Güya biz Allaha təzim edirik?!

guya-biz-allaha-tezim-edirik
Oxunma sayı: 635

Bu yaxınlarda dahi sovet yazıçısı Andrey Platonovun bir hekayəsini oxudum. Hekayədən bir hissəni tərcümə etdim. Bilirəm, bir qələtdir – etdim. Ancaq elədiyim qələt – tərcümənin keyfiyyəti ilə bağlıdır. Ağlınıza başqa şey gəlməsin. Sadəcə, Platonovu tərcümə etmək çətindir. Bunu orijinaldan oxuyanlar bilirlər. Mənim artıq söz deməyimə gərək yoxdur. Uzun sözün qısası, bacardığım səviyyədə tərcümə etdim. Yazdığım mövzuya birbaşa aidiyyatı var. Ən sevdiyim yazıçının ən sevdiyim hekayəsindən bir hissəni burda verirəm. Hekayənin adını tapmağı oxucuların ixtiyarına buraxıram. Bunu bir növ, sınaq kimi də qəbul edə bilərsiniz.

xxx

İkonanın yanında dərisi qurumuş qarı oturmuşdu. Boyu uşaq boyu qədər idi. O, tutqun gözləri ilə mənə baxırdı. Ürpəşmə ilə soyumuş dərdləri onun üzünü və əllərini qırış-qırış etmişdi. Baxışında həyatın ağır sınaqlarından çıxmış iti ağıl sezilirdi.

Mən ondan soruşdum:

Nənə, niyə dua edirsiniz? Axı allah ümumiyyətlə yoxdur. Heç gözləsəniz də olmayacaq.

Qarı razılaşdı:

- Hə, elə yəqin ki yoxdur, - düz deyirsiniz!

- Bəs onda siz nəyə xaç çəkirsiniz? – mən ondan soruşdum.

- Hə, elə boş yerə xaç vururuq! Doğrusu mən hamı üçün dua etmişəm - ərim, uşaqlarım. Və heç kim qalmadı – hamısı öldü. Elə, əzizim, mən də adətnən yaşayıram. İradəmnən yox ki! Ürəyim ki özü döyünür. Məndən soruşmur. Əlim ki özü xaç çevirir. Məndən soruşmur: allah – bizim bəlamızdır... Gör necə zərərlər var – həm şumlayırdıq, həm səpirdik, ancaq axırı heç nə...

Mən kədərlə susdum.

- Yaxşısı budur, heç kimə dua etməyin, nənə. Təbiət nə söz eşidir, nə də dua. O, ancaq ağıldan və işdən qorxur.

- Ağıl! – deyə, təkrar etdi qarı. Əşşi, mən o qədər yaşadım ki, mənim şüurum artıq sümüklərimə kimidir – yalnız bu qədər! Körpücük isə çoxdan bütün işlərə və əzablara buraxılıb – elə məndə də öləcək. Artıq az qalıb. Hər şey astaca ölgünləşdi. Sən mənə necə varamsa, elə də bax!

Qarı başındakı örpəyi acizanə sürətdə çıxartdı. Və mən onun sümükləri yerindən oynayan dazlaşmış kəlləsini gördüm. Dağılmağa hazır sümükləri, dünyanı əməkdə və bədbəxtliklərdə anlayan qənaətlə yığılmış dözümlü ağlını yerin qayıtmaz külünə bəxş edəcək vəziyyətdə idi.

- Qış gələcək, mən elə qonşuma təzim edəcəm. Varlının qoynunda ağlayacam, - dedi qarı: hər şey ola bilər. Yaya kimi buğda gözləyəcəm. Yayda isə ölümümə xərcləyəcəm... Güya biz təkcə allahamı təzim edirik?! Biz küləkdən də qorxuruq. Yerin buz bağlamasından da qorxuruq. Leysandan da qorxuruq. Quraqlıqdan da qorxuruq. Qonşudan da qorxuruq. Yolçudan da qorxuruq, - və hamıya təzim edirik! Məgər biz sevə bildiyimizə görəmi dua edirik?! Bizim sevməyə nəyimiz var ki?!