Gürcülərin postmodernist diktatoru

gurculerin-postmodernist-diktatoru
Oxunma sayı: 649

Tiflis yuxarıdan daha cəzbediciydi. Xırda, köhnə kirəmitli evlər, up-uzun yollar, Kür çayı, qalalar, şəhərə ayrı bir gözəllik vermişdi. Tiflisə uzaqdan baxanda anladım ki, bu şəhər kənd qızı kimi saf, amma gözəldir, öz həqiqi gözəlliyi var. Bakı isə pudralanmış, özünə şırqa vermiş qıza oxşayır.

O biri tərəfə çatanda, təpənin başında durub Tiflisi seyr elədik, şəkil çəkdirdik. Şəhərin ortasından ilan kimi qıvrılıb keçən Kür çayı mənim daha çox xoşuma gəldi. Bir də bu şəhərin nə qədər kiçik, nə qədər doğma olduğunu hiss elədim. Doğurdan da, bura sanki pisliklərdən arınmış, durulmuş kimi görünürdü. Gürcülər ona görə xoşbəxt idilər. Hərdən bizim heyranlıqla baxdığımızı görüb gülümsünür, içlərində yəqin ki, əvvəllər bizim olan şəhərin indi onlara aid olmağından qürur duyurdular. Ancaq indi mənə bu köhnə söhbətlər yad idi. Yalnızca şəhəri necə deyərlər, gözlərim qapalı seyr etdim və düşündüm ki, nə olur-olsun Tiflisdə yaşayanlar xoşbəxtdilər.

Kafedə danışılan Saakaşvili

Tiflisdə həmin gün yaman istiydi. Bir az sərinlənmək, “xachapuri” yemək üçün yaxınlıqda, körpünün altındakı kafeyə yollandıq. Bizimkilərin tez-tez gəldikləri yer olan kafe nimdaş, köhnə görkəmdəydi. Biz “xaçaburi”, pivə sifariş verdik. Fürsətdən istifadə edib adamları müşahidə etdim. Bilirdim ki, gürcülər danışmağı sevən xalqdı. Hələ-hələ onların arasında azərbaycanlı, “tatar” varsa söhbət uzanıb gedər. Çünki bizimkilər sual verməkdən, gürcülər də dil-dil ötməkdən yaxşı heç nə bilmirlər. İstədiklərimiz gəlib çıxdı. Gürcülər Saakaşvilidən danışırdılar. Bizimkilər də qulaqlarını dörd açıb onları dinləyirdilər. Kök bir gürcü barmağını yanaya-yanaya belə dedi: “Saakaşvili də diktatordu da. Hakimiyyəti əldə saxlamaq üçün hər şey edir”. Bu gürcülər həmişə belədir. İndi demokratik bir adam prezident seçilib bunlar da ona satqın, “postmodernist diktator” deyirlər. Daha demirlər, Saakaşvili yoxdan nəsə yaratmaq üçün çalışıb-çabalayır. Gürcüstanın heç bir təbii ehtiyatı, pulu-parası yoxdu. Heç yerdən də dövlət büdcəsinə gəlir gəlmir. Bir Azərbaycanın, bir Amerikanın əlinə baxır ki, ölkəni inkişafa daşısın. “Mən satqın deyiləm, burda Amerikanın bazalarını yaradıb Gürcüstanı inkişaf etdirmək niyyətindəyəm. Axı, bura bizim vətəndi. Amerikalılar Gürcüstanı da aparıb getməyəcək ki?!” – Kişi danışdıqca yadıma Saakaşvilinin bu sözləri düşdü. Gürcüstana gələndə bəziləri Saakaşvilini tərifləyir, bəziləri isə pisləyirdilər. Ancaq ikincilər həmişə elə bunu deyirdilər: “O da hakimiyyətdə qalmaq istəyir”. Başa düşə bilmirdim ki, bəs necə olmalıdır ki? Ölkədə rüşvət sistemini məhv eləyib dağıtdı, oğru rejimini aradan götürdü, islahatlar apardı... İndi biz Gürcüstana həsədlə baxırıq. Ancaq gəlin gürcülərə soruşun, necəsiz, deyəcəklər sizin ölkə daha yaxşıdır. Azərbaycanı çox bəyənirlər, bizim inkişaf etdiyimizi, kef-damaq içində yaşadığımızı düşünürlər. Çünki onlara görə Saakaşvili yalnız özünü düşünən adamdı, çünki o satqındı. Qarşı masadakı kişi biz durub gedənə qədər elə hey Saakaşvilini yıxdı-sürüdü. Amma sizi təəccübləndirəcək bir şey də deyim: aralarında polis də vardı və həmin rəsmi geyimli bu adama bilmədim zarafatlamı, yoxsa doğurdanmı dedi ki, gedək narazlığını Saakaşviliyə bildir. Bunu eşidəndə dayandıq. Mənə həmin situasiya maraqlı gəldi. Düşündüm ki, bəlkə dubinkanın altına salmaq istəyirlər. Ancaq polis mehribanlıqla bunu deyirdi. Doğurdan da, kənddə bizə demişdilər ki, Saakaşvili sadə xalqla da tez-tez danışır, onların nədə çətinlik çəkdiklərini öyrənir. Mən kafedən yavaş addımlarla çıxanda bir həqiqəti anladım: gürcülər bəlkə də bu qədər sürətlə demokratik təfəkkürün içlərinə girdiklərinə görə Saakaşvilini bəyənmirdilər... Yəni, hər şey yavaş-yavaş getsə indi onlar da bu demokratiyanın nə olduğunu anlayacaqdılar. Ola bilsin, onlar da özlərinə görə haqlıdırlar. Ancaq əgər bir yer demokratiyaya susayıbsa bu mütləq tez bir zamanda baş verməlidir. Yoxsa uzun-uzun gözləməklə olmur. Saakaşvili də bunu anladı və əlindən gələni edərək sürətlə ölkəni demokratikləşdirdi. Arxamdan kiminsə səsini eşidib düşüncələrdən aralandım: “Saakaşvili yaxşi, yaxşi”. Qarşımızda bir gürcü dayanmışdı. Ola bilər bayaq mənim qardaşıma Saakaşvili deməyimi eşitmişdi. Gürcülər artıq bizlə öz dilimizdə danışmaq istəyirdilər. Ayrı vaxt belə olardımı heç... İndi qarşımdakı mehriban gürcüyə baxıb mən də gülümsündüm, əlimlə “əla” işarəsi göstərib zarafatla belə dedim:

“Saakaşvili pisdi, pis!” O da yəqin elə zənn etdi ki, bu yaxşı bir sözdür, təkrarladı: “pis, pis”. Biz çıxıb gedəndə hələ də onun “pis Saakaşvili” deməyini eşidirdim...