Gömrük Komitəsinin sədri şəffaflıqdan danışdı

gomruk-komitesinin-sedri-seffafliqdan-danisdi
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyev bildirib ki, hazırda gömrük ödənişlərinin 97 faizinin nağdsız qaydada alınması təşkil edilib: “Şəffaflığın artırılması və nəzarətin təkmilləşdirilməsi istiqamətində gömrük orqanlarında daim müvafiq tədbirlər həyata keçirilir. Ötən dövr ərzində gömrük xidmətinin fəaliyyəti avtomatlaşdırılmış vahid idarəetmə sisteminə keçirilib.

2012-ci ilin birinci yarısında gömrük orqanlarında qaçaqmalçılığa qarşı mübarizə daha da gücləndirilib, vergidən yayınmanın və hüquqpozma faktlarının aşkar edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, cari ilin ilk 6 ayı ərzində gömrük orqanları tərəfindən gömrük işi sahəsindəki hüquqpozmalara qarşı mübarizə istiqamətində görülən tədbirlər nəticəsində 8237 hüquqpozma faktı aşkar olunub”.

Komitə sədri onu da bildirib ki, hesabat dövründə narkotik vasitələrin qaçaqmalçılığı ilə əlaqədar 37 fakt aşkar olunub və 5,8 kq narkotik vasitə, 6,2 kq psixotrop maddə dövriyyədən götürülüb: “Ötən 6 ayda 8119 inzibati xəta faktı üzrə 180 hüquqi şəxs və 7912 nəfər fiziki şəxs inzibati qaydada müvafiq məsuliyyətə cəlb edilib. Bu şəxslərə qarşı gömrük orqanları tərəfindən 563 min manat cərimə tətbiq edilib, 100 min manat dəyərində hüquqpozma predmeti olan mallar müsadirə edilib.
Eyni zamanda 3 ədəd ov silahı və 200 ədəd ona aid sursat, 79 ədəd pnevmatik silah, 3 ədəd odlu silah və 19 ədəd patron, 8 ədəd soyuq silah, 5 ton dizel yanacağı, 780 ədəd mobil telefon və külli miqdarda digər əşyalar hüquqpozma predmeti kimi saxlanılıb.
Aksizli malların qeyri-qanuni keçirilməsinə qarşı aparılmış qabaqlayıcı tədbirlər nəticəsində 767 litr və 25937 ədəd spirtli içki, 76,3 min manat dəyərində tütün məmulatları tutulub”.

Nigar Məmmədli