Gürcülər nə etmək istəyir?! – I yazı

gurculer-ne-etmek-isteyir-i-yazi
Oxunma sayı: 649

Yeniyetmə yaşında olan bu vələduznaların işi yalnız evləri daşlamaqla bitmir. Onlar, sən demə, evlərdəki əşyaların yerini dəyişdirir, zibil yeşiklərini vurub dağıdır. Çox qəribə orasıdır ki, adamlar heç nə oğurlamırlar, sadəcə şuluqluq salırlar. Kəndçilərimiz onları hətta cin sayırdılar, bəziləri iddia edirdi ki, bu üç gənc evlərin damında manqal qurur, şiferləri daşa tutur, sonra da yoxa çıxırlarmış. Demək, şuluqluq açanlar işləri bitəndən sonra hasarları bir göz qırpımında tullana-tullana qaranlıqda görünməz olurlar. Kəndçilərdən çoxu dedi ki, hətta onları tüfənglə vuran da olub, ancaq nədənsə güllə onlara dəyməyib. Kənd də bu qənaətə gəlib: bunlar cindilər. Axı insana güllə dəyir, qan foşqurur, bunlar isə tüfəng açılan kimi işıldanıb yoxa çıxır. Hələ manqal qalamaq nə olan şeydir, görəsən? Özü də damlarda... Yəqin bu cinlərin keçirdiyi xüsusi günlərdi, onlar dama çıxır və hamını qorxutmağa başlayır. Heç nə oğurlamamaları da təsdiqləyir. Cinin nəyinə lazımdı, nəsə çırpışdırıb aparsın?! Onun görəvi qorxutmaq, insanları barmaqlayıb yerindən-yurdundan etməkdi. “Yerindən-yurdundan etmək” dedik, söz-sözü çəkər. Doğurdan, kəndçilər bunu da dedilər. Onların danışdığına görə, gürcülər özlərinin “tatar” dediklərini u yolla torpaqlarından atmaq istəyirlər. Qocalar bunu təsdiqlədilər: sən demə, əvvəllər də hakim dairədəkilərin fikri bizi əzəli torpaqlarımızdan atmaqmış. Yalançı tarixi faktlar quraşdırıb, Şah Abbasın səhvlərini də bizim xalqa yüklədib azərbaycanlıları buralardan boşaltmaq gürcünün çoxdankı niyyəti imiş. Ancaq bizimkilər hər dəfəsində ayağa qalxıb bunun qarşısını almağı bacarıblar. Sonra fikirləşib başqa yol tapdılar: iş vermədilər, təhqir elədilər, hər dəfə qapını göstərdilər, bizi hər yerdə sıxma-boğmaya saldılar. Biz isə dözdük, dözdük, elə hey dözdük... Düzdü, gedənlər də oldu, iş tapmaq, ailəni saxlamaq, təhqirləri udmamaq üçün... ancaq qalanlar qaldı, hələ arta-arta getdilər. Gürcülər bundan qorxuya düşdülər. “Belə getsə, bura Tatatırstan olacaq” – kəndçilərimiz hər dəfə onların bu cür donquldanmağını eşidirdilər.bəs bizə zülm elə, iş vermə, nə gözləyirdin? Boşluqdan, heç bir şeydən məşğul olmamaqdan getdikcə çoxaldıq. O qədər pis şərait yaratdılar ki, xalqın fikri-zikri evlənmək oldu, kitab-zad yaddan çıxdı. Gördülər ki, burda da, Azərbaycanda da oxuyana qiymət verilmir işləmək üçün ora-bura pələsəng oldular. Sonra məlum oldu ki, orda da pullarını verməyiblər. Çarəni içməkdə tapdılar. İçdilər və gəlib arvadlarını döydülər. Yoxsulluq evlərdəki işığı söndürdü.

Sonunda boynu-bükük yenə gürcünün 5-10 qəpiyinə razı olub, onların əlinin altında çalışanlar oldu, yenə Rusiyaya, Türkiyəyə gedənlər də. Kəndçilərin dediyinə görə, guya bu “cinlər”in kəndə şuğamı da bunun ucbatındandır. Qocalar evlərdə təzə gəlinlərin tək buraxıldığını namusun əldən getməyinə gətirib çıxardır, belə yozurdular ki, həmin bu üç qoçu da Allah tərəfindən bu biabırçılığın qarşısını almaq üçün göndərilib. Ancaq mən bu variantı qəbul eləmirəm: düzdü, qadınlar tək qalır, ancaq onların pis yola qulluq eləməyi düzgün deyil, yanlışdır. Bu, kəndin avara, bekara adamlarının boşluqdan çıxartdıqları sözlərdi. Bizim kənd heç vaxt bu xasiyyətindən əl çəkən deyil: adamları şərləmək, yalanı yalan üstündən demək, ailəyə nifaq salmaq, iydə boyda səbəbdən olan-olmaz şeylər çıxartmaq hələ də qanımızda var. Bir-birimizi paxıllamaq, qabağa gedənə quyu qazmaq... daha nələr-nələr...

Amma bütün bunlara baxmayaraq, nədənsə kəndimizi çox sevirəm. Mənə elə gəlir ki, insan dəyişmək istəsiyi şeyi sevər, ona görə də Muğanlı kəndinə anlaşılmaz bir sevgi var içimdə... Nə isə...

(davamı mütləq olacaq)