“Gözləmək lazım deyil” - Açıqlama

gozlemek-lazim-deyil-aciqlama
Oxunma sayı: 641


Müsavat Partiyasının başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər “Media forum” saytına açıqlamasında belə deyib. İsa Qəmbərin fikrincə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç məsələ ilə bağlı aydın və birmənalı bəyanat verib: “Bu isə onu göstərir ki, rəsmi Ankara Bakıya birbaşa üz tutub Türkiyə haqda mövqe bildirilməsini tələb etməyə məcbur olub. Azərbaycan hakimiyyəti uzun illər ərzində Türkiyəyə bəzən biganə, bəzən də problem yaradan münasibət göstərib. Hakimiyyətin belə yanaşması Azərbaycan-Türkiyə münasibətlərində xeyli problem ortaya çıxarıb. Bu gün də bir sıra məsələ var ki, həllini tapmayıb. Bura Türkiyə ilə viza rejiminin ləğv olunması, PKK-nın terror təşkilatı kimi tanınması, enerji tranziti məsələləri daxildir. Azərbaycan hakimiyyəti Türkiyə ilə bu məsələləri həll etməyə cəhd göstərmir, normal müttəfiqlik mövqeyi nümayiş etdirməyə can atmır. Məhz buna görə Türkiyə səfirliyi belə bir açıq bəyanat verməyə məcbur olub”.

Müsavat başqanı hesab edir ki, Azərbaycan hakimiyyəti Türkiyənin çağırışına çox diqqət və məsuliyyətlə yanaşmalıdır. İsa Qəmbər bildirib ki, təcili olaraq Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasında iki ölkənin hakimiyyət rəsmilərinin görüşü keçirilməli və bu məsələ ilə bağlı çox ciddi müzakirə aparılmalıdır: “Gözləmək lazım deyil. Strateji Əməkdaşlıq Şurası təcili toplanmalıdır. Mən təxminən on il əvvəl təklif edirdim ki, Azərbaycanla Türkiyə arasında Strateji Əməkdaşlıq Şurası yaradılsın və iki dövlətin qarşılıqlı münasibətləri, regional və dünya məsələləri ilə bağlı müzakirələr aparılıb ortaq mövqe ortaya qoyulsun, birgə qərarlar qəbul edilsin və onların yerinə yetirilməsinə birgə səy göstərilsin. Mənim deməyimdən on il keçəndən sonra belə bir şura yaradılıbsa, heç olmasa adı kağız üzərində qalmasın. Şura işə yaramalıdır. Bunun üçün də Azərbaycan hakimiyyəti Türkiyə səfirinin çağırışına ciddi yanaşmalıdır. Azərbaycan Türkiyəyə dəstək vermək barədə ciddi düşünməlidir”.

“Rəsmi Bakının Türkiyəyə dəstək verəcəyi halda Azərbaycan-İsrail münasibətləri korlanmazmı” sualına İsa Qəmbər belə cavab verib: “Azərbaycan bu məsələləri Türkiyə ilə birgə müzakirə etməlidir. Azərbaycandan mövqe istənilərkən nəyin nəzərdə tutulduğunu, bunun necə reallaşdırıla bilinəcəyi, həmin addımlar atılarsa nə kimi problemlər ortaya çıxacağı birgə dəyərləndirilib qərar verilməlidir”.

Türkiyənin Azərbaycandakı səfiri Hulusı Kılıç ANS-ə müsahibəsində deyib ki, Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxmasını gözləyirlər: “Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır”.

Səfir Ceyhandan İsrailə neft daşındığını xatırladaraq deyib: “İsrail bu haqda fikirləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Biz Azərbaycana tam güvənirik”.