“Hacıbala Abutalıbov kimi özünü idarə edə bilməyən birisi...” – Müsahibə

hacibala-abutalibov-kimi-ozunu-idare-ede-bilmeyen-birisi-musahibe
Oxunma sayı: 651

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Qafqazinfo”ya müsahibəsi:

- Hafiz bəy, mayın 19-da mitinq keçirmək üçün BŞİH-nə etdiyiniz müraciətə cavab verilib?

- Biz elə bu dəqiqələrdə də BŞİH-i ilə əlaqə saxlamağa çalışırıq. Orada Zaur Ramazanov adlı bir şəxs var, biz onunla əlaqə saxlaya bilmirik, iş telefonuna cavab vermirlər. Bu da bizim işimizi pozmaq deməkdir. Biz mitinqlə bağlı fəallarımıza, rayon təşkilatlarına məlumat verməliyik. Amma təəssüf ki, Hacıbala Abutalıbovun, onun işçilərinin özbaşınalığı bu gün bizim işimizi pozur. On gün öncə məktub göndərilsə də bu günə qədər cavab verilməyiblər. Baxın Azərbaycandakı qanunsuzluq, Hacıbala Abutalıbovun Azərbaycan dövlətinə vurduğu zərbə budur.

- Cavab veriləmsə nə etmək qərarı almısınız?

- Bu gündə vaxtımız var, hələ ümidimizi üzməmişik. Sabah partiyanın Mitinq Komitəsi iclası keçirəcək və orada bu məsələ müzakirə olunacaq. Bu yaxınlarda mən bəzi səfirlərlə görüşlər keçirmişəm, müəyyən dairələrlə əlaqələr saxlamışam ki, bizə söz azadlığı ilə bağlı şərait yaratsınlar. Hakimiyyətin etdiyi yanlışdır. Belə həssas dövrdə hakimiyyət buna getməmlidir, mövcud olan kövrək sakitliyi pozmamalıdır, ölkənin imicinə zərbə vurmamalıdır. Hacıbala Abutalıbov kimi özünü idarə edə bilməyən birisi Bakı meriyasını idarə edə bilməz. Biz daha bir gün gözləyəcəyik və son qərarımızı sabah bildirəcəyik.

- Razılaşdırlmamış mitinq, etiraz aksiyası keçirilə bilər?

- Bu yöndə partiya üzvlərimizlə məsləhətləşmələr aparmışıq, biz buna da hazır olmalıyıq. Azərbaycan Konstitusiyasında göstərilməyib ki, biz mitinq keçirəndə kimlərdənsə icazə almalıyıq. Orada yazılıb ki, biz icra hakimiyyətlərinə müraciət etməliyik. Əgər bu gün Azərbaycanda qanunlara riayət edilmirsə, hakimiyyətin daxilində olan mühafizəkar qüvvələr Azərbaycanı biabır etmək istəyirsə, biz buna gedərik. Yenə deyirəm biz icazəsiz mitinqin keçirilməsi üçün partiyanın ali orqanlarında, rayon təşkilatlarında, mitinq komitəsində müzakirələr aparmalıyıq. Amma bizə icazə verilsə beş min tərəfdaşımızla göstərilən yerdə böyük mitinq keçirəcəyik.

- Keçirəcəyiniz mitinqdə beş min insanın iştirak edəcəyinə inanırsınız?

- Bəli, əgər biz partiya olaraq mitinqə beş min iştirakçı çıxara bilmiriksə, o zaman Azərbaycanın siyasi səhnəsindən getməliyik. Bizə istədiyimiz yeri versinlər və ya 20-ci sahədən başqa hansısa yeri versinlər ki, biz gücümüzü göstərək. O zaman hakimiyyət də, özünü ana, dədə müxalifət adlandıran partiyalar də gücümüzü görər. Mənim gücümə inanmasaydım müraciət etməzdim. Biz özümüzə hörmət edən insanlarıq. Bəlkə də mitinqdə beş mindən çox insan iştirak edəcək. Narazı kütlə, bizim fikirlərimizi eşitmək istəyənlər də mitinqə qoşula bilər. Kim şübhə edirsə, yer versinlər gücümüzü görsünlər.

- Hakimiyyət müxalifətin “Eurovision” ərəfəsində mitinq keçirməsini qınayır. Bildirilər ki, müxalifət bu müsabiqəni fürsət bilib qarışıqlıq yaratmaq istəyir. Sizin bu fikirlərə münasibətiniz necədir?

- Bu absurd fikirdir. Azərbaycanın müstəqilliyi uğrunda qırılan, “20 yanvar”da tankların qarşısına çıxan insanlar biz olmuşuq. Biz Azərbaycanı satqın məmurlardan daha çox sevirik. Özlərini canıyanan kimi göstərən o şəxslərin bizim mitinqlərimizi qarşıdurma, qarışıqlıq yaratmaq kimi qiymətləndirmələri yanlışdır. Bu mitinqləri “Eurovision” ərəfəsində keçirməkdə məqsədimiz dünyaya Azərbaycanı demokratik ölkə kimi göstərməkdir. Çox təəssüf ki, bu gün öz kölgəsindən qorxan məmurlar var. Bu gün onların milyardlarla ölçülən villalarının fotoşəkilləri saytlarda, dünya mətbuatında göstərildi. Bu insanlardan çox Azərbaycan millətinə xəyanət edən yoxdur. Mən bu şəxsiyyətini itirmiş simasız insanların adlarını çəkmək istəmirəm. Binəqədidə, 7-ci mikrorayon ərazisində beş min insan toplaşıb öz sözünü desə nə ol bilər?! Bu yolla dünyada Azərbaycan haqda daha yaxşı fikir formalaşmazmı?! Hakimiyyətdə olan mühafizəkar qruplaşma dövlət başçısına xəyanət edir. Ölkə başçısının siyasi kursuna, demokratik imicinə zərbə vuran məmurların adları o meydanda beş min tərəfdaşımıza deyiləcək deyə onlar qorxurlar. Düşünürsünüz ki, o şəxslərin “Eurovisiona” canı yanır? Qətiyyən yanmır. Yansaydı bu gün prezidentin verdiyi tapşırıqları yerinə yetirərdilər, əsas prospektlərlə yanaşı bütün yollar qaydasında olardı, kanalizasiya suyundan yaranmış gölməçələr iylənməzdi, vaxtında istifadəyə verilməli olan obyektlər bu halda olmazdı. Əgər onlar dövlət başçısını istəyirdilərsə, “Eurovision”nun yüksək səviyyədə keçməyini istəyirdilərsə, bu cür əxlaqsız, vicdansız hərəkətlər edərdilər?! Bu işlər şəxsən prezidentə qarşı olan xəyanətdir. Mən də prezidenti sevən insan kimi ürəyim partlayır ki, necə olur mən prezidentə kömək edə bilmirəm. Biz mitinqlə bunu demək istəyirik. Yoxsa onların dediyi kimi “Eurovision” ərəfəsində keçirilən mitinqlər xəyanət deyil. Niyə demirlər ki, bu gün Bakı şəhəri dağılır? Bu günlərdə Hacıbala Abutalıbovun verdiyi müsahibə Heydər Əliyevə qarşı yönəldilmiş təxribatçı fikirlərdən ibarət idi. Onlar vaxtı ilə Heydər Əliyevə xəyanət etmişdilər, indi də onun oğlu İlham Əliyevə xəyanət edirlər. Mən İlham Əliyevi bir qardaş kimi müdafiə edirəm, edəcəyəm də. Müxalifət istəyir ki, Azərbaycanda qanunların aliliyi təmin edilsin, söz azadlığı bərpa olunsun. Biz Hacıbala Abutalıbovun yığdığı pulları, o mühafizəkar şəxslərin oğullarına, başqa millətdən olan nəvələrinə xərclədiyi pulları istəmirik. Biz pul istəmirik, dünya görmüş insanlarıq. Mən iki dəfə prezidentliyə namizəd olmuşam. Partiyamızın üzvləri deyir ki, siz prezidentə olan xəyanəti görə-görə niyə susursunuz? Mən də məcburam qabağa düşəm. Nə olacaqsa, olacaq. Biz ayın 19-da çalışacağıq ki, razılaşdırılmış mitinq keçirək. Bilirsiniz ki, İctimai Palata da həmin gün mitinq keçirmək istəyir. Biz məcbur olacağıq ki, onlarla geniş müzakirələr aparaq və birgə hansısa addım ataq.

- İctimai Palatanın mitinqində iştirak etmə istəyirsiniz?

- Xeyr, biz onları mitinqində iştirak etmək istəmirik. Sadəcə onlar da bizimlə eyni gündə şəhərin başqa sahəsində mitinq keçirmək istəmirlər. Hər halda bu məsələ tək məndən asılı deyil. Bu məsələ Mitinq Komitəsində müzakirə olunacaq. Mən istəməzdim ki, Hacıbala Abutalıbov, hakimiyyətdə olan yaşlı, mühafizəkar qüvvələr bizi zorla digər qruplarla birləşdirsin.

Sədan