“Günayın heç nəyə əlinin ucu ilə belə toxunmasına icazə vermirəm” - Yabançı damat

gunayin-hec-neye-elinin-ucu-ile-bele-toxunmasina-icaze-vermirem-yabanci-damat-
Oxunma sayı: 704






Azərbaycanlı model Günay Musayeva ilə evli olan, “Yaprak dökümü” serialında Oğuz obrazı ilə məşhurlaşan Tolga Karel Azərbaycan mediası üçün müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir.


- Aktyorluq təhsili almağınıza baxmayaraq, buna qədər bir çox sahələrdə çalışmışsınız...

- Paris Dövlət Konservatoriyasına daxil olmazdan qabaq iki il Yeditəpə Universitetində Beynəlxalq Münasibətlər fakültəsində fransızca siyasət bölümündə təhsil almışam. Bu sektora “Evdəki Yabançı” serialında rol almaqla qatıldım. Üç-dörd il aktyorluğa ara verib musiqi bölümündə işlədim. Albom çıxartdım. Mahnılarımı Türkiyənin məşhur müğənniləri oxudu. Məşhurlaşmağım isə “Yaprak dökümü” serialından sonra başladı. O zaman mənim 27 yaşım var idi. Bu serial həyata baxışımı çox dəyişdi .

- “Yaprak dökümü”ndən sonra iki il fasilə verdiniz. Hazırda “Bir Zamanlar Osmanlı Kıyam” serialı ilə yenidən ekrana qayıtdınız…

- “Yaprak dökümü” başa çatdıqdan sonra bir çox layihələr üzərində işə başlamaq üçün mənə təkliflər gəldi. Amma razılıq vermədim. Osmanlı layihəsinə görə bir milyon dollarlıq işdən imtina etməli oldum. Bu seriala çox inadım. “Yaprak dökümü” serialından sonra hər işə razılıq vermək istəmədim. Baxmayaraq ki, bu serialı dünyanın 50 ölkəsində 200 milyondan artıq tamaşaçı izləyir. Azərbaycanda da böyük maraqla qarşılandığından xəbərdaram. Vaxtım olanda bu serialı fərqli dillərdə izləmək xoşuma gəlir. Həyat yoldaşım azərbaycanlı olsa da, hələ azərbaycanca danışmağı tam öyrənə bilməmişəm. Amma mənə xoş olan bir çox sözləri bilirəm. İnşallah, Bakıya gələndə orada azərbaycanca danışa bilərəm. “Bir Zamanlar Osmanlı Kıyam” serialına gəlincə, bu layihənin hazırlığı il yarım çəkdi. Serial efirə çıxanda tamaşaçıların fikirlərini görəndə şoka düşdüm. Və sevindim ki, nə yaxşı, bu seriala çəkilməkdə düzgün addım atdım. Amma il yarım pul qazanmadım, gözlədim, səbr etdim. Ailə qurdum. Seriala görə 6 ay atçılıq, 4 ay qladiator dərsləri keçdim.

- Serialdaki rolunuz barədə məlumat verərdiniz...

- Burada Qasım obrazını canlandırıram. Bizim müraciət etdiyimiz dövr Osmanlının indiyədək az müzakirə olunan qaranlıq dönəmidir. Əslində mənfi qəhrəman rolunu oynayıram. Məhz bu rol üçün ciddi imic dəyişikliyi etdim. “Yaprak dökümü”ndəki Oğuz və buradakı Qasım tipajları çox fərqlidir.

- Filmdə sizinlə yanaşı bir çox məşhurlar da yer alıb. Tərəf müqabiliniz Türk filminin əfsanəsi Türkan Şoraydır. Onunla bir serialda çəkilmək necə hissdir?

- Öncə böyük məsuliyyətdir. Türkan Şoray çox dəyərli və qarşısındakına qiymət verməyi bacaran bir insandır. Kamera qarşısında necə olduğunu bütün tamaşaçılar bilir. Kamera arxasında isə ekrandakından daha mülayim və gözəl auralı insandır. Xeyirxah və insansevərdir. Bu serialda sultan rolunu oynayır. Həqiqətən də sultanlığa layiq bir xanımdır. Aktyor kimi özümü şanslı saya bilərəm. Çünki bu günədək Türkiyə qaymaqları ilə çalışmışam. Karyeramın bu nöqtəsində Türkan Şorayla tərəf müqabili olmaq ayrı bir şərəfdir.

- Sözügedən serial artıq bir neçə ölkələrə satılıb. Filmə bu maraq nədən qaynaqlanır?

- Bu, türk tarixinə olan maraqdandır. Layihənin Yunanıstana satıldığını eşidəndə inana bilmədim. Bununla yanaşı Bosniya Herseqovina, Balkan və Orta Asiya, o cümlədən ərəb ölkələrində bu seriala maraq güclüdür. Düşünürəm ki, 10 il ərzində Türkiyə Orta Asiya və Balkanların Hollivudu olacaq. Azərbaycanda “Yaprak dökümü”nü izləyirlər. Ancaq müsahibəm vasitəsilə onlara məsləhət görürəm ki, “Bir zamanlar Osmanlı Kıyamı”nı da izləsinlər. Hər həftənin bazar ertəsi TRT1-də Osmanlı tarixini anladan bir ekran əsəri ilə tamaşaçıların önünə çıxırıq. Serial Avropanın ən böyük çəkiliş meydançasında aparılır. Çəkilişlər məxsusi olaraq bu serial üçün hazırlanan və 12 milyon dollar dəyəri olan pavilyonda aparılır.

- Bir az da şəxsi həyatınızdan danışaq. Azərbaycanlı model Günay Musayeva ilə ailə həyatı qurduqdan sonra bu evliliyin qısa müddətli olacağını deyirdilər.

- Elədir. Həm də deyirdilər ki, reklam üçün evləniblər. Bir ay sonra boşanacaqlar. Nə qədər səhvim olsa da heç vaxt belə eqonun dalınca qaçan bir olmadığım üçün deyilənləri ciddiyə almadım. Günayla “Best model of the world” müsabiqəsində tanış olduq. Günay, fikirlərimi bir gecədə dəyişən, məni öz mədəniyyəti, davranışı ilə aşiq etdirən biri oldu. O, özünə güvənən və mədəni bir xanımdır. Hər zaman xəyal etdiyim xanımla ailə qurduğum üçün çox xoşbəxtəm. Hərdən mənə elə gəlir ki, biz uzun illərdir ki, evliyik. Elə bil, Günay hər zaman mənim yanımda olub. Bəlkə də, bu, xəyalımda onun kimi qadın axtarmağımdan irəli gəlir. Evliliyimə heç də peşman deyiləm. Ata olmağıma 3 həftə qalıb. Bir az da vaxt keçsin bəlkə ikinci uşaq barəsində də düşünərik.

- Doğuma 3 həftə qaldığını söylədiniz. Tolqa ata olmağa hazırdırmı?

- Bu müddət ərzində bir şeyi başa düşdüm. Analıq doğuşdan, atalıq sonradan yaranan hissdir. Atalıq məsuliyyətini hiss etməyə başlamışam. Əlimdən gələn qədər Günaya yardım etməyə çalışıram. Qadın üçün hamiləlik dönəmi çətindir. Düşünün ki, bətnində bir canlı daşıyır. Uşağın sağlam olması inkişafını yüksək səviyyədə keçməsi üçün gündə 10 dərman içir. Əsəblərini qoruması və stressdən uzaq durması üçün əlimdən gələni edirəm. Vəziyyəti ilə əlaqədar aqressivdir. Şükür, hamiləlik dönəmini birlikdə rahat keçə bildik. Günaya yaxşı ər olmağa çalışıram . Ev alış-verişini belə özüm edirəm. Heç nəyə əlinin ucu ilə belə toxunmasına icazə vermirəm. Mənim üçün önəmli olan onun dünyaya sağlam övlad gətirməsidir. Novruz bayramı ərəfəsində Günay Azərbaycana ailəsinin yanına getmişdi. Gələndə ona sürpriz olsun deyə uşağın yataq otağını və lazım olan bütün paltarlarını, hətta pampersinə qədər alım. Ümumiyyətlə, xanımım sürprizləri çox sevir. Mən də vaxtaşırı ona zinət əşyaları, sevdiyi şeyləri alıram. Onu xoşbəxt etməyi sevirəm.

- Hamiləlik dövründə Günay sizə nə kimi çətinlik yaşatdı?

- Dekabr ayında qarpız istədi, tapıb aldım. Gürcü xəngəlini çox sevir. Bu vaxt ərzində gürcü xəngəlini çox yedi. Onu İstanbulda asan tapmaq olmur. Günay bu ərəfələr daha da həssaslaşıb. Hər şeyə ağladığı vaxtlar da oldu. O, bir az sərt qadındır, amma məncə, hamiləlik onu dəyişdi. İlk dəfə belə bir həyat yoluna çıxdıq. Bərabər böyüyüb, uşaqlarımızı da birlikdə böyüdəcəyik. Mənim üçün ən xoşbəxt an həyat yoldaşıma sarılıb yatdığım vaxtdır. Allah nəzərdən saxlasın, inşallah, bərabər yaşlanarıq. Bu arada oğlumuza ad da seçmişik. İstəyirik adı Cihangir Can Karel olsun. Can adını Günay özü seçdi.

- Sonda Azərbaycandakı sevənlərinizə sözünüz...

- Mən xalqlarımız arasında ayrı-seçkilik salıb onu bölmək istəməzdim. Biz soy-kök olaraq eyniyik. Mədəniyyətimiz və insanpərvərliyimiz çox oxşardır. Ən yaxın zamanda Azərbaycana gələcəyəm. Doğrudur, ölkənizə gəlməsəm də Günayın vasitəsi ilə tarixinizdən, mədəniyyətinizdən, mətbəxinizdən yetərincə məlumatlıyam. İnşallah, yaxın zamanda Bakıda görüşərik.