-musahibe
Oxunma sayı: 765



- Budaq müəllim, əvvəlcə müsahibəyə görə Sizə təşəkkür edirik. Ondan başlayaq ki, Respublika Ağsaqqallar Şurasının sədrisiniz. Bu Şuranın fəaliyyəti nədən ibarətdir?
- Şura respublikadakı əyintilərin qarşısını almaq üçündür.

- Deməli, ölkəmizdə əyintilər var. Bəs köməyiniz nədən ibarətdir?

- Ağsaqqallar Şurasının əsas vəzifəsi rayon icra hakimiyyətlərinə yaxından kömək etmək, baş verən neqativ hadisələrə qarşı vaxtında mübarizə aparmaqdan ibarətdir. Ümumiyyətlə, Azərbaycanda əmin-amanlığı təmin etmək üçün işləyirik. Ağsaqqallar Şurasının rayonlarda qurumları, üzvləri, sədrləri, müavinləri var. Onlar rayon icra qurumlarına yaxından kömək edirlər.

- Ağsaqqallar Şurasının nə qədər üzvü var?

- Respublika üzrə ümumi sayı deyə bilmərəm. Amma hər bir rayonda 70-80 üzvümüz var.

- Ağsaqqallar Şurasında Sizin kimi nüfuzlu, tanınmış elm adamları da təmsil olunurlarmı?

- Bizə ağsaqqal lazımdır, tanınmış adam və ya akademik lazım yox ki… Amma sizi maraqlandırırsa deyim; üzvlərimiz arasında nüfuzlu dövlət xadimləri, tanınmış şəxslər var. Biz onları tərkibə daxil eləmişik və onlar da problemlərin həlli istiqamətində yaxından dəstək olurlar.

- Son günlər mətbuatda «ziyalı kimdir» mövzusu ətrafında qızğın dsikusiyalar aparılır. Akademik Budaq Budaqova görə, ziyalı kimdir?

- Ziyalı yüksək mədəniyyətə malik olan, elmi tədqiqat işlərindən başı çıxan, cəmiyyət arasında hörməti olan şəxslərə deyirlər.

- Ağsaqqallar da ziyalılardır…

- Azərbaycanda hərəkətverici və idarəedici qüvvə ağsaqqallardır. Onlar hər rayonda, kənddə baş verən neqativ halların qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün işlər aparırlar.

- Ziyalılar, ağsaqqallar həqiqəti deməlidir. Amma indi yalanı həqiqət kimi təqdim edənlər çoxdur.

- Bizdə ağsaqqallar hər zaman həqiqəti deyib və buna görə də onlara ağsaqqal deyiblər. Ağsaqqallar hər zaman ön cəbhədə olublar. İndi rayon təşkilatlarımıza böyük hörmət var. Mənim iştirakımla Gəncədə, Yevlaxda, Şabranda ağsaqqalların iclasını keçirmişik. Biz bu istiqamətdə işləyirik.

- Sizcə, ağsaqqallar, ziyalılar siyasi məsələlərdə bitərəf olmalıdırlar, yoxsa siyasi proseslərə qoşulub hansısa qüvvəni dəstəkləməlidirlər?

- Ədaləti müdafiə edən, qayda-qanunu istəyən ziyalı heç bir partiyanın üzvü olmur və öz ağsaqqallıq borcunu yerinə yetirir. Elə hallar olur ki, rayonlarda ciddi problemlər yaranır. Ağsaqqallar camaatla danışıb problemi həll edirlər.

- Ağsaqqallar Şurası siyasətlə məşğul olurmu?

- Bizim həyatımız elə başdan-ayağa siyasətdir də… Siyasətsiz iş var? Siyasətsiz heç bir iş yoxdur. Bu mənada əlbəttə ki, siyasətlə məşğul oluruq.

- Amma bayaq dediniz ki, ağsaqqal bitərəf olmalıdır, heç bir partiyanın üzvü olmamalıdır…

- Niyə ki? Partiya üzvü olmaq olar və bu qəbahət deyil. Eyni zamanda həmin şəxs öz ağsaqqallığını yerinə yetirməlidir. Bizim kəndə Mirqafar ağa var idi. Xatırlayıram, Mirqafar ağa bir neçə kəndin ağsaqqalı, nüfuz sahib idi və hətta qan yatırmaq qüdrətinə malik idi. Məhkəmədən, prokurordan əvvəl Mirqafar ağa nə deyirdisə, hamı onu yerinə yetirirdi.

- Siz hansı partiyanın üzvüsünüz?

- Mən Kommunist Partiyasının üzvü olmuşam. Sonra Yeni Azərbaycan Partiyasına üzv oldum.

- Əməlli-başlı siyasətlə məşğul olubsuz ki…

- İşimi yola vermək üçün siyasət tətbiq etmək lazımdır da. Ayrı cür mümkün deyil ki…

- YAP-ın apardığı siyasət Sizi qane edirmi?

- Əlbəttə, edir.

- Sizdən fərqli olaraq bu siyasətdən narazı olanlar da var…

- Görünür, onlar obyektiv və hər tərəfli düşünməyən adamlardır. Ona görə də, aparılan siyasətdən narazıdırlar. Bilirsən, sən demoqoq suallar verərək məni uçuruma aparırsan.

- Sizin kimi alimi, böyük həyat təcrübəsi olan şəxsiyyəti uçuruma aparmaq olarmı?

- Vətəndaşlar aparılan siyasəti alqışlayır. Belə də olmalıdır və başqa cür mümkün deyil.

- Məsələn, mən YAP-ın üzvü deyiləm, aparılan siyasəti də uğurlu hesab etmirəm…
- Deməli, sən “əlləm-qəlləm” işlə məşğulsan.

- Sizə görə, YAP-ı dəstəkləməyən insanlar “əlləm-qəlləm” işlərlə məşğul olur?

- Yox. Sən də partiyanın yeritdiyi siyasətin tərəfdarısan. Mən 40 il Kommunist Partiyasının üzvü olmuşam. Sonradan YAP-a keçdim.

- Müxalifət partiyasının üzvü olmaq qəbahətdir?

- Yox, qəbahət deyil. Qəbahət o zaman olur ki, onlar ağa qara deyirlər. Bax, bunda düz gəlmir. Amma sağlam müxalifətin olması bizə, ölkəyə, YAP-a lazımdır. Çünki bunların demədiyi sözləri onlar deyirlər. Bizdə sağlam müxalifət olsa, işlərimiz yaxşı gedər.

- İşimizin pis getməsinə səbəb sağlam müxalifətin olmamasıdır?

- Məncə, hə.

- Sağam müxalifət deyəndə nəyi nəzərdə tutursunuz?

- Dövlət başçıları, nazirlər var. Sağlam müxalifət onların gördüyü işləri açıq deməli, tənqid etməli, camaata çatdırmalıdır. Məmurlara deməlidir ki, bu yolla getmək düz deyil. Budur sağlam müxalifət. Yoxsa, çıxıb televiziyaya bir-birinə şər demək olmaz. Tənqid olmalıdır. Amma tənqid ayrı şeydir, təhqir, dərinə getmək ayrı şey. Məsələn, müxalifətdə səviyyəsi aşağı olanlar var ki, istəyir özünü yuxarıda göstərsin. Bu da alınmır.

- Sizin müxalifətdə olan dostlarınız varmı?

- Bunun hesabatını aparmamışam.

- Dost məsələsində siyasi mövqeyə fikir vermirsiniz?

- Niyə fikir verməliyəm ki. Biri ilə dost olum, digəri ilə düşmən. Bu olmaz axı.

- Tanınmış alim Rafiq Əliyev ADNA-da tutduğu vəzifədən çıxarılıb. Rafiq müəllimi tanıyırsınızmı və bu fakta münasibətiniz necədir?

- Mən Rafiq Əliyevi görkəmli alim, Azərbaycandan uzaqlarda tanınan görkəmli şəxs kimi tanıyıram. Amma onu nəyə görə kafedra müdirliyindən çıxarıldığından xəbərsizəm.

- Amma respublikanın bir qrup alimi, akademiki Rafiq Əliyevə qarşı bəyanat verib…

- Kim bəyanat veribsə düz etməyib. Qol çəkənlərin barmağı sınmalı idi. Onlar Rafiq Əliyevi tanımadan ediblər, Rafiq müəllim görkəmli şəxsdir. Hətta Lütfü Zadə deyir ki, onun elmini davam etdirən Rafiqdir. Belə bir şəxsin əleyhinə danışmaq düz deyil. Gərək o müəllimlərin barmağı imza atanda qırılaydı. İşin mahiyyətini bilib sonra ona qarşı mübarizə aparmaq lazımdır.

- Rafiq Əliyevin kafedra müdirliyindən çıxarılması səhv addımdır?

- Səhvdən də səhvdir. O, Azərbaycan elminin uğurlu irəliləməsində iştirak edən şəxslərdən biridir. Mən bilmirəm ki, nəyə görə, göstəriş verərək onu vəzifəsindən azad ediblər. Amma hesab edirəm ki, bu böyük qəbahətdir. Bunu eşidəndən indiyə qədər özümə gələ bilmirəm. Bir var elmdən xəbəri olmayıb özünü qabağa verənlərə qarşı mübarizə ola, bir də var ki, elmdə qütb yaradana qarşı. Bu tamamilə ayrı şeylərdir.

- Ölkəmizdə Rafiq Əliyev kimi alimlər varmı?

- Mən bunu hesablamamışam. Amma bizdə görkəmli alimlər var. Mən müsahibələrimdə demişəm ki, belə alimləri təbliğ etmirlər, ortaya çıxarmırlar. Bu səbəbdən də, xalqın onlardan xəbəri yoxdur. Fikrimcə, mətbuat belə alimlər haqqında yazmalıdır. Əgər Rafiq müəllimin işləri haqqında yazsaydılar, desəydilər bu hal baş verməzdi. Onu niyə çıxarıblar özləri bilər, amma mən məlumatsızam.

- Bizdə saxta alimlər də varmı?

- Deyə bilmərəm. Zəif ayrı, saxta ayrı şeydir.

- Bəs bütün alimlərə ziyalı demək olarmı?

- Demək olar, niyə də olmasın. Ziyalı qorxulu termin deyil ki.

- Deyilənə görə, Rafiq Əliyevi hakimiyyəti tənqid etdiyinə görə vəzifədən çıxarıblar…

- Özün də deyirsən ki, deyilənə görə… Deməli, sən də dəqiq bilmirsən.

- Dəqiqdir ki, Rafiq Əliyev ictimai maraqlardan çıxış etdiyinə görə, işdən çıxarılıb…

- Necə yəni ictimai maraqları müdafiə etdiyi üçün?

- Həqiqəti dediyi üçün işdən çıxarılıb.

- Yox, hər yerdə həqiqəti deyəni işdən qovmurlar. İmam üçün ağlayanda yezid üçün də ağlamaq lazımdır. Hər halda mənə elə gəlir ki, onun işdən çıxarılmasında böyük səhvə yol veriblər. Həm də axtarmaq lazım idi ki, Rafiq müəllim nəyə qadirdir ki, belə şey edib.

- Niyə Rafiq Əliyev kimi alimi xaricdə müdafiə edən professorların sayı, ölkə daxilində onu müdafiə edən alimlərin sayından çoxdur. Sizcə, bu nə ilə bağlıdır?

- Görünür, bizim alimlərimiz Rafiq Əliyevi yaxşı tanımırlar, onun elmi uğurlarından məlumatsızdırlar. Özü də ki, onların təbiətində «işləmək» prinsipi kök salıb. Elə adamlar var ki, ağa qara deyir.

- Rafiq Əliyevə qarşı çıxanlar 1991-ci ildə Heydər Əliyevə qarşı da bəyanat veriblər.

- Heydər Əliyevə qarşı bəyanat verənləri sonradan dəyişdilər. Amma vəzifədə olanlar da var. Heydər Əliyevdə gələndən sonra onların hamısının arxasınca düşüb mübarizədə aparmadı. Həm də bir adamı axıra qədər qovmaq doğru deyil. Hesab edirəm ki, H. Əliyevə qarşı bəyanat verənlərlə bağlı ciddi ölçü götürülməli idi. Amma sonradan onlar Heydər Əliyevi müdafiə etdilər.

- Bu gün Harvard Universitetinin yeganə azərbaycanlı məzunu Bəxtiyar Hacıyev haqsız olaraq həbsə atılıb. Eləcə də həbsxanada onlarla siyasi məhbus saxlanılır. Bu məsələlərə münasibətiniz necədir?

- Xəbərim yoxdur, odur ki, heç nə deyə bilmərəm.

- İnsanların haqsız yerə həbsxanada saxlanılması doğrudurmu?

- Haqsız yerə saxlamaq doğru deyil. Haqsızlıq elə haqsızlıqdır. Amma bu adamları mən tanımıram və bir söz deyə bilmərəm.

- Jurnalistin həbsxanaya salınmasını necə qiymətləndirirsiniz, hazırda bir baş redaktor həbsə atılıb?

- Jurnalistlər fərqlidir. Elə jurnalist var ki, ağ eləyib beyninə gələni yazır və müasir Azərbaycanın uğurlarını görmür. Təbliğat və təşviqatla düzəlməyəndə şübhəsiz ki, damğalayacaqlar.

- Sözə görə adam tutarlar, axı biz XXI əsrdə yaşayırıq…

- Sənin nəzərincə tutmazlar, amma mənim baxışlarıma görə, ictimai-siyasi quruluşun əleyhinə çıxanlar haqqında müəyyən ölçü götürülməlidir. Bu tədbirlərdən biri də həbs etməkdir. Məncə, danışığa, sözə görə tutmazlar.

- Niyə ziyalılar ehtiyatlı mövqe tuturlar, haqqı deməyə çəkinirlər?

- Bunu deyənlər ziyalılara böhtan atırlar. Ziyalılar pisi də, yaxşını da görürlər və söz deməyi bacarırlar. Mən necə dəfə demişəm ki, yaşa görə, ziyalını təqaüdə göndərmək doğru deyil. Mənim 80 yaşım var. İndi mənim günahım nədir ki, 20 il artıq yaşamışam. Deməli mən ya özümü öldürməliyəm, ya da ölməliyəm. Bu düzgün deyil axı. Bu məsələdə müəyyən çıxış yolu tapılmalıdır.