Gürzələr Bayılda “at oynadır” - Video

gurzeler-bayilda-at-oynadir-video
Oxunma sayı: 2180

Həmin ərazidə yaşayan Elməddin Muradlı Qafqazinfoya bildirib ki, sürüşmə zonasından 150-dən çox ev köçürüləndən sonra bu yer xarabalığı xatırladır və vəziyyət artıq dözülməz həddə çatıb: «Neçə ildir ki, yerdə qalan 150-dən artıq evin köçürülməsi təxirə salınıb. O biri evlər söküləndən sonra ərazidə tülkü-çaqqal peydə olub, sahibsiz it sürüləri evlərimizin həyətində gəzir. Axşam düşən kimi qapı-pəncərəni bağlayıb evlərə giririk ki, həyət-bacada uşaqlara bir ziyan dəyməsin. İt, tülkü-çaqqal bir yana, yay aylarında iri siçanlar evlərimizə dolur. İlanların əlindən tərpənə bilmirik. İki gün öncə həyətlərin birində ən zəhərli ilan növlərindən biri sayılan yatağan gürzə öldürülüb. Hər yay həyətlərdə onlarla ilan öldürürük. Hələ indiyi kimi sanitar stansiyadan gəlib maraqlanan yoxdur, dərman səpib bu təhlükənin qarşısını alsınlar. Yəqin gözəyirlər ki, bir bədbəxt hadisə baş versin, sonra gəlsinlər».

E. Muradlı bildirib ki, sakinlər digər məsələlərdən də şikayətlənir. Onun bildirdiyinə görə, Səbail rayon İcra Hakimiyyəti ərazidə yolların abadlaşdırılmasına, köçürülən evlərin yerinin təmizlənməsinə maraq göstərmir. Bunun nəticəsidir ki, yollar bərbad günə düşüb və köçürülən evlər də ilanların və digər heyvanların yuvasına çevrilib: «Maraqlıdır ki, Səbail rayon İcra Hakimiyyəti cəmi 50 ev olan, əksər evlər köçürülən Azər Nəsirov küçəsinə yeni asfalt yol çəkir, amma hazırda yaşayış olan və 300-dən çox evin olduğu Cənub dərə küçəsinə yol, kanalizasiya çəkilmir. Yollar bərbad gündədir, kanalizasiya və həyətlərdən axan sular küçələri bərbad günə salıb, yollar çala-çökəkdir. İcra Hakimiyyətində işləyən səlahiyyətli şəxslərdən birinin Azər Nəsirov küçəsində qohumu yaşayır, ona görə həmin küçəyə asfalt çəkirlər. Amma Cənub dərə küçəsinə baxan yoxdur. Ərazi sürüşmə zonasıdırsa, nə üçün Mənzil İstismar Sahəsi, İcra Hakimiyyəti və digər qurumlar kanalizasiya və həyətlərdən axan suların küçə və yolları yumasına göz yumur? Axı bus ular sürüşməni daha da sürətləndirir».

E. Muradlı yay aylarında bu ərazidə su probleminində yaşandığını vurğulayıb: «Bizə həftədə iki dəfə su verirlər. Onun da hərdən gecikdirirlər. Amma Badamdar qəsəbəsində, teleqüllənin ətrafındakı villalarda su daim var. Bizim suyumuzu kəsib villalara verirlər. Biz isə yayda zülm çəkirik».

NOKIA000.flv