Gözə girən səhvlərimiz...

goze-giren-sehvlerimiz
Oxunma sayı: 660

Oxucuların iradları ilə qarşılaşmağım birinci dəfə deyil. İnternet mediasının fəaliyyətə başlamasından sonra oxucular təkcə mənə deyil, digər müəlliflərə qarşı da tələbkar olmağa başlayıblar. Oxucu bəzən adi hərif səhvini də müəllifə güzəştə getmək istəmir. Ötən il yazılarımın birində vəsiyyət sözündə “y” hərfinin biri düşmüşdü. Rəylər bölümündə bu məzmunda üç şərh vardı: “Sən hələ get vəsiyyət sözünün yazılışını öyrən, sonra gəlib bizə ağıl öyrədərsən”.

Oxucuların zəif yazılara münasibəti çox vaxt amansız olur. Biz ayrı-ayrı saytlarda yerləşdirilən müəllif yazılarının altında tez-tez bu məzmunda şərhlərə rast gələ bilərik: “Boş və mənasız məqalədir”. Anonim imza ilə yazılan bu şərhlərin müəllifləri çox vaxt fikirlərini əsaslandırmağa lüzum görmürlər. Bəzən isə oxucular yazıya deyil, müəllifin xarici görünüşünə, hətta onun əlbisəsinə də münasibət bildirirlər. Mən, sosial şəbəkələrdə tez-tez bu cür şərhlərə rast gəlirəm: “Bu eynəyi dəyiş, sənə heş yaraşmır”.

Jurnalistika spesifik sahədir. Jurnalistin səhvi daha çox gözə girir. Bir dəfə Bakıda keçirilən beynəlxalq tədbirdə çıxış edib belə demişdim: “Bənna kərpici, jurnalist isə sözü yan-yana düzür. Hansısa kərpici əyri qoyanda heç kim bənnaya irad tutmur. Amma bir sözü düz yazmayanda, oxucular az qalır ki, basıb jurnalistin gözünü töksünlər”.

Məqamı gəldiyi üçün bu fikirlərimi bir qədər də inkişaf elətdirmək istəyirəm. Azərbaycan səhiyyəsi can üstündə olduğu üçün xəstələrin çoxu şəfa tapmaq üçün qonşu ölkələrə üz tuturlar. Aramızda elə bir adam yoxdur ki, ən azı bir qohumu, tanışı həkim səhvinin qurbanı olmasın. Amma mən xəstəyə düzgün diaqnoz qoymadığına, yaxud onu öldürdüyünə görə, hansısa həkimin müttəhimlər kürsüsündə əyləşdiyinin şahidi olmamışam. Eyni fikirləri təhsil işçilərinə də şamil etmək olar. Ötən il Saatlıda 22 orta məktəbdən bir məzun belə ali məktəbə qəbul ola bilməyib. Amam heç kim tələb etmədi ki, həmin məktəblərin direktorları işdən çıxarılsın, ya da hansısa savadsız müəllimin diplomu əlindən alınsın. Azərbaycanda elə məktəblər var ki, son 10 ildə bir məzunu belə tələbə adını qazana bilməyib. Biz bu cür neqativ hallara tikinti sektorunda da tez-tez rast gəlirik. Bir hərif səhvinə görə, jurnalistləri daş-qalaq etməyə hazır olan oxuculara mən Bakının mərkəzində əyri tikilmiş ən azı yüz bina göstərə bilərəm. Ekspertlər iddia edirlər ki, paytaxtda inşa olunmuş göydələnlərin yarısından çoxu tələb olunan standartlara cavab vermir. Amma pulu olan adamlar fantastik sayıla biləcək məbləğdə vəsait ödəyib, həvəslə həmin əyri binalardan özlərinə mənzil alırlar. Maraqlısı da odur ki, yaşadığı binanın 8-ci mərtəbədən sonra əyri tikildiyini görməyən adamlar jurnalistin yazısında hansısa durğu işarəsinin yerində olmadığını dərhal görürlər.

Hərdən fikirləşirəm ki, oxucuların jurnalistlərə qarşı bu cür amasız olması yaxşı haldır. Əgər biz jurnalistlər oxucuların nəzərlərini üzərimizdə hiss etsək, bir qədər də məsuliyyətli olar, imkan daxilində çalışıb, daha az səhvə yol verərik. Amma onu da nəzərə almaq lazımdır ki, həyatda səhv etməyən peşə sahibi yoxdur. Elə bilirəm ki, bəzi səhvlərə göz yummaq olar. Məsələn, bu yazıda qarşınıza çıxan səhvlərə göz yumduğunuz kimi...