Hadı Rəcəbli: “Onlar kolxozu müdafiə ediblər”

hadi-recebli-onlar-kolxozu-mudafie-edibler
Oxunma sayı: 879

“Əmək pensiyaları haqqında qanuna edilən dəyişiklər nəticəsində həmin insanların pensiyası yaxşılaşacaq. Nəzərə alsaq ki, müəllim və həkimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək, onda hər şey aydındır. Bildiyiniz kimi dövlət qulluqçularının pensiya təminatı yüksəkdir”. “Qafqazinfo”nun məlumatına görə bunu YAP-ın saytına müsahibəsində Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli 65 yaşdan sonra təqaüdə göndəriləcək dövlət qulluqçularının sosial təminatı ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. O bildirib ki, yaşlı insanların təqaüdə göndərilməsini faciə kimi qəbul etmək lazım deyil: “İndi bəziləri ağrıyla deyirlər ki, məsələn, filan qocaman professorlar olmasa nə edərik. Amma hansı ki, həmin professorların çoxu ateizmdən, sosializm iqtisadiyyatından, kolxoz və sovxozlardan müdafiə ediblər. Yəni, belələrinin təqaüdə getməsi elm və təhsilə problem yaratmayacaq. Amma əgər müasir texnologiyalardan, siyasi elmlərdən, İKT-dən müdafiə edənlər, bu sahələrin mütəxəssisləri yaş məsələsinə görə təqaüdə gedirlərsə, onda hansısa problem yarana bilər. Çünki bu gün bu sahələrin alimlərinə daha böyük ehtiyac var. Hesab edirəm ki, müasir gənclik bu boşluğu dolduracaq”.

H. Rəcəbli 65 yaşdan sonra işləyənlərin təqaüdə göndərilməsi ilə bağlı arqumentlərini də səsləndirib: “Birinci arqumentimiz nədir? İnsan 65 yaşına qədər işləyir, çalışır və müəyyən vaxtdan sonra öz qayğısına qalmalı, istirahətini təmin etməlidir. Digər tərəfdən, bu gün sosial araşdırmalar, sosial tədqiqatlar göstərir ki, 65 yaşdan yuxarı işləyən insanların 97 faizi özü üçün deyil, yenə də övladları üçün çalışır. Bu insan 65 yaşa qədər övladı üçün çalışır, sonra isə nəvəsi üçün işləyir və s. Axı, insan özü üçün də yaşamalıdır. Digər tərəfdən, bu adamlar qayğı ilə əhatə olunmalıdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, 65 yaşına çatanlar pensiyaya çıxmalıdırlar.
Bu yeniliyə etiraz edənlərin arqumentlərindən biri odur ki, institutlarda müəllim çatışmazlığı olacaq. Mən müəyyən mənada bu fikirlə razıyam. Amma bunun müsbət tərəfləri də çoxdur. Müəllim çatışmazlığı yarananda həmin təhsil müəssisəsinin rəhbəri yeni işçilər axtaracaq. Onda müəllimlərin də maaşları artırılacaq ki, başqa təşkilatlarda işləyənlər buraya gəlsin. Eləcə də, gənclərin elmə marağı artacaq, onlar həvəslə elmi yaradıcılıqla məşğul olacaqlar. Nəzərə alsaq ki, pensiyaya çıxanların yerinə elə həmin insanların övladları, nəvələri, qohumları da gələcək, onda burada ciddi problemin olmadığı özünü təsdiqləyəcək.

Yəni bu addımın atılması zəruridir, gənclər üçün yol açılmalıdır. Bu gün həqiqətdir ki, 82 yaşında müəllimin sağlamlığında problemlər var, yeriməkdə çətinlik çəkir, eşitməkdə çətinlik çəkirlər. Əlbəttə, onların müəyyən xidmətləri var və bunu heç kim inkar etmir. Amma 80 yaşında onlar tələbələrə nə öyrədə bilərlər? Hər şeyin əvvəli və sonu var. İnsanlar işləməli və vaxtı çatanda istirahətə getməlidir”.