Günlərin birində

gunlerin-birinde
Oxunma sayı: 673


Az sonra “Bacın oldu!” xəbəri gəldi.

Var-gəl edə-edə o ad ağlıma gəldi.

Mənim adımı babam qoymuşdu – atamın novxanılı dostu Hikmətə görə.

Ülviyyənin adı ağdamlı bibimiz qızı Hicranın istəyi olmuşdu. Ağdamda doğulmuşdu Ülviyyə.

Zibanın adını babam yoldaşının – nənəmizin adını yaşatmaq üçün vermişdi.

Nazimin də adını babam qoymuşdu. Nazim Hikmətin şərəfinə.

İndi evimizə beşinci uşaq gəlmişdi.

Bəlkə mən sevimli bibimiz Kamilənin adına uyğun olsun deyə elə dedim, bəlkə həmin dövrdə – 1973-cü ilin payızında o adda məşhur mahnı, rəqs, müğənni vardı?

Bir onu xatırlayıram ki, var-gəl edə-edə “Kəmalə” dedim.

Hələ səkkiz yaşı tamam olmamış uşağın sözünü nə evdə, nə nəsildə çevirən oldu – adını mən qoydum...

***

Anamız səni evin böyük uşağına etibar eləyirdi. Mən də səni bağrıma basıb evi dolaşırdım, üzümü üzünə dayayırdım.

***

Aylar ötdü, sən bələkdən çıxdın; il dolandı, ayaq tutub yeridin; sonra yavaş-yavaş boy atdın, amma mən səni bağrıma basmağı heç tərgitmədim.

Sənin də mənə “ad qoyduğun” olub. Bir tikə uşaq idin, dilin hər sözü tutmurdu. Bağçadan gələndə məhlə uşaqları qarşını kəsib əzizləyə-əzizləyə “Sən kimin qızısan?” soruşmuşdular. “Babirin qızı” demişdin. Evin sonbeşiyini məhlədə də çox istəyirdilər, atamız Sabirə “Babir” deməyin dillər əzbəri oldu, mənə məhlədə ləqəb qoydular – “Babir”.

Dilin hər sözü tutanda, böyük qız olub məktəbə gedəndə də mənim nəzərimdə bir tikə uşaq qalmışdın, elə hey səni bağrıma basıb dururdum.

***

Onuncu sinifi bitirən vaxtlarımda nə halda olduğumu xatırlayıram. Sənin on yaşın olmamışdı, amma duyurdun özümdə deyiləm. Tez-tez soruşurdun:

- Noolub???

Mən də səni bağrıma basıb bircə kəlmə deyirdim:

- Heç nə olmayıb...

O zaman Fərhad Köçər adında müğənni və “Yasdayam” mahnısı yoxudu.

Hamı elə bilirdi ki, xəstəyəm.

Heç kim bilmirdi ki, yasdayam...

***

Günlərin birində qara günlər başladı. Bir-birindən qara günlər.

Yurdumuz əldən getdi. Öz vətənimizdə qərib olduq.

Həyatımız pozuldu.

Deyirdim “Dur gedək dəniz kənarına, əl-ələ tutub gəzişək”.

“Yox” deyirdin.

Qoymurdun səni bağrıma basam, üzümü üzünə dayayıb duram.

Ele hey “Yox” deyirdin.

***

Günlərin birində, qışın sazağında gəlib cansız bədəninə sarıldım. Üzümü üzünə dayayıb həyətimizdə, qoz ağacının altında, payız yağışında islanmış xəzəlin üstündə var-gəl etdiyim günü xatırladım.

***

Dayanacaqda düşürəm – “Şuşa qəbiristanlığı” dayanacağında.

Ayrılıqlar içində üzülmüş canımı sinə daşına həkk olunmuş nəğməyə yetirirəm:

Bu qışı da saldım yola,
bu qar da əridi, anam.
Qoşulub əriyən qara
ağlasam yeridi, anam.

Ürəyimdən keçir soruşasan:

- Noolub???

Mən də səni bağrıma basıb bircə kəlmə deyəm:

- Heç nə olmayıb...

***

Günlərin birində ayrılıqlar əzabı bitəcək...