Hacıbala Abutalıbovun “öküzü”nə də hücum etmək lazımdır

hacibala-abutalibovun-okuzune-de-hucum-etmek-lazimdir
Oxunma sayı: 833

Bir başqası da, «Cəvahir sənə eşşək gözlüm desək, adamın gözünü çıxararsan» dedi. Hamı razılaşdı ki, eşşəyin gözü həqiqətən də, başqa heyvanların gözü ilə müqayisədə çox gözəl və mənalıdır. Hətta eşşəyin ağlayan gözlərini də vəsf eləyənlər tapıldı. Fəqət kimsə, xalqımız arasında eşşəyin imicinin niyə belə düşük olduğu ilə bağlı suala konkret cavab verə bilmədi.

İllər sonra “Azadlıq” radiosunun əməkdaşı tərəfindən hazırlanan və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən bir süjetə tamaşa elədim. Şamaxı şəhərinin girəcəyində eşşək arabasında ot daşıyan kəndlinin heykəlinin uçurulduğu barədə məlumat verilirdi. Şamaxı əhlindən bu heykəl barədə soruşanda, hamı bir nəfər kimi dedi ki, bu heykəli kim uçurubsa, əcəb eləyib. Bu heykəl Şamaxı camaatı üçün təhqir idi. Elə həmin süjetin sonunda heykəlin salamat vaxtlardakı görüntüsü də nümayiş etdirilir. Süjetə bir neçə dəfə təkrarən baxdım. Heykəldə qeyri-adi, əcaib nə isə hiss eləmədim. Heykəlin hansı məqsədlə qoyulması ilə də işim yoxdur. İnanmıram ki, icra hakimiyyətinin bu heykəli qoymaqda məqsədi yerli əhalini təhqir eləmək olub. Düzdür, şamaxılı jurnalist dostum iddia edir ki, icra başçısı bununla camaata “siz eşşəksiz” demək istəyib. Belə yanaşsaq, gərək onda Zığ şossesində, Hövsanın girəcəyində vaxtilə Suraxanının icra hakimi olarkən Hacıbala müəllim Abutalıbovun qoydurduğu öküz heykəlinə da elliklə hücum etmək lazımdır. Onda belə çıxır ki, hörmətli icra başçısı Zığ və Hövsan camaatına “siz öküzsüz” demək istəyib...

Hələ sovet dövründə şöhrətli insanlarla bərabər heyvanlara da heykəllərin qoyulduğunu görmüşdük. Məsələn, Qaxın İlisu kəndinin girəcəyindəki qoyun heykəli indiyədək qalmaqdadır. Sovet dövründə bu kəndin əhalisi əsasən qoyunçuluqla məşğul olurdu. Odur ki, dövlət camaatın “çörək təknəsi”nə hörmət əlaməti olaraq qoyunu heykəltəraşlıq nümunəsinə çevirmişdi. İlisululara “siz qoyunsuz”mu deyilmək istənilmişdi?!
Ümumiyyətlə, ilkin heykəltəraşlıq nümunələrinin yaranmasından bu günümüzə qədər nələrinsə simvolları sayılan heyvanlara yer kürəsində yüz minlərlə heykəl qoyublar. Heyvan təsvirləri, onları ehtiva edən heykəltəraşlıq nümunələri qədim sivilizasiyasının başlıca atributları sırasında olub. Bir sıra etnoslarda heyvanlar totemlər olaraq qəbul edilib və onların simvolları insanların hücrələrinin daimi sakininə çevrilib. Dünyaca məşhur olan insanların iş otaqlarında, evlərində heyvan simvollarına rast gəlmək mümkündür. Söhbət eşşəyə gəlincə, dünya demokratiyasının beşiyi olan ABŞ-ın Demokrat Partiyasının rəmzi eşşəkdir. Demokratlar eşşəyi maneələrin inadkarcasına dəf edilməsinin simvolu saymış və onu öz partiyalarının siması hesab eləmişdilər. Artıq əsrlərdir ki, ABŞ demokratiyasının rəmzinə çevrilmiş eşşək, dünyaya ağalıq edən bir dövlətin vətəndaşları arasında əsla qıcıq yaratmır.

Eşşəyin tamamilə təhlükəsiz bir varlıq olduğuna inanıram. Eşşək nəinki bioloji mövcudluğu ilə insanlığa maneədir, əksinə, onun heç bir ictimai təhlükəliliyi də yoxdur. Elə heykəllərin prototipləri var ki, onların ideolojisi, baxışları bütün bəşəriyyət üçün ziyanlıdır. Lakin o heykəlləri kimsə qadağan eləmir…məsələn, Hitler, Stalin, Pol Pot kimi tarixi cəlladların büstlərini bəzi muzeylərdə bu günün özündə belə qoruyur, insanlara təqdim edirlər.

Bəlkə kimsə iddia eləyə bilər ki, amerikanların eşşəyə münasibəti azərbaycanlıların münasibətindən xeyli dərəcədə fərqlənir. Doğrudan da heyvan elə həmin heyvandır, sadəcə, insanların heyvana yanaşması başqadır. Amerikalılar eşşəyi maneələri inadkarcasına dəf edərək azadlığa çıxma yolunda bir fədakar olaraq qəbul edirlər.
Əslində Azərbaycanda da eşşək fədakardır. Amma onun insanın yaxın dostu, köməkçisi olması, insanın işini qolaylaşdırması, az yeyib çox işləməsi heç bir azərbaycanlıda bu heyvana qarşı məhəbbət oyatmayıb. Eşşək bütün təhqirlərə, ağır işlərə sinə gərsə də, öz hüquqları uğrunda bir an da olsa, mübarizə aparmır. Boyundan artıq olan yükü yerə tullayıb, insanı pis vəziyyətdə qoymur. Mən azərbaycanlılarla bağlı irəli düşünərək demək istəmirəm ki, məhz eşşəyin itaətkarlığı və öz hüquqlarını tanımaması azərbaycanlıları narahat edir, bu səbəbdən də özünə hörmət qoymayan eşşək, sahibinin də hörməti ilə mükafatlandırılmır. İnanıram ki, bu qətiyyən belə deyil. Guya hansı eşşək sahibi olan azərbaycanlı öz hüququnu tanıyır ki? Öz azadlığı, mülkiyyətinin toxunulmazlığı, maddi və mənəvi haqlarına hörmətlə yanaşılması uğrunda hansı azərbaycanlını davamlı mücahid saymaq olar? Bəlkə Şamaxının icra hakimi yerli camaatın torpağını zəbt eləyib evini də uçursaydı, elliklə o qədər də narahat olmayacaqdılar. Amma icra hakimiyyətinin eşşəyə, bu zülmkeş, fədakar işçiyə qoyduğu heykəl qıcıq yaradıb. Belə qürur nümayişi bəndənizə heç vaxt çatmayıb. Bizdə azərbaycanlının evini dağıtsalar, torpağını, var-dövlətini əlindən alsalar, bütün insana aid haqlarını tapdalasalar, seçib-seçilmək hüquqlarını məhdudlaşdırsalar, bir o qədər də narahat olmayacaq. Amma ona eşşək desələr, o saat az qalacaq ki, dünyanı dağıtsın. Mən insan kimi hüquqlarıma hörmət qoyulması, azadlıqlarımın əlimdən alınmaması, mənə münasibətdə ədalətin əskilməməsi üçün istənilən heyvanın adını daşımağa məmnuniyyətlə razı olardım.

Kütlə heç vaxt əzilənin tərəfində olmur, həmişə əzənin tərəfində olur. Kütləni minib sürən zalımlar həmişə onun hörməti, nəvazişi, sevgisi ilə mükafatlandırılıblar. Amma kütləyə yardım edən, onun qolundan tutub qaldırmağa çalışan, kütlə üçün özünü fəda edən isə hər zaman kütlənin lənətləri, basqıları ilə üzləşib. Bu baxımdan, Şamaxıdakı eşşək olayına kütlənin məlum reaksiyası başa düşüləndir. Mənə qalsa, qlobal problemlərlə, bəşəri ideyalarla uğraşmayan, sadəcə bir tikə çörək üçün torpaqla əlləşən kəndli üçün atdan, eşşəkdən qiymətli heç nə yoxdur. Qədimdə (elə indilərdə də) hindu qəbilələri onlara uğur gətirdiyini düşündükləri heyvanların sümüklərini komalarının ən gözəgəlimli yerində saxlayır, ona sitayiş edirdilər. Demirəm ki, bizdə də camaat eşşəyə sitayiş eləsin. Heç olmasa, heyvana layiq olduğu qiyməti verməyi bacarsın. Axı doğrudan da, eşşəyə malik heç bir kəndli onun köməyindən imtina eləmir...

Tomris