Güləşçilərimiz beynəlxalq turnirdən 11 medalla qayıtdı

gulescilerimiz-beynelxalq-turnirden-11-medalla-qayitdi
Oxunma sayı: 648

Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, turnirdə iştirak edən həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımızın üzvləri ümumilikdə 4 qızıl və 7 bürünc medal əldə edib.

Turnirin ikinci günündə güləşçilərimiz 3 qızıl və 3 bürünc medal qazanıblar. Qızıl medalları Aleksandr Qostiyev (74 kq), Patimat Baqomedova (51 kq) və Nadya Sementsova (67 kq) əldə edərkən, Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 60 kq) və Novruz Temrezov (96 kq) bürünc medalla kifayətləniblər.

Xatırladaq ki, Kiyevdə keçirilən turnirin ilk günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanmışdı.
Beləliklə, böyüklərdən ibarət yığma komandanın məşqçisi Aslan Ağayev və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev rəhbərlik etdiyi sərbəst güləşçilərimiz 1 qızıl və 5 bürünc, Baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında qadın güləşçilərimiz isə 3 qızıl və 2 bürünc medalla Vətənə qayıdıb.