Gözəl məkana səfər - III yazı

gozel-mekana-sefer-iii-yazi-
Oxunma sayı: 685

(Mariya Skladovskaya Kürinin kimya sahəsində kəşflərinə görə Nobel Mükafatı ilə mükafatlandırılmasının yüzüncü ildönümü şərəfinə Polşanın Seymi 2011-ci ili həm də Mariya Skladovskaya Küri ili elan edib.)
Polşanın iki məşhur dahisi var ki, Polşada hər addımda onların adlarına rast gəlmək olur. Adam Miskieviç və Friderik Şopen.

* * *
Varşavanı gözəlləşdirən abidələrdən biri də Adam Miskievişin heykəlidir. Bu abidənin xüsusi bir tarixçəsi var. 1897-ci ildə II Nikolay Varşavaya gəlir. Onu çar kimi necə lazımdı qarşılayırlar. Qəbuldan məmun qalan çar Miskeviçin abidəsinin qoyulmasına və 24 dekabr 1898-ci ildə şairin 100 illiyində abidənin açılışına razılıq verir. Amma bir şərtlə ki, abidənin hündürlüyü general-fedmarşal Paskeviçin heykəlinin başından aşağı olsun. Bu o Paskeviçdir ki, 1831-ci ildə polşa üsyanını yatıraraq Varşavanın şöhrətli knyazı titulunu alır. Polyaklar şərti qəbul edirlər, amma bir az biclik işlədirlər. Pusiya hakimiyyətinə təqdim olunan layihədə şərtlər gözlənilir, ancaq postamentə bir neçə pillə əlavə edirlər və abidə açılanda onun fedmarşalın abidəsində bir baş yuxarı olduğu hiss olunur...

Polyaklar həqiqətən qəhrəmanlarını, onu tanıdıb yaşadanları daima əziz tutur, sevir və onları lazımınca dəyərləndirirlər.

Polşanı Rus imperiyasının pəncəsindən qurtarmaq üçün, Türkiyəyə üz tutan Adam Miskieviç İstanbulda yaşayan, islam dinini qəbul edən, müsəlman adı Sadiq paşa olan polyak yazıçısı Mixail Çaykovskinin yanına gəlir. Sadıq paşa rus-türk müharibəsində türklər tərəfindən vuruşmaq üçün böyük bir polyak dəstəsi də toplamışdı. Adam Miskieviç İstanbulda türk həyatına, məişətinə maraq göstərir, türk dilini öyrənməyə başlayır. Çox təəssüf ki, ölüm Miskieviçə bütün arzuları kimi bunları da sona yetirməyə imkan vermədi.

Onu da qeyd edim ki, Peterburqda Miskieviçlə görüşən, univerisitetdə çalışan azərbaycanlı alim, şair Mirzə Cəfər Topçubaşov, tələbəsi, polyak şairi, “Koroğlu” eposunun ilk tərcüməçisi A. Xodzkonun köməyi ilə onun şeirlərini fars dilinə çevirərək Adam Miskieviçin Şərqdə ilk tərcüməçisi və təbliğatçısı oldu.
Deyilənlərə görə Abbasqulu Ağa Bakıxanov Miskieviçin əsərlərini orjinaldan oxumaq üçün polyak dilini öyrənməyə başlayıb.
Bunlar Uzun Həsənlə Kral Yaqello arasındakı əlaqələrdən sonra Azərbaycan-Polşa ədəbi əlaqələrinin möhkəmlənməsində böyük rol oynadı. Qafqaza sürgün olunmuş polyak şairlərinin, Polşada yaşamış azərbaycanlı ziyalıların da bu işdə böyük əməyi olub.

* * *
“Milyon insanın yaşadığı yerə, milyon insan boşluğu gəldi”-deyir, polyak şairəsi Anna Svirşçinska. Müharibə mövzusunda daha çox yazan-o illərdə Varşava hospitalında şəfqət bacısı olan, şeirlərini çox sevdiyim, mövzusu və ruhu mənə daha doğma olduğundan daha çox tərcümə etdiyim elə həmin Anna Svirşçinska patriotik üsyan ənənəsi olan (1794, 1830, 1863) Polşanın 1944-cü ilin Varşava üsyanını “Sonuncu polyak üsyanı” adlandırmışdı. Svirçşinskanın əsərlərinin mozaikasında o ayların (63 günün) Varşavasının ponaraması və xronikası yığılıb.

O dövrü yaşamış bütün polyak şairlərinin yarağıcılığında müharibə qırmızı xətt kimi keçir.
Ümumilikdə götürdükdə polyak şairlərinin şeirlərində əsas açar sözlər; “ölüm”dü, “kül”dü. XX əsrdə Lehistan torpağında çoxlu sayda “kül” və “kül qabı” olduğundan, şairlərin hətta lirik şeirlərində də bütün bunlar hiss olunur.
Ölkəsində Osvensim kimi bir ölüm düşərgəsi olan milyonlarla insan itkisi vermiş Polşa o ağır, məşəqqətli günləri unutmur, amma onunla da yaşamır.

* * *
Köhnə Varşavanın görməli yerləri çoxdu. Onlarda biri də Kral qəsridi.
1596-cı ildə paytaxt Krakovdan Varşaya köçdükdən sonra qəsr rəsmi Kral Rezidensiyası olur. Burda 3 may 1791-ci ildə unudulmaz Konstitusiya qəbul olunub. Bu Avropada ilk, dünyada isə Amerika konstitusiyasından sonra ikinci konstitusiya olmuşdur.
İşğalçılar 1939-cu ildə və 1944-cü ilin Varşava üsyanının məğlubiyyətindən sonra hər beş evdən dördünü xarabalığa çevirirlər, binaları yerlə-yeksan edirlər. Kral qəsri də onların sırasında idi. Bərpası 17 ilə başa gələn qəsr əvvəlki görkəminə qaytarılıb.
Şəhərin köhnə hissəsi olduğu kimi saxlanılır. Müharibədə dağıdılmış binalar bərpa olunaraq ilkin görünüşünə gətirilib.
Işğalı, əsarəti, ağrını təkcə Polşa torpağı, polyak xalqı çəkmədi. Heykəllər də çəkdi. Güllə düzəltmək üçün hissələrə ayrılaraq əridilən heykəllər də. Heykəlləşən adamlar da.

* * *
Polşa hər ölümə gül qoydu. Qırmızı, qan rəngli gül. Qanı, itkini, tarixi yaddaşlarda yaşatmaq üçün. Ona görə də Polşada hər kəs tarixini o daşlar qədər bilir. Sevir. Ağrısı, sevinci ilə bərabər. Polşanın şimalında da, şərqində də, qərbində də “Mən buralıyam demir, mən polyakam deyir”. Sonra haradan olduğunu söyləyir.
Bəlkə də şəhərləri bəzəyən, eyvanlardan, yol dirəklərindən asılan gül-çüçəklər olanları xatırlatmaq və gələcəyə bir ümid nişanəsidi. Bəlkə də. Amma gözəldi. Bütün mənalarda. Adamın ovqatını təzələyir. Bu, hər halda bir qonağın düşüncəsidi.
Sürücümüz Boqdan ötüb keçdiyimiz yerləri göstərərək “bu yerlər hər zaman Polşanın olub” deyirdi.
Yüzillərlə sərhədləri dəyişən Polşa üçün polyaklar daima mübarizə aparmışlar.

* * *
Qdanskin Dliğa küçəsindən gündüzlər keçəndə özünü orta əsrlərdə hiss edirsən. Orta əsrlərdə tikilmiş Baltlika pariaska katolik kilsəsiylə qədim hündür Katovnia türmənin yanından ötəndə, hətta türmədən əsən soyuq külək üşütdü məni. Gecəsi cıl-cıraqlı, alışıb yanan bu küçənin nə gecəsi, nə də gündüzü hələ də yadımdan çıxmır. Hərdən o külək indi də üşüdür məni.

* * *
Mərkəzdən əyalətlərə getdikcə uzandıqca uzanan, göz oxşayan yaşıllıqlar, meşələr, xırda göllər adamı xeyli sakitləşdirir. Çoxdandı şəhər mühitindən kənara çıxmayan, bu qədər sıx, səliqəli meşəni, əzəmətli ağacları görməyən adam üçün gözəl fürsət idi. Bu gözəliyə özünün təbiliyini qorumaq şərtiylə bir bacarıqlı əlin səliqə-sahman və düzən verdiyi hiss olunur.
Yayın ortasında hər tərəf yamyaşıldı. Bilmirsən gölləri qoynuna almış meşələr, ormanlarmı göllərə layla deyir, göllərmi onlara. Hər halda oturuşmuş bir sakitlik var. Amma hamı öz işindədi. Öz gündəlik işini görür. Həyat davam edir. Elə sakitlik də.

Hər şeydə və yerdə özünəməxsus bir ardıcıllığın, qayda-qanunun olduğu ilk baxışdan hiss olunmaqdadır. Hətta böyük və balaca şəhərlərin, qəsəbələrin özündə də Şərqi Avropa və milli üslubda tikilmiş müasir binaların özləri ilə bərabər onların yerləşdirilməsində də bir diqqət çəkmə var. Müxtəlif tipli böyük və balaca binaların bir-birindən müəyyən dərəcədə fərqliliyi gözü yormur.

Aqrar sektorun üstünlük təşkil etdiyi bu ölkədə heyvandarlığın inkişafına xüsusi diqqətin olduğu hiss olunur. Uzaqdan qış üçün tədarük olunan ağ siano-hermotik bağlanmış quru ot- tayaları görsənir.

Irili, xırdalı yaşayış məntəqələrinin hər birində biri-birindən az da olsa fərqlənən müxtəlif üslubda tilkilmiş qədim və müasir tipli kotolik kilsələr var. Yolboyu Müqəddəs Məryəmin xırda heykəllərinə rast gəlinir. Kilsələr olmayan kəndlərdə, kilsənin uzaqda olduğunu, gedib-gəlmənin əksəriyyət üçün çətinlik yaratdığını nəzərə alaraq kənd camaatının ibadəti üçün yaradıldığını söylədilər. Məncə bu həm də yoldan ötənlər, uzaq yol gedənlər üçün də münasibdi.

* * *
Iynəyarpaqlı Radiyaşski meşələri öz yerini enliyarpaqlı Mazurka meşələrinə verirdi. Meşənin adını eşidən kimi yadıma Şopenin mazurkaları, rəqslər düşdü.
Bu yerlərə xaricdən çoxlu sayda turistlər gəlirlər. Həqiqətən də istirahət üçün, elə yaşamaq üçün də çox gözəl yerlərdi.
Qaldığım “Amber Bay” otelinin yanındakı meşələrlə dövrəyə alınmış “Ağ göl”ün bir tərəfində quşlar üzür, o biri tərəfində dincəlməyə gələn qonaqlar qayıqda gəzintiyə çıxırlar. Adamı özünə çəkən yarıyuxulu gölün aşağısında uşaqlar balıq tuturlar. Bizim sürücü də balıqçılardan çox ucuz qiymətə iki böyük balıq aldı. Polşada dəniz məhsullarından çox istifadə edirlər. Olduğum vaxt ərzində mən də bundan yararlandım.

* * *
O gün bütün yollar Krasnoqruda gedirdi. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloşun 100 illik yubleyi ilə əlaqədar Beynəlxalq Dialoq Mərkəzinin açılışına.
Krasnoqruddakı tədbirin başlanmasına az qalmış çox böyük hörmətlə qarşılanan sarıyaçalan uniformalı adamlar gəldilər. Qonaqlar üçün nəzərdə tutulmuş yerlər dolduğundan onlar üçün əlavə stullar gətirildi. Onların kim olduğunu və belə xüsusi diqqət yetirildiyi ilə maraqlandım. Tərcüməçi “meşə işçiləridi”, dedi. Təəcübümü hiss edib, “axı onlar da Polşanın təbiətini qoruyurlar” deyə, əlavə etdi. Elə mən də “bu qədər meşəni belə qoruyub saxlayanlara hörmət olunmalıdı” qənaətinə gəldim. Və sonra bizdə meşələrin kimlərə tapşırıldığını xatırladım. Yadıma Bakıda keçirilən Beynəlxalq tədbirlərdən biri düşdü. Tədbirin sonunda sorğu keçirilirdi. Sorğuda xeyli suallar vardı. Nəticədə aydın oldu ki, böyük əksəriyyət demokratiyaya və insan haqlarına səs verib. Ekologiyaya, ətraf mühitə, yaşıllığa səs verən olmayıb. Təbii ki, qonaqlar çox təəcübləndilər. Amma bu belədi. Biz hələ demokratiya uğrunda canfəşanlıq göstəririk. Avropalılar yaşıllığa, ətraf mühitə can atır. Aradakı məsafəyə, fərqə baxın.

Prezidenti, naziri, siravi vətəndaşı biri-birindən, ancaq təqdimat və çıxışlarında seçilən bu ölkədə hamı ilk öncə Polşa vətəndaşıdı. Hamı öz hüququnu bilir və başqasının hüququna hörmətlə yanaşır. Haqqlar qorunur. Dövlətçilik ənənəsi olan bu ölkədə hamı dövlətini sevir. Onu qoruyur. Vətəndaş-dövlət münasibətləri tənzimlənir.

* * *
Ceslav Miloşun Polşa və polyakların Miloş sevgisi.
2011-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı Çeslav Miloş ilidi.
Çoxmillətli, qarışıq ənənəsi olan Litvanın Şeteyne kəndində dünyaya göz açan, təkcə doğma polyak dilində deyil, litov, yəhudi və rus dillərində danışan şair, esseist, nasir, filosof-Amerikanın Berkli və Harvard Univerisitetlərində dərs deyən Çeslav Miloş, sonralar bütün insanlarla öz dillərində danışmağa başladı.
Polşanı, onun ədəbiyyatını Avropaya və dünyaya tanıdan bu böyük şairin 100 illik silsilə tədbirləri ölkənin hər yerində keçirilir. Kitab sərgiləri təşkil olunur.
2011-ci il Çeslav Miloşun İlinin qeyd edilməsi ilə əlaqədar Polşa Respublikasının Bakıdakı səfirliyi də tədbirlər keçirir. Səfirlik Azərbaycan Yazıçılar Brliyi ilə birlikdə “Polşa haqqında hekayətlər” mövzusunda ədəbi (hekayə/esse və şeir) müsabiqə də elan edib.
Krasnoqruddakı Beynəlxaq Dialoq Mərkəzinin açılışı yüksək səviyyədə təşkil olunmuşdu. Bunu tədbirə gələn nümayəndələrin tərkibindən də görmək olardı.
Mərkəzin açılışını edən Polşa Respublikasının Prezidenti Cənab Bronislav Komarovski, nazirlər, qonaqlar Çeslav Miloş üçün döğma olan bu yerdə onun yaradıcılığından, Polşa sevgisindən danışdılar. Şeirlər oxundu. Musiqilər dinlənildi. Gözəl bir Bayram günü keçirildi.

Çeslav Miloşun yubley tədbirləri Litvada da dövlət səviyyəsində qeyd olunub. Miloş Litvada doğulduğundan litvalılar onu həm də özlərininki kimi sevirlər. Bunu Krasnoqrudda açılan Beynəlxalq Dialoq Mərkəzinin açılışına gələnlərin arasında rəsmi və qonaq qismində Litvadan gələnlərin sayının üstünlük təşkil etməsindən də hiss etmək olardı. Bunları həm də tədbirdə tanış olduğum Litvanın sevilən şairi Marseliyus Martinaitis və Alicja Rybalko ilə olan söhbətlərimdən də eşitdim. Onu da qeyd edim ki, polyaklarda gördüyüm səmimiyyəti tanış olduğum litvalılarda da duydum. Və litvalılarla olan bu xoş münasibət, ədəbi əlaqələr indi də davam edir.

Bu Bayram günündə Mərkəzdən çıxan hər kəsin əlində Çeslav Miloşun şeir vərəqləri bayraq kimi dalğalanırdı.

* * *
Sürətini yavaş-yavaş artıran maşın məni gözəlliyindən doymadığım bu əsrarəngiz təbiətdən
uzaqlaşdırırdı. Varşavaya qayıdırdım. Bakıya yola düşməyimə saatlar qalırdı. Məni bu gözəl məkandan ayıran saatlar.
Gözəlim İstanbulla da yolüstü görüşəsiyəm.

Şopen adına Varşava Hava Limanında təyyarəyə minəndə həzin yağış yağırdı. Mənə elə gəldi ki, bu ayrılığın göz yaşlarıdı.

Rəfail Tağızadə