Gülər, bir də çətin gülər

guler-bir-de-cetin-guler
Oxunma sayı: 647

Şəxsən məni vətəndaş kimi dəhşətə gətirən məqamlar var. Ən əvvəl vaxtiylə bu insanın gəlhagəl zamanlarında biz jurnalistlər ona mikrafon uzadıb, onu özümüzə sirdaş bilirdik. O, da böyük məharətlə hökm sürən neqativ hallara, problemlərə canfəşanlıqla elə cavab verirdi ki, adamın ürəyindən tikan çıxardı. Sən demə, o qədər problemləri bilən, yaxından izləyən bu insan kənarda pulun iyi gələn kimi əqidəsini bu qədər tez dəyişirmiş. Onda siz görəsən bizi, milləti nə hesab edirmişsiz? Biz aldanmışıq, biz aldadılmışıq. Bəs biz indi kimə inanaq?

Gülər Əhmədova elə yerindən vuruldu ki, artıq onun sandığı da açılıb, pambığı da ortadadır. Millətin azdan-çoxdan etibarını qazanıb, sonra bundan məhrum olmaq ağır məsələdir. Hələ planların ilə yarı yolda qalmaq lap dəhşətdir. Heyf...

Ən çox da nəyə heyfsilənirəm? Sinədə Azərbaycan bayrağını əks etdirən döş nişanını daşıyıb, bunu gözümüzə soxmaq məsələsi. Bu gün belələri həddən ziyadədir. Heç siz də döş nişanını taxmasanız olardı. Milli Bayrağı sinədə “gəzdirib”, o bayraq altında yaşayanlara oyun oynamaq heç insafdan deyildi.

Ay Gülər Əhmədova, heç olmazsa, günahlarınızı da qarşınıza qoyub, yaxşıca fikirləşin. Qələtləri( “qələt”sözü “səhv” deməkdir, inanmayan böyük naşirimiz Həsən Bəy Zərdabinin “Əkinçi” qəzetinə baxa bilər) boynuna almaq da bir mərdlikdir ki, bu mərdliyi nümayiş etdirmək əvəzinə sizdən gündə bir ültumatun eşidirik.

Siz Allah facebook-da vaxt itirincə arada başqa sosial şəbəkələrdə vaxtiylə etmiş olduğunuz çıxışlarınızın videolarına baxın. Necədir? Görürsüz, doğrudan da gurultulu çıxış etmək , əzbərlənmiş statistikaları bəyan etmək barəsində sizə çatan olmazdı. Bu da bir fərasətdir. Bəlkə də o vaxtlar bu qədər “nümunəvi millət vəkili” roluna girməsəydiniz, heç indi də sizi sıxışdırmazdılar. Amma nə bilərdiniz ki, həmin o sizi “sevdirən” kameralar bir gün belə bivəfa çıxacaq. Açıq yox, bu dəfə gizli kamera sizi yarıyolda qoyacaq.
Mümkünsə, bu saatdan sonra bizə əxlaq dərsi verməkdən çəkinin. Allah xatirinə analıq, bacılıq, vicdan, vətən, Azərbaycan kəlmələrinə hörmətiniz olsun.

Bir də dediyiniz kimi represiya olsaydı, biz sizin deputat, “əqidə” yoldaşlarınız kimi qamçılamaq yox, sizə “xalq düşməni” adını verərdik. Biz görəcəyimizi artıq görmüşük. Ədəb-ərkanla gözləyib, yenə də səbirli olmağı üstün tuturuq. Hələ biz az edirik.
Yeni-yeni milli düşmənlərin üzünü görmək və ona gülmək arzusu ilə..