“Gültəkin Hacıbəylinin etirazı qisasa oxşayır”- Müsahibə

gultekin-hacibeylinin-etirazi-qisasa-oxsayir-musahibe
Oxunma sayı: 747

“Qafqazinfo” BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ilə müsahibəni təqdim edir


-Sizə elə gəlmir ki, Azərbaycanda yeni yaranan “Ziyalılar Forumu”u siyasi qüvvəyə çevrilməkdədir?

-Deməzdim siyasi qüvvəyə çevrilir, sadəcə siyasi “canlanmanı” nəzərdə tutaraq həyata keçirilən bir plandır. Təbii ki, Azərbaycanda böyük bir ziyalı kəsimi var və onlara da hörmətlə yanaşıram. Hörmətə də layiq insanlardırlar. Lakin dediyiniz məsələdə ziyalıları kənardan hansısa siyasi çevrələrin təsiri ilə canlandırmaq nəzərə çarpır. Yəni sırf bu ssenari görünür. Təbii ki, Azərbaycan ziyalıları ölkə problemlərini qaldırmalıdır, ümumi məsələləri müzakirə etməlidir, lakin bu son proseslərdə ziyalılar daha çox şəxsi maraqlarından doğan etirazdan bu məsələləri qaldırıblar. Bəs beş il bundan qabaq bu pafoslu çıxışlar niyə Milli Məclisin tribunasından edilmirdi?

-Siz “Ziyalılar Forumu”nda iştirak edən vaxtilə deputat olan şəxsləri nəzərdə tutursunuz?

-Həm də onları. Yaxud da vəzifədə olub 10-15 il YAP-ın siyasətini dəstəkləyib və bu təbliğatı aparıb, prezidentin vəkili olub, seçki ərəfəsində efirlərə çıxıb xalqı prezidentə səs verməyə çağırıb, bütün məsələlərdə “Azərbaycanın xilası YAP-dır” deyənlər müəyyən bir müddətdən sonra şəxsi incikliyini ümumi incikliyə çevirirlər.


-Demək istəyirsiniz ki, Forumda iştirak edən bir vaxt deputat olmuş şəxslərin fikirləri obyektiv səslənə bilməz?

-Qətiyyən səslənə bilməz. Ziyalı obyektiv danışa bilər, əslində, məhz obyektiv danışmalıdır. Onun üçün iqtidar, müxalifət anlayışı olmamalıdır. Ziyalı bütün siyasi proseslərin fonunda ucada dayanmalıdır. Gültəkin Hacıbəylinin Forumdakı etirazı qisasa oxşayır. Deputat olarkən niyə həmin tribunadan prezident çevrəsinə yaxın, Milli Məclisdə, Avropa parlamentində Azərbaycanla bağlı heç bir mənfi çıxışı olmayıb.
Gültəkin xanım deputat olarkən Avropa Şurasının 2007-ci ildə Azərbaycan üzrə layihə həyata keçirirdi. Həmin layihəyə əsasən 30-35 gənc siyasətçi bir illik AŞ yay universitetlərində təhsil almaq üçün seçilirdi. Bunun üçün Azərbaycanda bir il seminarlar keçirilir. “Bakı Siyasi Biliklər Məktəbi”nin məzunlarından biri olmuşam. Həmin seminarda mən Gültəkin Hacıbəylinin qeyri-obyektivliyini 30 nəfərin yanında onun üzünə demişəm.
Rafiq Əliyevin işdən çıxarılması ilə bağlı isə onu deyə bilərəm ki, ümumiyyətlə kiminsə işdən çıxarılmasının əleyhinəyəm, ona da hörmətlə yanaşıram, akademikdir, Azərbaycan ziyalısıdır. Lakin mən “Azadlıq” radiosunda belə bir yazı oxudum ki, Rafiq Əliyev Foruma gəlməmişdən əvvəl vəzifəsindən azad olunub. Bəlkə də bunu siyasi şouya çevirmək üçün onu qəsdən Foruma rəhbər təyin ediblər. Mən akademikin işdən azad olunmasının əleyhinəyəm, amma bunu siyasi şouya çevirib, sanki Azərbaycanda böyük bir ziyalıya hücum var, Forum özü bir hərəkata çevrilib, bunu doğru hesab etmirəm.

-Ölkədə prezident seçkilərinə hazırlıqlar gedir, sizdə vəziyyət necədir?

-Biz ciddi şəkildə hazırlaşırıq.

-Öz namizədiniz olacaq?

-Təbii ki. On gün əvvəl BAXCP İdarə Heyətində qurultaya hazırlıq üçün təşkilat komitəsi yaradılıb. Rayonlarda bizim konfranslar başlayacaq və 3-4 ay ərzində növbəti qurultay keçiriləcək. Böyük bir partiyanın 2013-cü il seçkilərində kənarda qalacağını düşünmürəm. Daim Azərbaycanın milli maraqlarından çıxış edən partiya liderimiz Qüdrət Həsənquluyevin də iştirakını məqbul hesab edirəm .
Təbii ki, seçkiyə hər kəsin qatılmaq haqqı var. Kiməsə, sən bu seçkilərdə iştirak etmə, demək acizlik əlamətidir.

-Seçkilərə adətən bloklarla gedirsiniz, hansısa partiyalar əməkdaşlıqlarınız olur, bəs bu dəfə necə olacaq?

-Hazırda da bizim parlamentdə 4 partiya “Böyük Quruluş”, “Ədalət”, “Vətəndaş Həmrəyliyi” ilə birgə fəaliyyətimiz var. Ola bilsin ki, bu blok vahid namizəd ortaya qoysun. Amma bu parlament deyil, prezident seçkiləridir, hər kəsin də öz namizədi iştirak etmək haqqı var.

-Niyaməddin bəy, siz yenə də bələdiyyə üzvü seçildiniz?

-Təvazökarlıqdan kənar da olsa mən 3-cü dəfədir ki, bələdiyyə üzvü seçilirəm. Bu sahədə 12 illik təcrübəm var. Abşeron rayonunun Mehdiabad qəsəbəsindən, təxminən 30 minə yaxın əhalisi, 7 min səsvermə hüququ olan vətəndaşı var. 1999-cu ildə 21 yaşımda Azərbaycanın ən gənc bələdiyyə üzvü olmuşam. Hazırda da bələdiyyədə hüquq komissiyasının sədriyəm .


-MSK təkrar bələdiyyə seçkiləri keçirir, sizin partiya bu seçkilərdə iştirak edir?

-Əlbəttə. Bizim partiya YAP-dan sonra ən çox namizəd irəli sürən partiyadır. Təxminən 30-a yaxın namizədimiz qeydiyyatdan keçib.


-Ümumiyyətlə bələdiyyələrdə nə qədər üzvünüz var?

-2009-cu bələdiyyə seçkilərində biz MSK-nın nəticələrinə görə partiya olaraq 3-cü yeri tutduq.



-Mənə elə gəlir ki, bizdə partiyalar prezident, parlament seçkilərindən daha çox bələdiyyələrə hazırlaşıb orada yer tutmağa çalışmalıdır...

-Bu çox məntiqli yanaşmadır. Bu məsələdə yeri orqanlarda təmsilçilik uğrunda mübarizə aparmaq özü böyük bir qələbədir. 2009-cu ildə BAXCP-nin 2000-ə yaxın namizədi irəli sürülmüşdü. Lakin radikal müxalifət bələdiyyədə irəli sürmək üçün namizəd tapmırdı. Çünki onların tərkibində azalma baş verir. Özləri də etiraf ediblər ki, 2008-ci il seçkilərindən sonra 5 minə yaxın üzvləri onların sıralarından gedib. Həmin dövrdə bu proses o qədər sürətlənmişdi ki, bizim və digər partiyalara xeyli sayda axın olmuşdu. Bizim 300-ə yaxın üzvümüz bələdiyyələrə seçilib. Bu partiyanın rəhbərliyində olan şəxslər uzun müddət Azərbaycan siyasətində olan adamlardır. MSK katibi Mikayıl Rəhimov, Dünyamalı İmaməliyev, Elçin Mirzəbəyli, Yaşar Kələntərli siyasətdə öz imzalarını qoyan insanlardır. Mən ikinci bir partiya sədri tanımıram ki, bizim sədr kimi İran, Rusiya ilə bağlı sərt mövqe nümayiş etdirsin.


-Son vaxtlar İranın Azərbaycanla bağlı təhdidləri ilə bağlı nə deyə bilərsiniz?

-Bu çox böyük biabırçılıqdır. İran rəsmi və qeyri-rəsmi olaraq Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərir. Yalnız Azərbaycan rəhbərliyinə deyil, ölkəmizin milli atributlarına qarşı hörmətsiz yanaşır. Bu nə beynəlxalq konvensiyaya, nə beynəlxalq hüquqa uyğundur, nə də qonşuluq siyasətinə sığır.


-Bəs siz bunun qarşılığında nə etməliyik?

-Kəskin mövqe ortaya qoymalıyıq.


-Necə?

- Əsl Azərbaycan ziyalıları bu məsələləri qaldırmalıdır. Yoxsa, məni Milli Məclisdən kənarda qoymusunuz, mən buna etiraz edirəm, yaxud məni işdən çıxarıblar. Əsl Azərbaycan ziyalısı kiminsə siyasi alətinə çevrilməməlidir, kiminsə siyasi ruporu olmamalıdır. Gündə bir Ayətullahları prezidenti İlham Əliyevə müraciət ünvanlayır, etirazını bildirir. Ancaq bu “müsəlman” qardaşlarımız Ermənistan rəhbərliyinə müraciət edib əsirlikdə olan qadınlarımız azad olması tələbini irəli sürsün. İşğal olunmuş ərazilərimizdə məscidlərimiz var onların azad olunması ilə bağlı bir dəfə də olsun müraciət etməyiblər.


-Sizcə, Azərbaycana qarşı təhdidlərin kökündə dayanan səbəb nədir?

-Onların bizə qarşı münasibətlərinin əsas fəlsəfəsi orada yaşayan 35 milyon azərbaycanlı türkün Cənubi Azərbaycan dövləti yaratması qorxusudur. Onlar ehtiyat edir ki, vahid Azərbaycan dövləti yarana bilər. Bizim əzəli, əbədi paytaxtımız olan Təbriz yenidən Azərbaycanın paytaxtına çevrilə bilər. Bu regionda, geopolitik məkanda bütöv Azərbaycan qorxusu var. Bu farsın da, rusun da, erməninin də qorxusudur. Əsas məqsəd Azərbaycan dövlətini zəiflətmək, ölkəni daxili problemlərinə yönəltmək, qarşıdurma yaratmaqdır. Bütöv Azərbaycan dövlətinin yaranması təbii bir prosesdir. Hansısa bir rejim bunun qarşısını ala bilməz. 70 il sovet rejimində yaşadıq. Onda daha kəskin rejim ola bilməz dünyada.


-İranın Azərbaycana elan etdiyi soyuq müharibə iki ölkə arasındakı münasibətləri kəskin pisləşməsinə gətirib çıxaracaq?

-Bu gün ölkələr arasındakı münasibətlər isti də deyil. Hər şey görüntü naminədir. İranın “Səhər” kanalı prezident İlham Əliyevin əleyhinə açıq təhdidlər səsləndirir, bayrağımız təhqir olunur. Azərbaycanda cinayətdə ittiham olunan və mühacir həyatı yaşayan vətəndaşlarımız efirə çıxarıb ölkəmiz əleyhinə danışdırırlar. Ayda bir dəfə bir generalları çıxıb Azərbaycan əleyhinə bəyanat verirlər.


Söhbətləşdi: Elbrus Ərud